Saytımızı qiymətləndirin


 
 

Mirziyoyev WUF15-in 2030-cu ildə Özbəkistanda keçirilməsini təklif edib
Tarix: 18-05-2026 | Saat: 15:28
Bölmə:Karusel / Siyasət | çapa göndər

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev

 

Ağıllı və Təhlükəsiz Şəhərlər Alyansının yaradılması təklif olunub.

Qarabaginfo.az xəbər verir ki, bu təkliflə Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyasının (WUF13) Liderlər sessiyasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyev çıxış edib.

“XXI əsrin ortalarınadək dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Eyni zamanda urbanizasiya bir sıra sosial problemləri daha da dərinləşdirir. Bu gün dünyada təxminən 3 milyard insanın normal yaşayış şəraiti yoxdur. Onlardan 1 milyarddan çoxu qeyri-rəsmi yaşayış məntəqələrində və gecəqondularda yaşayır, 300 milyondan çox insan isə ümumiyyətlə sığınacaqsızdır. İqlim dəyişikliyi, qeyri-sabit beynəlxalq vəziyyət və iqtisadi böhran yeni qlobal miqrasiya dalğaları yaradır, bu isə əhalinin ölkələr və şəhərlər arasında yenidən bölüşdürülməsinə gətirib çıxarır. Sadə dillə desək, urbanizasiya qlobal sabitlik və təhlükəsizliyə birbaşa təsir göstərən mühüm amilə çevrilir. Bütün bunlar bizdən qətiyyətli və təxirəsalınmaz addımlar atmağı tələb edir”, - Özbəkistan Prezidenti qeyd edib.

Şavkat Mirziyoyev dayanıqlı şəhər inkişafı məsələsinin Özbəkistan üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb və təkliflərini açıqlayıb: “Birincisi, bütün regionlarda əhali üçün bərabər yaşayış şəraitinin yaradılması kiçik və orta şəhərlərin harmonik inkişafını tələb edir. Bu baxımdan tərəfdaş ölkələri balanslaşdırılmış urbanizasiya və şəhər inkişafı prinsipini geniş tətbiq etməyə çağırıram. İkincisi, şəhər idarəçiliyində süni intellekt və rəqəmsal transformasiyanın yaratdığı imkanlardan bütün ölkələrin bərabər şəkildə faydalanması vacibdir. Bu məqsədlə texnologiyalar, standartlar və təcrübələrin sistemli mübadiləsini təmin etmək üçün beynəlxalq Ağıllı və Təhlükəsiz Şəhərlər Alyansının yaradılmasını təklif edirəm. Üçüncüsü, gənclərin və əhalinin həssas qruplarının keyfiyyətli və əlçatan mənzillərlə təmin olunması xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə gələn il Səmərqənd şəhərində mənzil tikintisinin maliyyələşdirilməsi və investisiya qoyuluşuna dair yeni yanaşmaların müzakirəsi üçün beynəlxalq forum keçirməyə hazırıq. Dördüncüsü, qlobal iqlim dəyişiklikləri fonunda yaşıl şəhərlərin yaradılması üçün ortaq prinsiplərin və standartların qəbul edilməsinə ehtiyac getdikcə artır. Təbiətlə harmoniyada inkişaf edən şəhərlərin təşviqi məqsədilə “UN-Habitat Yaşıl Şəhər Beynəlxalq Mükafatı”nın təsis edilməsini təklif edirəm. Beşincisi, urbanizasiya səviyyəsinin artması şəhərlərdə ənənəvi özünüidarəetmə strukturlarının rolunu daha da gücləndirir. Bu baxımdan Dünya Şəhər Forumunun 15-ci sessiyasının 2030-cu ildə Yeni Daşkənddə keçirilməsini və əsas mövzunun “Şəhərlərin dayanıqlı inkişafında yerli icmaların rolu” olmasını təklif edirəm. Əminəm ki, bugünkü tədbir qarşılıqlı faydalı və perspektivli məsələlər üzrə birgə həllərin tapılmasına, yeni təşəbbüslərin ortaya çıxmasına və bu sahənin inkişafına mühüm töhfə verəcək”.



Xəbəri paylaş

39 dəfə oxunub.

Digər xəbərlər