Saytımızı qiymətləndirin


 
 

Aparat rəhbəri: Gender və iqlim dayanıqlılığı məsələləri bir-biri ilə sıx əlaqəlidir
Tarix: 18-05-2026 | Saat: 17:00
Bölmə:Karusel / Siyasət | çapa göndər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva

 

Bu forum dövlətlərin, ekspertlərin və QHT-lərin bir araya gəldiyi mühüm beynəlxalq platformadır.

Qarabaginfo.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “İqlim və mənzil dayanıqlılığı gender perspektivindən” adlı panel müzakirəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayeva deyib.

O qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi hamı üçün çox əlamətdar hadisədir:

“Burada dövlət nümayəndələri, ekspertlər, QHT-lər və müxtəlif sahələr üzrə mütəxəssislər bir araya gələrək urbanizasiya, iqlim dəyişiklikləri və insanların yaşayış mühiti ilə bağlı qlobal problemləri müzakirə edirlər.

Bildiyiniz kimi, dünən başlayan forum çərçivəsində nazirlər səviyyəsində yüksək sessiyalar keçirildi. Eyni zamanda Qadın Assambleyası təşkil olundu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri də həmin tədbirdə çıxış etdi. Müxtəlif ölkələrdən nazirlərin çıxışları oldu və əsas müzakirə mövzularından biri qadınların urbanizasiya prosesində rolu, gender balansının qorunması, qadınlar üçün əlçatan şəraitin yaradılması və onların bu proseslərə cəlb olunması idi.

Ümid edirəm ki, bu gün başlayan dialoq da həmin məsələləri əhatə edəcək. Eyni zamanda iqlim dəyişiklikləri mövzusu da xüsusi əhəmiyyət daşıyır. Dünən də gördük ki, iqlim dəyişiklikləri artıq bütün proseslərin ayrılmaz hissəsidir. Qadınlar bu dəyişikliklərin mənfi təsirlərindən daha çox zərər görə bilirlər, lakin eyni zamanda onların bu problemlərin aradan qaldırılması istiqamətində fəal iştirakına imkan yaradan siyasətlərin qurulması da olduqca vacibdir”.

O vurğulayıb ki, gender və iqlim dayanıqlılığı bir-biri ilə sıx əlaqəlidir:

“İqlim dəyişiklikləri qadınların həyatına mənfi təsir göstərə bilər, lakin düzgün siyasətlər və dayanıqlı şəhər mühiti qadınların daha təhlükəsiz və dayanıqlı şəraitdə yaşamasına imkan yarada bilər.

İkinci məsələ qadınların bu proseslərdə birbaşa iştirakıdır. Qadınlar həm iqlim dəyişikliklərinin təsirlərinin azaldılması, həm də yaşayış, məskunlaşma və urbanizasiya proqramlarında aktiv iştirak etməlidirlər.

Üçüncü məsələ qadınlardan asılı olmayan, lakin siyasətlərdən asılı olan amillərlə bağlıdır. Burada dövlət siyasəti mühüm rol oynayır və həmin siyasətlər qadınlar üçün imkanlar yaratmalıdır”.

Ceyran Rəhmətullayeva deyib ki, dördüncü istiqamət isə bu siyasətlərin hazırlanmasında qadınların iştirakının təmin edilməsidir:

“Azərbaycan son illərdə beynəlxalq platformalarda bu istiqamətdə fəal təşəbbüslərlə çıxış edir. Həm Qoşulmama Hərəkatı çərçivəsində, həm Türk Dövlətləri Təşkilatı səviyyəsində, həm də digər beynəlxalq platformalarda qadın forumlarının, qadın platformalarının və qadın təşkilatlarının yaradılması təşəbbüsləri irəli sürülüb.

Bu təşəbbüslərdə iqlim dəyişiklikləri və qadınların icma səviyyəsində fəal iştirakı məsələləri xüsusi yer tutur və Azərbaycan bundan sonra da bu mövzuları beynəlxalq platformalarda təşviq etməyə davam edəcək”.



Xəbəri paylaş

39 dəfə oxunub.

Digər xəbərlər