Saytımızı qiymətləndirin


 
 

Laçına SARI
Tarix: 22-10-2020 | Saat: 16:22
Bölmə:Karusel / Yazar | çapa göndər

İmdad Əlizadə


Bu yazını bir neçə ay əvvəl, daha dəqiqi koronavirus pandemiyasına görə birinci sərt karantin günlərində yazmışdım. Müqayisə bəlkə də qüsurludu, amma Bakı küçələrinin boş olması mənə işğaldan sonrakı Oğuldərəni xatırlatmışdı. Lakin yazının son hissəsi xoşuma gəlmədiyinə görə paylaşmadım. Fikirləşdim ki, yazıya əl gəzdirib Laçının işğalının 29-cu ildönümündə paylaşaram. Artıq Laçının işğalının 29-cu ildönümü olmayacaq. Allaha çox şükürlər olsun! Ali Baş Komandan İlham Əliyev, Azərbaycan Ordusu var olsun! Qarabağ Azərbaycandır! 

 

LAÇINA SARI 

 

1992-ci ilin may ayında Laçının Oğuldərə kəndindən didərgin düşəndə bir müddət Tərtərin Hüsənli kəndində Hüseyn dayımgilə sığınmış, daha sonra Murovun ətəyində (Xanlar, indiki Göygöl rayonu...) çadırlarda məskunlaşmışdıq. Buranı Oğuldərəyə daha yaxın hesab edirdik və kəndimizin düşmən tapdağından azad olunacağına, geri qayıdacağımıza inanaraq günləri sayırdıq. 

 

İyul-avqust ayında Azərbaycan ordusu hücuma keçərək Laçının şimal-qərb hissəsindəki kəndləri, o cümlədən Oğuldərəni ermənilərdən azad etmişdi, amma düşmən təhlükəsi sovuşmadığına, cəbhənin həmin istiqamətində ağır döyüşlər getdiyinə görə evimizə qayıda bilmirdik... 

 

Həmin ilin yayını Murovun ətəyində keçirdik, amma ilin ən isti fəslinin nə zaman başlayıb-bitdiyini bilmədik, bura demək olar ki, hər gün yağış yağır, duman-çiskin olurdu, çadırlarda soyuq iliyimizə işləyirdi. Gün işığına həsrət qalmışdıq... 

 

Avqust ayının əvvəli idi, atam dedi ki, hazırlaş, sabah səni bir yerə aparacam. Bu naməlum səfərin marağı məni o qədər həyəcanlandırdı ki, atamdan gedəcəyimiz yerin hara olduğunu öyrənənədək əl çəkmədim. Kəndimizə gedirdik, torpağımıza, doğulduğum, böyüdüyüm yerə, qoxusunu tanıdığım torpağa qovuşacaqdım... İçimdə bir titrəyiş baş qaldırdı, bu vüsala belə tez çatacağımı düşünməmişdim... Kaş o həyəcanı bir də yaşamaq qismət ola...

 

Yuxum ərşə çəkilmişdi, səhərə qədər yata bilmədim, üç aydır davam edən həsrət bitəcəkdi (indi az qalıb 30 il olsun).

Sübh tezdən yola düşdük...

 

Xanlar-Kəlbəcər yolunun kənarında dayanıb bir xeyli gözlədik, o istiqamətdə gedənlər əsasən hərbi karvanlar, ya da yük avtomobilləri olurdu, ona görə də uyğun nəqliyyat tapmaq çətin idi.

Nəhayət yola düşdük, “ZİL-131” nərildəyə-nərildəyə Murov aşırımları ilə dağın zirvəsinə doğru qalxırdı. Hava aydın idi və uçurumlardan keçən, sərt döngələrdən ibarət yolun vahiməsi də elə eyni formada ...duyulurdu.

 

Üç avtomobil dəyişə-dəyişə axşamtərəfi Kəlbəcərin Zülfüqarlı kəndinə gəldik. Buradan Oğuldərə istiqamətində ancaq hərbi maşınlar gedirdi.

 

Bir xeyli gözləyəsi olduq, nəhayət bir “ZİL-131” gəldi, bizi də yoldan götürdü. Kabində sürücü ilə birlikdə üç hərbçi vardı, atam və mən kuzova mindik. 

 

Hava dumanlı, çiskinli idi, narın yağış yağırdı. Kəlbəcərlə Laçının arasında yerləşən dağa qalxırdıq. 

 

Kabindəki maqintafonda adını bilmədiyim aşığın ifasında “Baş sarıtel” havası səslənirdi. Kəndimizə gedirdik, iç dünyamızda toy-bayram idi, bircə qol götürüb oynamırdıq... 

 

Gecə saat 10-11 olardı, qonşu Qorçu kəndinə çatdıq, burada avtomobildən düşdük, hərbçilər cəhbəyə doğru yollarına davam etdilər, biz isə başqa istiqamətdə getməliydik. 

 

Narın yağış yağırdı, yerin palçıq olması isə gündüz leysan olduğundan xəbər verirdi. Bu, bizim yerlər üçün xarakterik haldır. Gecənin qaranlığında palçıqlı yolla iki km-dan artıq məsafə qət etməliydik, Oğuldərəyə çatmaq üçün... 

 

Qohumlarımız olan bir neçə ailə işğaldan azad olunan Qorçuya geri qayıtmışdılar. Atam dedi ki, onlarda gecələyib sabah tezdən Oğuldərəyə gedərik, amma mən razı olmadım. Evimizə tez yetməkdən ötrü ürəyim qanadlanmışdı artıq, o istiqamətə yön almışdı.

 

Atam bir qədər düşünəndən sonra çıxış yolu tapmışdı. Həmin dövrdə Laçın polisi rayonun yağı tapdağından azad olunması üçün ön cəbhədə döyüşürdü, qərargah isə Qorçudakı evlərdən birində yerləşirdi. Atamın orada tanıdığı insanlar vardı. Qərargaha getdik, bizi kəndimizə aparmaq üçün avtomobil xahiş etdi. Polisin ixtiyarında olan nəqliyyat vasitələrinin hamısı postlarda idi. Həmin gecə Oğuldərəyə çata bilmədik...

 

Qorçudakı qohumlardan birinin (ya Qaffar ya da Yaqub dayı) evində qaldıq. Bizim gəlişimizə sevinmişdilər, sevinc və kədər göz yaşları bir-birinə qarışmışdı sözləri, bu təsvirdə yerinə düşən ən doğru ifadədi... O göz yaşlarının içində yerə-göyə sığmayan bir ümüd var idi. O ümüd ki bu gün də bizi tərk etməyib... O ümüd ki bu gün də vüsala inanır...

 

Çıraq işığında oturmuşduq. Atam həm ana, həm də ata tərəfdən qohum olan simsarlarına başsağlığı verirdi. Saqqalı sinəsinə qədər uzanmış nurlu ağsaqqal çətinliklə də olsa dərdini danışırdı. Deyirdi ki, Qarakənd üzərində Azərbaycan vertolyotu vurulandan və ermənilərin Xocalıda törətdikləri qırğından sonra uşaq özünə gələ bilmirdi, elə hey deyirdi ki, bizi də eyni aqibət gözləyir, nə qədər ürək-dirək verdim, xeyri olmadı. Qorçu işğal olunandan sonra isə tam başqa adam olmuşdu, dözmürdü.  Heç nəzarətsiz qoymurduq. Bir dəfə gözümüzdən yayındı, axırı da belə oldu. Qonaqla ev yiyəsinin hönkürtüsü bir-birinə qarışmışdı... 

 

Söhbətdən ölənin gənc qadın olduğunu bildim. Ona görə də bu itki hamını göynədirdi. Amma əlavə söz danışan olmadı. Kimdənsə nəsə soruşmaq yeri deyildi, gecə beynimdə xeyli sualla yatdım, yalnız səhər atamdan öyrəndim ki, qohumumuzun gənc qızı didərginlik dərdinə dözməyib intihar edib. Hadisənin necə baş verdiyi barədə üstüörtülü danışmalarının səbəbi isə evdə yeniyetmənin olmasıymış. Ev yiyəsi bacısının ölümü ilə barışa bilməyən oğlunun da canına qəsd edəcəyindən qorxurdu. Ona görə də söhbətdə bir dəfə də intihar sözü keçmədi...

 

Yemək yedik. İçdiyimiz dağların dibində yerləşən bulaqların göz yaşı kimi dumduru suyundan dəmlənən çay isə yolun yorğunluğunu biraz da olsa canımızdan  çıxardı.

 

Atamla qonaqpərvər ev sahibinin maraqlı söhbəti xeyli çəkdi... 

 

Qorçuya çatanda axşam düşmüşdü, qaranlıqda yanından keçdiyimiz bir neçə evin yandırıldığını sezmək olurdu, sabahımız isə dəhşətli bir mənzərəyə açıldı. Düşmən kəndi dəhşətli formada yağmalamışdı, evlərin xeyli hissəsi yandırılmışdı.

 

Həyətdə dayanmışdıq, ev sahibi yandırılmış evləri göstərərək adlar çəkirdi: “Filankəsin də evi yandırılıb, filankəsin evi tam kül olub, Allah bəlalarını vermişlər filankəsin evinə necə od vurublarsa, divarlar belə uçub...”

Birdən atam soruşdu: “Məktəbi də yandırıblar?” Qohumumuz ağır xəbəri verdi. Atam getməyə tələsirdi. Ev sahibi ilə vidalaşdıq, o, bizi yenə evinə dəvət elədi. Bir neçə aydır yaşayış olmayan evdə qalmağın çətin olacağını, burda olduğumuz müddətdə axşamları qayıdıb onlarda qala biləcəyimizi dedi.

 

Bir qədər sonra Qorçu kənd orta məktəbinin həyətindəydik... Düşmən bu qocaman təhsil ocağına qarşı sözün həqiqi mənasında düşmənçilik etmişdi. Bir divarları, bir də onun üzərinə çökmüş dəmirdən olan dam örtüyü qalmışdı. 

 

Atamı ilk dəfə idi belə sarsılan, acıdan, dərddən qıvrılan görürdüm. O, əllərini yanmış divarların üzərində gəzdirərək sanki hansısa izləri axtarırdı, divardan qopub yerə düşən bir daş parçası götürmüşdü, baxa-baxa hər iki yanağından yaş süzülürdü, dərdini daşa deyirdi, daş islanmışdı, dili olsa bəlkə də nələr-nələr danışardı, bəlkə o da haray çəkib ağlayardı... Mənim gücüm isə hönkürməkdən başqa heç nəyə çatmırdı. İçim yanırdı, ciyərimə od düşmüşdü, indiyədək öyrəndiyim bütün sözlər o duyğunu ifadə etməyə acizdi... Bir neçə nəfər qorçulu da məktəbin həyətinə gəldi, məktəbin yanmasına ağlayanlar bir-birinə təsəlli verir, sakitləşdirməyə çalışırdı...

 

Atam Əli Əliyev “Əlli dörd gün erməni mühasirəsində” kitabında yazır: “Qorçu altı kəndin mərkəzi hesab olunurdu. Vaxtilə natamam orta və tam orta məktəb, kənd soveti, kolxoz idarəsi, xəstəxana ancaq bu kənddə yerləşirdi. Hamının yolu bu kənddən düşürdü. Ona görə də Qorçuya hamı doğma evi kimi baxırdı.

 

Namlı və Qorçu çaylarının arasında yerləşir bu kənd. Qor¬çu çayının kəndlə üzbəüz sahilində meşə zolağı uza¬nır. Aşağı tərəfdə də nəhəng ağacları, dadlı meyvələri olan meşəlikdir. Bu meşənin qırmızı palıdı dünyada məş¬hurdur. Babamın anası, atamın anası, anamın anası bu kənddəndir.

 

Babamın qardaşı, Qori Müəllimlər Seminariyasının mə¬zunu, görkəmli maarifçi, 1937-ci ilin qanlı sovet rep¬res¬siyasının günahsız qurbanı olmuş Müseyib İlyasovun tik¬dirdiyi, özümün oxuduğum, sonra isə müəllim işlə-diyim Qorçu məktəbinə baş çəkdim. Məktəbin özünü yox, külünü gördüm. Adamların yanmış məktəbə baxıb necə göz yaşı axıtdığının şahidi oldum. Adam yanıb tökülürdü...”.

 

Burada xeyli ləngidik, atam Qorçu məktəbi ilə bağlı xatirələrini bölüşdü, qışın sərt vaxtlarında hər gün Oğuldərənin Qaraağacı dərəsindən 10-12 km yolu piyada dərsə gəlib-qayıtmasından, müəllimlərindən, Moskvada və Bakıda ali təhsil alıb kəndə qayıtdıqdan sonra burada müəllim işləməsindən, öz müəllimləri ilə iş yoldaşı olmasından danışdı...

 

Oğuldərəyə yola düşdük, buna yerimək demək olmazdı, qanadlanıb uçurduq. Qorçu ilə Oğuldərə arasında yerləşən Zağaltı kəndini çıxanda kəndimiz görünməyə başladı...

 

Gecə yağış yağmışdı, hava sakit və günəşli idi, yaşıllıqların ortası ilə irəliləyirdik. Təbiətin bu gözəlliyini erməni işğalının nişanələri pozurdu. Kəndimizdə onlarla evi, məktəbi yandırmışdılar. 

 

Dünyanın şahidlik etdiyi ən ağır görüşlərdən biri idi yəqin ki... Evimizin divarlarını, qapılarını, piləkənlərini bağrımıza basırdıq, körpə anasını qucaqlayan formada ürəyimizə sıxırdıq...

İkinci mərtəbəyə qalxdıq, qapılar açıq idi, içəri keçdik. Sanki divarlar da bizi görüb sevinirdi...

Mötəbər İbrahimov (1993-cü ilin aprelin 1-də Kəlbəcərin Nadirxanlı kəndində ermənilərlə döyüşdə itkin düşüb. İndiyə qədər taleyindən heç bir xəbər almaq mümkün olmayıb) və həyat yoldaşı Güləbətin İbrahimova da kənddə idi, bizdən əvvəl gəlmişdilər. Bizim evdə yorğan döşək olmadığına görə onlarla birlikdə Dadaş əmigilin evində qaldıq. 

Bizdən başqa da evlərinə baş çəkməyə gələnlər var idi.

 

Gün keçdikcə kənddə qalmaq vahiməli olurdu. Həmişə abad, səsli-küylü olan Oğuldərədəki süküt insanın iliyinə işləyirdi. 

 

Kənddə qalan it-pişiklər də gördükləri bu mənzərədən sanki dəli olmuşdular, insan görəndə gözdən itənə qədər qaçıb uzaqlaşırdılar... Mən ilk və sonuncu dəfə itlərin alma yediyini Oğuldərədə gördüm, aclıq qurdbasan köpəkləri bu duruma salmışdı. 

Toyuqlar isə kolların arasından çıxmırdı və çıxanda da quş kimi o tərəf bu tərəfə uçurdular...

 

Vida vaxtı çatmışdı, evimizə qayıtmaq ümidi ilə müvəqqəti məskunlaşdığımız Murova yola düşdük...

 

 Oğuldərədən Qorçuya piyada gəldik. Mötəbər və Güləbətin İbrahimovlarla birlikdə, Murovun ətəyində bir yerdə məskunlaşmışdıq. 

Axşama qədər gözlədik, avtomobil olmadı. Laçından Kəlbəcər istiqamətində yalnız bir neçə hərbi maşın keçdi, onlarda da yer olmadı. Gecə Qorçuda qohumlardan birinin evində qaldıq, sübh tezdən yenidən yolun kənarına gəldik. Bu dəfə maşın oldu, yola düşdük...

 

P.S. Redaktorum Aynur Osmanqızı, çox sağ ol!

Modern.az



Xəbəri paylaş

414 dəfə oxunub.

Digər xəbərlər