Saytımızı qiymətləndirin


 
 

Azərbaycanın Milli Qəhrəmanı: “Bu dəfə biz qalib gəldik, çünki indi bizim Sərkərdəmiz var” - MÜSAHİBƏ
Tarix: 24-12-2020 | Saat: 11:22
Bölmə:Karusel / Müsahibə | çapa göndər

Azərbaycanın Milli Qəhrəmanı: “Bu dəfə biz qalib gəldik, çünki indi bizim Sərkərdəmiz var” - MÜSAHİBƏ

“İlham Əliyev bizim Ümummilli Qəhrəmanımızdı”

Birinci Qarabağ Müharibəsinin fəal iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı Mövsüm Məmmədov istər aprel döyüşlərində, istərsə də Vətən Müharibəsi zamanı ön cəbhədə olub. O, əsgərlərimizlə çiyin-çiyinə vuruşub, onlarla birlikdə səngərlərdə gecələyib, əsgərlərimizin istər döyüş, istərsə də mənəvi hazırlıqlarına şahidlik edib. Əslən Xocalıdan olan Milli Qəhrəmanın xalqımızın tökülən qanlarının qisasının alınmasında iştirak etməyi özünə mənəvi borc bilib.

 

Mövsüm Məmmədov indi də Qarabağ bölgəsini tərk etməyib, hazırda Şuşa Şəhər Polis İdarəsinin rəis müavini vəzifəsində çalışır və işğaldan azad edilmiş torpaqlarımızda yenidən həyatın canlanması üçün çalışır.  Milli Qəhrəmanla Ali Baş Komandandan danışdıq. Cəbhədən, Ali Baş Komandanın əmri ilə torpaqları işğaldan azad edən əsgərin gözündə bu zəfərin memarı necə görünür? Beləliklə, Azərbaycanın Milli Qəhrəmanı Qarabaginfo.az Mövsüm Məmmədovun APA-ya müsahibəsini təqdim edir:

- Mövsüm müəllim, müsahibələrinizin birində demisiniz ki, torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyirik. O gün gəldi və torpaqlarımız azad olundu. Müharibə xəbərini eşidəndə ilk düşüncəniz nə oldu?

- Biz uzun illər idi ki, o günü həsrətlə gözləyirdik. Təkcə mən yox, bütün döyüşçü yoldaşlarım arzu edirdilər ki, bir gün Ali Baş Komandan əmr versin, biz də tarixi ədalətin bərpa edilməsində iştirak edək, ata-baba yurdlarımıza qayıdaq. Deməli, sentyabrın 27-də hardasa saat altı radələrində ermənilər tərəfindən təxribat başladı. Açığı, aprel döyüşlərində də arzulayırdıq ki, müharibə dayandırılmasın, torpaqlarımızı azad edək. Çünki 240 il ərzində Azərbaycanın itirilmiş torpaqları heç bir zaman geri qaytarılmayıb.

Siz sentyabrın 27-dən cəbhə bölgəsində idiniz?

- Bəli, mən həmin gün Tərtər şəhərində idim. O gündən indiyə qədər cəbhə bölgəsinin hər bir istiqamətində oldum. Əsgərlərimizin hər birinə deyirdim ki, biri var, qəhrəman kimi səngərdə ölmək, biri də var yataqda, avtomobil qəzasında ölmək. Əlbəttə, imkan olanda hər kəs qəhrəmancasına ölməyi arzulayır. Biz əsgərlərimizlə danışırdıq, onları ruhlandırırdıq. Amma onlar üçün əsas ruh Ali Baş Komandanın çıxışları idi. Onlar Ali Baş Komandana inanırdılar.

- Siz Birinci Qarabağ müharibəsinin iştirakçısı, Milli Qəhrəmansınız. Buna baxmayaraq Vətən Müharibəsində də iştirak etdiniz. Birinci Qarabağ müharibəsindən budəfəki müharibənin hansı fərqləri vardı?

- Birinci Qarabağ müharibəsində güclü döyüşçülərimiz vardı. Heç bir döyüşçünün əziyyətini itirmək olmaz. O vaxt əvvəldən-axıra kimi döyüşmüşəm, iki dəfə ağır güllə yarası almışam. Bu dəfə də ilk gündən döyüşdə oldum. İndiki döyüşən oğlanlar da o zaman döyüşənlərin oğlu, qardaşı oğlu idi. Yəni, deməyim odur ki, döyüşənlərdə bir ciddi fərq yox idi. Amma bu dəfə biz qalib gəldik. Səbəb isə tək bir nəfərə bağlıdır. Bu dəfə bizim Sərkərdəmiz var.  Bu Sərkərdənin, Ali Baş Komandanın rəhbərliyi ilə müasir silahlarla silahlanmış, nizami ordumuz var, qayda-qanun var.

Əsgər bilirdi ki, onun arxasında İlham Əliyev, qətiyyətli siyasətçi, böyük sərkərdə dayanıb. Ona görə də əminliklə, böyük ruh yüksəkliyi ilə döyüşür, ölümə gedirdi.

- Şuşaya girəndə nə hisslər keçirdiniz?

- Biz Şuşaya dağ yolları ilə girmişik. O hissi sözlə ifadə edə bilməyəcəm. Şuşa hamımız üçün mistik bir məkandı, bütün torpaqlarımız əzizdir, amma Şuşanın nisgili bir başqaydı.

Paşinyanın Şuşada “Yallı” getməyi bizim üçün qəbuledilməz idi, Ali Baş Komandanımız da bunu dəfələrlə vurğulamışdı. Azərbaycan xalqının qüruru, cəsarəti, mənliyi, kişiliyi - hər şeyi özünə qaytarıldı. Ermənilər Şuşa şəhərinə “alınmaz qala” deyirdilər, amma rəşadətli ordumuz bu günləri bu qalanı özümüzə qaytarıb. Biz Şuşanı artilleriyasız, texnikasız, süngü bıçağı, avtomat və ya tapança ilə işğaldan azad elədik. Bu qüdrət yalnız Azərbaycan ordusuna, onun Ali Baş Komandanına məxsusdur.

- Yəqin ki, müharibə boyu Ali Baş Komandanın çıxışlarını da dinləməyə vaxt tapırdınız. Bu çıxışlar, Ali Baş Komandanın xalqa müraciətləri əsgərlərimizdə hansı hissləri yaradırdı?

- Müharibə vaxtı mən döyüş olan bütün bölgələrə gedirdim, bir gün Qubadlıda, o biri gün Murovdağda olurdum. Çalışırdıq ki, mümkün qədər prezindetin çıxışlarını əsgərlərimizə də çatdıraq və deyək ki, baxın, sizin arxanızda bu cür qətiyyəli Ali Baş Komandan dayanıb. Onun çıxışları həddindən artıq böyük ruh yüksəkliyi yaradırdı.

Nə xoşbəxt o orduya ki, öz Ali Baş Komandanını sevir. İnanın, ordu elə bir səviyyədə Ali Baş Komandana inanırdı ki, əsgərin yanında dostu şəhid olurdu, amma ruhdan düşmürdü, qorxmurdu, əksinə daha da irəli atılırdı, istəyirdi ki, o da şəhid olsun. Təki Ali Baş Komandanımızın “Sən kimsən ki, Paşinyan?!”, “Biz bütün torpaqlarımızı işğaldan azad etməyincə dayanmayacağıq” fikirlərini həyata keçsin. Biz də çalışırdıq ki, Ali Baş Komandanımızın dediyi kimi ordumuz torpaqlarımızı azad eləsin. 

Ali Baş Komandan bəzən Sərkərdə, bəzən vətəndaş, bəzən əsgər kimi hər yerdə yanımızda olub. Hamıya da məlum idi ki, Azərbaycan istər siyasi, istər hərbi cəhətdən lazımi səviyyədə yetişməsəydi bu müharibəni aparmaq çətin olardı, çünki heç bir zaman biz ermənilərlə baş-başa müharibə aparmamışıq. Həmişə ermənilərə güclü xarici dəstək olub. Mən də həmişə deyirdim ki, Ali Baş Komandan özü bilir ki, müharibəni hansı vaxtda aparmaq lazımdır.

- Uzun illərdir ki, ordumuz həm şəxsi heyət baxımından peşəkarlığını ildən-ilə artırır, həm də texniki baxımdan müntəzəm şəkildə yenilənir. İlk baxışdanca aydın olur ki, sülh danışıqlarının fayda verməyəcəyini Ali Baş Komandan da sezirmiş. Ordumuz öz gücünü və qüdrətini dünyaya sübut edə bildimi?

- Mən Qubadlı istiqamətinə gedəndə bizim bir neçə hərbi hissəmizi gördüm. İnanın ki, həm qürur duydum, həm də bir az paxıllığım tutdu. Nəyə görə, çünki bu əsgərlər qədər gənc deyiləm. Fiziki cəhətdən çox güclüdürlər. Mən o əsgərlərimizə baxdım və fikirləşdim ki, ilahi, belə güclü ordusu olan xalqın torpaqları işğal altında qala bilərmi? Bunun bütün əməyi Ali Baş Komandanın üzərinə düşüb. Bəli, ordunun say hesabı əsas deyil. Əsas təlim görmüş ordudur. Mən ordumuzun bu şücaətini gördüm. Ona görə də çox istərdim ki, indi döyüşən, cavan əsgərlərimizdən biri də kaş özüm olaydım.

- Bir çox hərb mütəxəssisləri Vətən Müharibəsinin əvvəlki müharibələrə bənzəmədiyini, XXI əsr üçün yeni hərb strategiyası olduğunu deyirlər. Bu barədə siz nə deyə bilərsiniz?

- Bəlkə də bu illər ərzində ölkədə müharibə üçün hansı hazırlıqlar getdiyini çoxları başa düşmürdü. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz hazırda elə bir səviyyəyə çatıb ki, 44 gün yox, lazım gəlsə bir-iki il də bu hünərlə döyüşərdi. Təkcə şəxsi heyətimiz yox, silah, texniki təchizatımız da lazımi səviyyədədir. Bu gün müharibəyə başlayaq, sabah dronumuz, silahımız qurtarsın, elə şey yoxdur. Biz bunu əsgər kimi hiss edirdik. Mən deyərdim ki, bu illər ərzində elə bir gün olmayıb ki, Ali Baş Komandanımız ordunu fikirləşməsin. Hər gün ordu ilə maraqlanıb, ordunu düşünüb, nə çatışır, nə çatışmır onlara diqqət edib. Bütün dünya hərbinə dərs oldu ki, metal yığnağı olan tanklardan, başqa zirehli texnikalardan yox, hava hücumundakı yeniliklərdən və təlim görmüş ordudan istifadə etmək lazımdır.

- Bəs Ali Baş Komandan bu zəfərin sərkərdəsi kimi hansı ada layiqdir? 

- O insan xoşbəxtdir ki, onu öz xalqı, ordusu sevir. Ali Baş Komandanı bütün xalqı sevir. İstər xalqımız, istər ordumuz - hər birimiz bu günləri bütün zəfərin Ali Baş Komandanın sayəsində qazanıldığını bilir və hər kəs deyir ki, İlham Əliyev bizim Ümummilli Qəhrəmanımızdır. Xalqımız da, bütün türk dünyası Ali Baş Komandanı sevir. Necə ki, Atatürkə rəğbət bəsləyirlər, necə ki, Ulu Öndərimizə hörmət bəsləyirlər, eləcə də bütün türk dünyası Ümummilli Qəhrəmanımızla qürur hissi yaşayır. Tək mən bu sözü demirəm. Bax, hazırda Şuşada, məscidin qarşısında dayanmışam, bir çiynimin üstündə Azərbaycan bayrağı, o biri çiynimdə Türkiyə bayrağı dalğalanır. Sağım da, solum da əsgərdir. Onlar da mənim dediklərimi deyirlər. Biz Ali Baş Komandanımıza inanırıq. Nə qədər ki, o var, bu ölkə inkişaf edəcək.

Bu günlər təkcə Azərbaycanın yox,  türk dünyasının bayramıdır. Bu günlər türk dünyasının qürurunun yüksəldiyi gündür. Bizə bu günləri, bu zəfəri yaşadan Sərkərdəmizə eşq olsun! Xalqımız da, əsgərimiz də həmişə Onun yanındadır!




42 dəfə oxunub.

Digər xəbərlər
21-03-2018, 10:22 Azərbaycana bahar gəlib