Tarix: 13-04-2022 | Saat: 11:18
Bölmə:Cəmiyyət | çapa göndər
“Heydər Əliyev siyasəti: tolerantlıq”
Hər bir xalqın tarixində azadlıq, bərabərlik, demokratiya zaman-zaman ən vacib dəyərlərdən hesab edilmişdir. Bu gün də çağdaş dünyamızda tolerantlıq, pluralism, azadlıq, sərbəst yaşamaq aktuallığını itirməyən məsələlərdən hesab edilir. İnsanlığın yüksək inkişaf etdiyi, elmi-texniki tərəqqinin yüksəlişinin ən son həddə çatdığı XXI əsrdə insan haqlarının pozulması, irqçiliyin artması, dini dözümsüzlük hallarının getdikcə dərinləşməsi müşahidə edilməktədir. Çox təəssüf doğuran haldır ki, dünyanın müxtəlif ərazilərində, yaşamın mövcud olduğu ölkələrin çoxunda insanların dini etiqadına müxtəlif yanaşma mövcuddur. Yaradılışım yeganə şüurlu varlığı olan insan hələ də güc nümayiş etdirir, zəif olanı əzir, müxtəlif etnik qrupların dini dəyərlərinə qarşı hörmətsizlik edir, aşağılamaq, alçaltmaq, hətta məhv etmək kimi addımlar atmaqdan çəkinmir. Getdikcə qloballaşan dünyamızda azsaylı xalqların dini etiqadına münasibət, hətta ən yüksək inkişaf etmiş ölkələrin təcrübəsində belə ürəkaçan deyil.
Sevindirici haldır ki, bu məsələlərlə bağlı ölkəmizdəki durum çox ürəkaçandır. Vətənimiz olan Azərbaycan Respublikası azsaylı xalqların dini dəyərlərinə, milli adət-ənənələrinə münasibətdə bütün dünya ölkələrinə yaxşı mənada nümunədir. Azərbaycan xalqının əsrlər boyu həm ölkəmizdə yaşayan azsaylı xalqların nümayəndələri, həm də qonşu ölkələrin xalqları ilə sülh şəraitində yaşamaq istəyi real tarixdir. Digər xalqların milli dəyərlərinə, dilinə, dini etiqadına hörmət əsrlərin qaynağından gələn ənənədir. Bu hər bir Azərbaycanlıya məlumdur. Amma bunu artıq bütün dünya xalqları da qəbul edir. Bu dəyərlərin kökü uzaq keçmişə gedib çıxır. Bu cür yaşam artıq Azərbaycan xalqının milli ideologiyası kimi də dəyərləndirilir. Xalqımız tolerant xalqdır.
Tolerantlığın dövlət siyasətimizin əsas tərkib hissəsi olması isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır desək yanılmarıq. Heydər Əliyev həm bir siyasi lider, siyasət dahisi, həm də ən yüksək keyfiyyətlərə malik insan kimi dünya tarixində də silinməz iz qoydu. İnsana, bütün varlığa qayğı, qarşılıqlı hörmət, başlıcası isə Azərbaycanda yaşayan digər dinlərin nümayəndələrinin etiqadına dəyər onun həyat konsepsiyası idi. Hələ Sovetlər İttifaqının rəhbər orqanlarında çalışdığı illərdə birgə çalşıdığı müxtəlif xalqlardan olan dövlət xadimləri onun haqqında çox yüksək fikirlər səsləndirirdilər. 1993-cü ildə Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıtmasından sonra ölkəmiz çox ağır böhran keçirirdi. O, çox yaxşı başa düşürdü ki, Azərbaycanın gələcək inkişafı həm də demokratik təsisatların bərpasından keçir. Müstəqiil dövlətimizin inkişafı, dövlətçiliyimizin qorunması üçün əməli fəaliyyətə keçən Ümummili Lider xalqımızın gələcəyi üçün vacib olan qabaqcıl fikir, qabaqcıl düşüncə tərzinin tətbiqini gerçəkləşdirdi.
O, ilk növbədə, dünyaya Azərbaycan xalqının azadlıqsevər olduğunu, dini, irqi ayrıseçkiliyə yol vermədiyini, bütün xalqların adət-ənənələrinə hörmətlə yanaşdığını çatdırdı. Dövlətimizin iqtisadi və hərbi qüdrətinin artırılması, insanların sosial vəziyyətinin yaxşılaşdırılması, mədəniyyətimizin, incəsənətimizin inkişafı kimi vacib bildiyi istiqamətlər sırasında ölkəmizdə yaşayan bütün xalqların azad, birgə yaşayışının təmin olunmasına da xüsusi önəm verirdi. O, dünyanın bütün aparıcı beynəlxalq təşkilatlarının yüksək tribunalarından Azərbaycanda insan haqlarının qorunduğunu, dini tolerantlığın dövlət siyasətimizin ən mühim tərkib hissəsi olduğunu bütün ölkələrin xalqlarına çatdırırdı. O, müstəqil Azərbaycanın Prezidenti olduğu 10 il ərzində müxtəlif ölkələrin rəhbərləri ilə 450-dən çox görüş keçirmişdi. Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Bill Klinton Heydər Əliyevlə görüşündə bildirmişdir: “Cənab Prezident, siz bizə çox lazımsınız. Qafqazda və Mərkəzi Asiya regionunda sülhün və sabitliyin bərqərar olunmasında sizin xidmətinizi yüksək qiymətləndiririk.” Müasirlərindən olan Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəlin, Fransa Prezidenti Jak Şirakın, Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyerin və digərlərinin Heydər Əliyev haqqında söylədikləri yüksək fikirlər, onun fəaliyyətinə verdikləri dəyər azadlıqsevər, humanist liderin insanlıq naminə gördüyü işlərin məntiqi nəticəsi idi.
Ən ali qanunumuz olan Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanaraq Azərbaycan ərazisində yaşayan azsaylı xalqların dini etiqadına dərin hörmətlə yanaşan Ümummili Lider tez-tez insanlar arasında olur, onların istək və arularını dinləyirdi. O, xristian dininə etiqad edən insanların ibadəti üçün kilsələrin, yəhudi millətinə mənsub olanların etiqadı üçün sinaqoqların tikilməsi, təmiri və qorunub saxlanmasına xüsusi diqqətlə yanaşırdı. Heydər Əliyevin dini tolerantlığı əməldə, işdə, real həyatda, gündəlik fəaliyyətində idi. Onun humanizmi sərhəd tanımırdı. Mərhum Prezidentimizin tolerantlığı, onun insanlığa xidməti, azadlıqsevərliyi sayəsində bu gün vətənimizdə yaşayan bütün azsaylı xalqların nümayəndələri Azərbaycanı öz evi bilir. Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində bütün xalqlar Azərbaycanı sevir və onu göz bəbəyi kimi qorumağa hər zaman hazırdır. Azərbaycanda yaşayan 100-dən artıq etnosun nümayəndələrinin heç biri bu gün hər hansı məhdudiyyətlə üzləşmir. Hər bir etnik azlığa məxsus vətəndaşın Konstitusiya ilə qorunan hüquqları var. Əsası Ümummili Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş ayrı-ayrı millətlərin və dini konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində fəaliyyət proqramının prinsipləri bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. İlham Əliyev cənabları bütün sahələrdə olduğu kimi, tolerantlıq və multikulturalizm sahəsində də Heydər Əliyev siyasətinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirir.
Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən 44 günlük vətən müharibəsinin gedişində xarici ölkələrin mətbuat nümayəndələri ilə görüşündə İlham Əliyev xalqımızın tolerant xalq olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Müharibədən sonrakı görüşlərində O, erməni vandalları tərəfindən qədim və əzəli torpaqlarımızda törədilən vəhşilikləri dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Tamamilə məhv edilmiş Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Kəlbəcərdə və s. tarixi abidələrimizin, mədəniyyət nümunələrinin, məscidlərin yerlə yeksan edilməsini insanlığa sığmayan cinayət kimi dəyərləndirən İlham Əliyev Bakının mərkəzində qorunan erməni kilsəsindən də danışdı.
Çağdaş dövrdə Azərbaycan, doğrudan da, sivilizasiyanın ən mədəni, insan haqlarının qorunduğu, humanist cəmiyyətin tam formalaşdığı etibarlı məkandır. Tarixə Nizami Gənəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətayi kimi ədibləri, Bəhmənyar, Nəsirəddin Tusi kimi elm adamlarını, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə kimi mütəfəkkirləri bəxş etmiş məkandır vətənim. Yaşasın ulu türk yurdu, oğuz eli Azərbaycanım!
Kortala kənd dini icmasının sədri və imamı: Ziyadov Həbib Qarakişi oğlu
Tel: 0(24) 29-2-77-23
Mobil: 0(50) 363-38-59
0(70) 363-38-59
Elektron poçt : [email protected]
Digər xəbərlər