Saytımızı qiymətləndirin


 
 

"Azərbaycan Prezidenti Ermənistanı və havadarlarını fakt qarşısında qoyub"
Tarix: 05-02-2022 | Saat: 17:42
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan Prezidenti Ermənistanı və havadarlarını fakt qarşısında qoyub

"Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Prezident İlham Əliyev, Prezident Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Baş nazir Nikol Paşinyanın iştirakı ilə videoformatda görüş və ardınca Avropa İttifaqının bəyanatı siyasi proseslərin Azərbaycanın maraqlarına uyğun cərəyan etdiyini açıq formada göstərir".

Qarabaginfo.az bildirir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, bəyanatda ümumiyyətlə Qarabağ ifadəsi yoxdur və tərəf kimi yalnız Azərbaycan və Ermənistan dövlətlərinin adı çəkilir: "Hətta müharibədən sonrakı dövr ərzində yeni reallığı qəbul etmək istəməyən bir sıra mərkəzlərdən, eləcə də, Fransanın özündən bu bəyanatın ruhuna tamamilə zidd mövqe sərgiləndiyinin şahidi olurduq. Lakin, bu gün Fransa Prezidenti tam fərqli reallıqdan bəhs edən belə bir bəyanata imza atır. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, münaqişə artıq başa çatıb. Amma təəssüf ki, münaqişənin başa çatması reallığı heç də hamını qane etmirdi və zaman-zaman əks mövqelər xüsusən də, qoca qitədən kifayət qədər intensiv olaraq gündəmə gətirilirdi. Lakin, dünənki bəyanat onu göstərir ki, "Qarabağ" mövzusu tamamilə gündəlikdən çıxıb. Avropa İttifaqının "Dağlıq Qarabağ münaqişəsi" terminindən imtina etməsi ilə Prezident İlham Əliyevin müharibə sonrası bəyan etdiyi tezisə qayıdılmış olundu. Bu da bölgədə davamlı sülh perspektivinə dəstək deməkdir".

Deputat bildirib ki, bəyanatda maraq cəlb edən əsas vacib məqamlardan biri də faktiki olaraq Minsk qrupunun fəaliyyətinə istinadın olunmamasıdır: "Əlbəttə, Azərbaycan qrupun bundan sonrakı mövcudluğuna etiraz etmir, sadəcə, qrup varlığını qorumaq niyyətindədirsə profilini dəyişməlidir. Çünki, qeyd etiyimiz kimi, artıq Minsk qrupu tərəfindən həll ediləcək münaqişə yoxdur, 44 günlük savaşda Azərbaycan münaqişəni hərbi-siyasi yolla həll edib. Maraqlıdır ki, Minsk qrupunu davamlı olaraq "diriltmək" istəyən rəsmi Paris də, artıq, reallıqla barışmalı olub və bəyanatda bu aydın hiss edilir. Minsk qrupunun həmsədri olan Fransanın bu görüşdə təşəbbüskarlığına gəlincə, Paris dünənki görüşdə ATƏT-in Misnk qrupunun həmsədri yox, Avropa İttifaqının sədri qismində önə çıxıb".

O deyib ki, Şarl Mişel və Emmanuel Makronun birgə bəyanatının ən mühüm məqamlarından biri də bu sənədin Brüsseldə sülh gündəliyinin davamı qismində bəyan olunmasıdır: "Sirr deyil ki, yalnız Azərbaycan yox, Ermənistan özü də rəsmən bəyan etmişdi ki, Brüssel prosesi Azərbaycan Prezidentinin istisnasız siyasi qələbəsidir. Belə bir məqamda dünən Brüssel prosesinin davamı hesab edilən addımların atılmasının Azərbaycanın maraqlarına uyğunluğu mübahisə mövzusu olmamalıdır. Azərbaycan tərəfinin üstün mövqeyini isə Prezident İlham Əliyevin konkret tələbləri fonunda bir daha müşahidə etdik. Bir tərəfdən qalib dövlət olmağımız, digər tərəfdən tələblərimizin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olması, rəsmi Bakının mövqeyini daha da möhkəmlədirir. Azərbaycan çox aydın şəkildə israr edir ki, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməli, qətlə yetirilmiş soydaşlarımızın dəfn edildiyi kütləvi məzarlıqların yeri dəqiq koordinatlarla bizə verilməlidir. Habelə tələb olunur ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə beynəlxalq dəstək artırılmalı, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizi açılmalıdır. Cənab İlham Əliyevin bu tələblərinin hansında sülh və sabitlik üçün təhdid var? Heç birində. Bu mənada dövlət başçısı Ermənistanı və havadarlarını Avropa İttifaqı səviyyəsində qəbul olunan sənədlə fakt qarşısında qoydu. Çünki bu şərtlərin hər biri əməkdaşlıq və əmin-amanlıq vəd edir, Avropa İttifaqının hazırkı sədri olan Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə reallaşan görüşün gündəliyinin əsasını da məhz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması və qarşılıqlı etimad quruculuğu kimi məsələləri özündə ehtiva edirdi".



Xəbəri paylaş

1268 dəfə oxunub.

Digər xəbərlər