Saytımızı qiymətləndirin


 
 

Alim Qasımovun “Əsgərə məktub”u
Tarix: 19-11-2020 | Saat: 16:39
Bölmə:Karusel / Yazar | çapa göndər

Azərbaycan Əsgəri Ali Baş Komandanın rəhbərliyi altında Qarabağda zəfər tarixi yazır. Bu günlər bütün dualarımız Vətən müharibəsində bizə Qələbə sevinci yaşadan əsgərlərimizlə bağlıdır.


Qarabaginfo.az
 “Əsgərə məktub” rubrikasında növbəti məktubu təqdim edir.

Bu dəfə muğam ustadı, Xalq artisti Alim Qasımov “Əsgərə məktub” yazıb:


“Salam, Əsgər! Qələbən mübarək! Bizə böyük sevinc yaşadan Əsgərim, yəqin hələ də soyuq səngərdəsən, gündüzlər keşikdəsən, gecələr isə “Əsgər marşı”nda olduğu kimi, başının altına Vətən daşını qoyub, qarı da üstünə yorğan kimi çəkirsən. Tarix yazmaq asan başa gəlmir, oğul! Bilirəm ki, müharibə günlərində, bu cavan ömründə çox böyük yol getmisən, düşmənlə üz-üzə durmusan, qan-qada görmüsən, dost itirmisən…


30 il əvvəlki yaraları sağaltmaq üçün ölümü gözə almısan, hər çətinliyə dözmüsən, əzizlərin nigaran qalmasın deyə, bəzən yalandan “yaxşıyam” demisən…


Bu Vətənin çörəyi, valideynlərinin haqqı sənə halal olsun, Əsgər! Sən hər kəndi düşməndən geri alanda, bayrağımızı hər ucaldanda başımızı uca eləmisən, bizə dünyaları vermisən. Amma ən çox bilirsənmi bizi nə vaxt kövrəltmisən, Əsgər? Azad elədiyin torpaqlarda Azan verəndə! Namaz üçün döyüş dostlarınla səf-səf düzüləndə.


Vətənə xidmət inamdandır deyirlər. Bu müharibə - Xeyirlə Şərin savaşında, sən Əl Haqq olan Allahın Ordusunda döyüşdün. Həm ədalətli, həm də qalib olmaq nə gözəl hissdir! Sənin üçün gecə-gündüz dua edirik. Həqiqi Mülkün və əsl Zəfərin sahibi Allahın nəzəri üstündən çəkilməsin. Yaradanın qoyduğu ölçülərdən çıxmasın, hər an ona sığınsan, zəfər həmişə səninlə olacaq, Əsgər, bunu əsla unutma!


Sənin yolunu gözləyirik. Hünər göstərib ad qazanmısan. Bil ki, bir evin, ailənin yox, bütün xalqın əziz övladısan. Əsgər adını ucaldın, düşmənin bütün nağıllarını öz gerçəyinlə yıxıb dağıtdın. Sənin qazandığın bu qələbəni göz bəbəyimiz kimi qoruyacağıq. Hərə öz öhdəsinə düşən işi vicdanla görərsə, həm döyüşdə, həm səhnədə, həm idmanda daim birinci olacağıq.


Yaşa, Əsgər! Bayraq taxdığın yüksəkliklər, bu şan – şöhrət, sevgilər sənin qazancındır. Sorağın daim ucalardan gəlsin. Mən hər birinizi adbaad tanımasam da, yəqin ki, sən məni tanıyırsan. Qələbə Paradında, səni alqışlayanlar sırasında bil ki, mən də varam”. Modern.az



Xəbəri paylaş

315 dəfə oxunub.

Digər xəbərlər