Saytımızı qiymətləndirin


 
 

Qarabağda nə baş verir? —  Politoloqdan Şərh
Tarix: 21-02-2021 | Saat: 20:28
Bölmə:Karusel / Qarabağ | çapa göndər

 

Rusiya Qarabağda separatçı hərəkatın ildönümünün qeyd olunmasına şərait yaradır.

Niyə?

Çünki Rusiya göstərməlidir ki, problem hələ davam edir, sülhməramlılar da elə o səbəbdən burdadır. Əgər Azərbaycanın problem hesab etdiyi bütün məsələlər həllini tapacaqsa, Azərbaycanın suverenliyi bütün Qarabağ ərazisində bərqərar olacaqsa, bu, o deməkdir ki, sülhməramlı əməliyyatı zəruri edən səbəblər aradan qalxır və bu missiya başa çatmalıdır.

Digər tərəfdən, unutmayaq ki, Rusiya (eləcə də Qərbdə bir çox çevrələr) erməni separatizmini legitim sayır. Putin Qarabağ mövzusunda sonuncu bir neçə çıxışında hadisələrin Sumqayıtdakı erməni qırğınları ilə başladığını, Qarabağdakı ermənilərin özlərini (öz ləyaqətlərini) qorumaq üçün silaha sarıldıqlarını vurğulayıb.
Yəni bu xəmir hələ (qeyri-müəyyən müddət) su aparacaq. Rusiya gah bizdən yana görünəcək və bizim tələblərimizə həssaslıqla yanaşacaq (məsələn, ermənilərin Qərbdən gələn dostlarının Qarabağa buraxılmaması), bəzən də ermənilərdən yana görünəcək və onların istəklərinə uyğun davranacaq.
Bölgədə kommunikasiyaların (Azərbaycan-Ermənistan, Rusiya-Azərbaycan-Ermənistan, İran-Azərbaycan-Ermənistan, Bakı-Ermənistan-Naxçıvan-Türkiyə) Rusiyanın nəzarəti və moderasiyası altında açılması da Moskvanın geosiyasi maraqlarına uyğundur və onun uzunmüddətli planlarından xəbər verir. Bu məsələdə illüziyalara qapılmaq lazım deyil. 
Rusiya (eləcə də İran) indiki halda Türkiyənin Azərbaycan və türk dünyası ilə coğrafi birləşməsinə, şərti Turan tellurokratiyasına niyə şərait yaratsın? Bu, yalnız o vaxt mümkün ola bilər ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olsun; Türkiyə də öz növbəsində avroatlantik məkandan qopub, öz gələcəyini Rusiya və İranla birlikdə Avrasiya proyektində görsün. Yəni 9 ballıq geosiyasi zəlzələ...
Amma proseslər göstərir ki, Putin Rusiyası bu ehtimalı heç də imkansız saymır və həmin tektonik hərəkətlənmələri tətikləyəcək siyasət yeridir. (İstisna deyil ki, Türkiyədən də ümidverici mesajlar alıblar.)
Ümumiyyətlə, rus dövlət ağlı bu mərhələdə çox çevik hərəkət etdi və strateji oyun quruculuğu bacarıqlarını nümayiş etdirdi. Müharibədən əvvəl bölgədəki vəziyyəti təsəvvür edin - Rusiya Qafqazı itirirdi:
Moskva Gürcüstanı çoxdan itirib və Cənubi Osetiya istiqamətindən çəpərləri arada qabağa sürüşdürmək heç nəyi dəyişmir;
Ermənistanda, xüsusən gənc nəsil ermənilər arasında nüfuzu ciddi eroziyaya məruz qalan Rusiya 2018-ci il may inqilabı ilə İrəvan taxt-tacını da itirdi;
Azərbaycan ictimai rəyində Moskva hələ 20 yanvar 1990-cı ildə "ölmüşdü", Azərbaycan hakimiyyəti üzərində isə hər nə qədər təsir gücünə malik olsa da, bu təsirini institutlaşdıra bilməmişdi.
Bizim qələbəmiz, ermənilərin sarsıdıcı məğlubiyyəti və iflası ilə bitən müharibənin yekununda Rusiya öz ordusunu bura yeridib, Azərbaycan üzərində institusional təsir-təzyiq aləti yaratmış oldu. Ermənistanı isə daha sıx özünə bağladı. (İctimai rəylər Moskvanı çox da narahat etmir.) 
Rus dövlət ağlı aqressiv əhval-ruhiyyədəki Bayden hökumətinin qurulması ərəfəsində çox sürətlə hərəkətə keçərək öz cənub-qərb sərhədlərində - həyati maraq zonası saydığı Qafqazda Qərb ekspansiyasına qarşı bir müdafiə səddi yarada bildi. 
Biz də bu səddin içindəyik. (Putin ötən günlərdə baş redaktorlarla guya qapalı görüşündə 2020-ci ildə postsovet məkanında Rusiyanın mövqelərini gücləndirməyə nail olmasını özünün ən böyük nailiyyətləri sırasında qeyd edib.)
İndi ən önəmli sual bu yeni reallığın nə qədər uzunmüddətli olacağıdır. 

Şahin Cəfərli
Politoloq


Xəbəri paylaş

2417 dəfə oxunub.

Digər xəbərlər