Saytımızı qiymətləndirin


 
 

Azərbaycan millisinin baş məşqçisi: "Türkiyədə özümüzü əcnəbi kimi hiss etmirik"
Tarix: 13-01-2021 | Saat: 13:56
Bölmə:Karusel / İdman | çapa göndər

 

Azərbaycan millisinin baş məşqçisi: "Türkiyədə özümüzü əcnəbi kimi hiss etmirik"

“Güclü komanda olan Türkiyə yığması ilə birgə təlim-məşq toplanışı keçirik. Bundan çox məmnunuq. Türkiyə millisinin çox yaxşı güləşçiləri var. Onlarla çalışdığımız zaman çatışmazlıqlarımızı və səhvlərimizi görürük”.

arabaqinfo.az-in məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov İstanbulun Sarıyer bölgəsində yerləşən Mersinli Ahmet adına təlim-məşq mərkəzində davam edən toplanış barədə danışarkən deyib.

Vaxtilə Türkiyədə çalışmış rusiyalı mütəxəssis “Anadolu” agentliyinə açıqlamasında qardaş ölkədə özlərini əcnəbi kimi hiss etmədiklərini söyləyib: “Türkiyə ilə Azərbaycan dost və qardaş ölkələrdir. İki qardaş dövlətin yığmaları birlikdə məşq keçir. Burada özümüzü əcnəbi kimi hiss etmirik. Türkiyə ilə Azərbaycanı bir-birindən ayırmaq olmaz. Onlar da bizə yad gözlə baxmırlar. Daim birlikdəyik, bir-birimizdən ayrı deyilik. Əl-ələ verib uğurlu nəticələrə çalışacağıq”.

Tarakanov təlim-məşq toplanışı üçün yaxşı şəraitə malik olduqlarını bildirib: “Federasiyamıza minnətdarlığımızı bildirirəm. Bizim üçün yaxşı şərait yaradırlar. Qardaş ölkədə çalışmağımıza dəstək verdilər. Bundan sonrakı Avropa və dünya çempionatlarından əvvəl də Türkiyə yığması ilə birlikdə çalışmaq istəyirik. Eyni zamanda, bizə yaradılan köməkliyə görə Türkiyə Güləş Federasiyasına da təşəkkür edirəm”.

Baş məşqçi koronavirus pandemiyası səbəbindən 2021-ci ilə keçirilən Tokio Yay Olimpiya Oyunları ilə bağlı hədəflərindən də söz açıb. O, məqsədlərinin ən azı bir qızıl medal olduğunu vurğulayıb: “Olimpiadada yunan-Roma güləşində 6 çəki dərəcəsi üzrə yarış olacaq. Oyunlara qatılan idmançıların hamısı medal qazanmaq istəyir. Biz bütün çəki dərəcələrində təmsil olunmaq niyyətindəyik. Təbii ki, bir yığmanın 6 çəki dərəcəsinin hamısında güləşçisinin olması çox çətindir. Amma təsadüfən ola bilər. Qarşıdakı turnirlərə qatılaraq idmançılarımızın vəziyyətlərinə baxacağıq. Bütün çəkilərdə olmaq əla olardı, amma bizim üçün önəmli olan bir qızıl medal qazanmaqdır. Həmin qızıl üçün də çox çalışacağıq”.

Qeyd edək ki, Türkiyə yığmasıyla birgə təşkil olunan hazırlıq prosesi yanvarın 16-dək davam edəcək. Millimiz toplanışı başa vurduqdan sonra Fransanın Nitsa şəhərinə yollanaraq ilin ilk beynəlxalq turniri olan Henri Deqlan "Qran-Pri"sində iştirak edəcək.




24 dəfə oxunub.

Digər xəbərlər