Tarix: 23-08-2026 | Saat: 21:58
Bölmə:Karusel / Siyasət | çapa göndər
Azərbaycan və Özbəkistan münasibətləri çox möhkəm təməl üzərində qurulub.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev lə mətbuta birgə bəyanatında bildirib.
“Bu gün haqqında danışdığımız layihələrin hər birinin öz dəyəri var. Onların hamısı birlikdə, Şavkat Mirziyoyevin qeyd etdiyi kimi, münasibətlərimizə görünməmiş xarakter verir. Biz praktiki olaraq energetikadan, nəqliyyatdan, investisiya layihələrindən, turizmdən, dağ-mədən sənayesində əməkdaşlıqdan, avtomobil sənayesindən, kənd təsərrüfatından tutmuş emal sahəsinə qədər bütün istiqamətləri əhatə etmişik. Hətta bu gün ikitərəfli formatda rəsmi tədbirlərin sonunda yeni layihələrin təməlini qoyarkən və ya yeni layihələri açarkən onların sadəcə sadalanması əməkdaşlığımızın nə qədər çoxşaxəli olduğunu görmək üçün kifayətdir. Mən bank sektorunda əməkdaşlığı da qeyd etməyi unutdum. Azərbaycanın aparıcı bankının Özbəkistan bazarına daxil olması, SOCAR-ın Özbəkistanın pərakəndə ticarət bazarına çıxması, neft-qaz ehtiyatlarının kəşfiyyatı ilə bağlı layihələrdə isə artıq, prinsip etibarilə, yekun mərhələyə yaxınlaşmışıq. Ümid edirik ki, gələn il kəşfiyyat qazması və aparılan kəşfiyyat işləri yaxşı nəticələr verəcək və bundan sonra istismar quyularının qazılmasına başlayacağıq.
Yəni bu gün biz artıq perspektivdən danışırıq. Fakt ondan ibarətdir ki, ikitərəfli münasibətlərimiz bu gün həm mənəvi, həm də maddi baxımdan çox möhkəm təməl üzərində qurulub.
Bu sintez dünya siyasətində o qədər də tez-tez rast gəlinən hal deyil, amma bizim münasibətlərimizdə bu mövcuddur. Hər iki ölkənin hökumətlərinin inkişaf, insanlar üçün daha yaxşı həyat şəraitinin yaradılması və səylərin birləşdirilməsi istiqamətindəki istəkləri bizim uğur qazanmağımızın ən mühüm amilidir”, - deyə dövlət başçısı qeyd edib.
Digər xəbərlər

















