Saytımızı qiymətləndirin


 
 

“Bir jurnalist gəlmişdi, anamı qorxutdu ki...” - Amin Musayevlə maraqlı  MÜSAHİBƏ
Tarix: 06-01-2021 | Saat: 20:39
Bölmə:Karusel / Müsahibə / Qarabağ | çapa göndər

“Bir jurnalist gəlmişdi, anamı qorxutdu ki...” - Amin Musayevlə maraqlı MÜSAHİBƏ

 

Qarabaginfo.az erməni əsirliyindən azad olunan Azərbaycan Ordusunun hərbçisi Amin Musayevin Teleqraf.com-a müsahibəsini təqdim edir:

 

- Amin, əvvəlcə əsir düşməyindən danış. Hadisələr necə cərəyan etdi?

- Noyabrın 8-də son döyüşüm oldu. Həmin gün yaralandım. 5-10 dəqiqə sonra huşumu itirdim. Ayılanda axşam idi. Döyüş yoldaşlarım şəhid olduğumu düşünüb getmişdilər. 2-3 gün orada yaralı vəziyyətdə qaldım. Əsir düşdüyüm gün həddindən artıq şiddətli ağrılarım vardı. Əsir götürən erməniləri görmüşdüm, onlar da məni gördülər. Silahla onlara atəş açmaq istədim. Amma havanın nəmişliyindəndi, ya nədəndi bilmirəm, atəş açılmadı.

Arxamdan 2 nəfər tutub məni sürüdü. Ayağımın yara olduğunu göstərsəm də, təpədən aşağı sürüməyə başladılar. Mənə təhqir edirdilər, cavab verəndə yenə təhqir edirdilər. Bu dəfə cavab verəndə silahın qundağı ilə alnımdan vurdular. Orada soruşdular ki, sən azərbaycanlısan? Rəngim qara olduğu üçün başqa millətdən olduğumu düşünürdülər. Onlara adımın Amil olduğunu demişdim ki, haqqımda məlumatı dəqiq bilməsinlər.

Təcili yardım maşınına mindirəndə də mənə çox əziyyət verdilər. Noyabrın 14-də ayılanda gördüm ki, xəstəxanadayam. Mənə işgəncə və əziyyətlər verirdilər.

- Hansı ərazidə əsir düşdünüz?

- Xankəndi istiqamətində gedən döyüşlərdə...

- Sənə hansı işgəncələr verirdilər?

- 33 gün əsirlikdə qaldım. İşgəncələr haqqında danışdıqca həm özüm pis oluram, həm də istəmirəm kimsə bu danışığıma qulaq asıb, pis olsun. Çox ağır günlər yaşadım.

- Azərbaycanlılar haqqında nə deyirdilər? Siz onların dilini başa düşə bilirdiniz?

- Xeyr. Rus dilində çox az bilirəm. Onlar xəstəxanada videomu çəkməklə də özlərini dünyaya humanist biri kimi tanıtmağa çalışırdılar. Özlərini guya əsirlərə qarşı düzgün davranan millət kimi göstərmək istəyirdilər. Lakin onu da bacara bilmədilər.

- Sizi harada saxlayırdılar?

- İrəvanda xəstəxana kimi bir mühitdə saxlayırdılar.

- Həkimlərin sizə münasibəti necə idi?

- Təkcə həkimlərin davranışları yaxşı idi. Yalan danışa bilmirəm. Həkimlərdən başqa heç kim normal davranmırdı.

- Qida nə verirdilər?

- Düyü, yağ. Qarışıq yeməklər. Elə xörəklər gətirirdilər ki, yemək mümkün deyildi.

- Beynəlxalq Qırmızı Xaç komitəsi sizinlə maraqlanırdı?

- Bir neçə dəfə nümayəndələri gəldi. Mən onlardan 2 dəfə Azərbaycana qayıtmağım barəsində soruşdum. Cavabında dəqiq məlumat olmadığını dedilər.

Bu qısa müddətdə məni Azərbaycana qaytardığı üçün Prezident İlham Əliyevə təşəkkür edirəm. Onun sayəsində bu gün evimdəyəm.

- Hazırda müalicəniz davam edirmi?

- Ermənistanda ayağımı əməliyyat etmişdilər, amma əməliyyat yanlış aparılmışdı. Yenidən burada əməliyyat olundum. Dırnağımdan saçıma qədər müayinə edildim. Qan köçürüldü, bütün müalicələr aparıldı. Hazırda bircə ayağımın bükülməsində problem var. Yaxın zamanda fizioterapiyaya başlayacam.

- Dünən ananızın prezidentə müraciət videosu yayılmışdı. Cəmiyyətdə birmənalı qarşılanmadı...

- Bir jurnalist gəlmişdi, anamı qorxutdu ki, ayağımdan su kimi maye axır. Anama dedi ki, bu ayaq kəsiləcək, üzərinə düşün, yeriyə bilməyəcək. Anamın da sağlamlığında narahatlığı var, üstəlik uzun zamandır stress keçirib. O da bununla bağlı müsahibə verdi. Jurnalist reportajında yalan məlumat verdi ki, evdə hamam yoxdur, baxımsızlıqdır. Bunların hamısı yalandır.

Səhiyyə işçilərimiz mənə gündəlik baş çəkirlər. Mütəmadi şəkildə yoxlanışlar edib, ayaq sarğımı dəyişirlər. Jurnalist yalandan demişdi ki, onu Zaur Kamalın proqramından göndəriblər.

- Hazırda başqa probleminiz var?

- Xeyr. Müalicə davam edir. Sağ olsun 2 klinika fizioterapiya xərclərimi qarşılayacağını bildirib. Dövlətimiz bu gün hər dəstəyi göstərir. Əsas odur ki, vətənimdəyəm. Qarabağımız azaddır. Bu da Ali Baş Komandanın sayəsindədir. Sıravi vətəndaşından orduya qədər hər kəs prezidentin ətrafında dəmir yumruq kimi birləşməlidi.



Xəbəri paylaş

338 dəfə oxunub.

Digər xəbərlər