Saytımızı qiymətləndirin


 
 

Reza Deqati: “Qarabağ həqiqətlərini fotolarım və sərgilərim vasitəsilə bütün dünyaya çatdıracağam”
Tarix: 06-07-2021 | Saat: 17:13
Bölmə:Karusel / Dünya | çapa göndər

 

“Bu sərgi Fransada ən möhtəşəm sərgilərdəndir. İldə bir dəfə təşkil olunur və iki ay davam edir. Burada dünyanın 22 ölkəsindən tanınmış incəsənət nümayəndələrinin əsərləri sərgilənir. İlk dəfədir ki, bu sərgidə fotolar nümayiş olunur. Bir neçə ildir Pyer Boncovanni məni bu sərgiyə dəvət edir. Builki sərgiyə dəvəti qəbul etdim. Bu tədbir çərçivəsində fotolarım əsasında iki sərgi düzəldilib. Bu böyük zalda mənim fotoəsərlərim əsasında “Rezanın müasir Odisseyası” (l’Odyssee contemporaine de Reza) adlı sərgi, digəri isə “Sükutun ümmanı” (Epaisseur du silence) adlı qalereyadır”.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində məşhur fotoqraf-jurnalist Reza Deqati deyib.

Sərgiyə bir neçə fransız nazirin ziyarəti də gözlənilir. Böyük zalda Reza Deqatinin geniş formatda Azərbaycanla bağlı altı fotosu nümayiş olunur. Ancaq Pyerin hazırladığı və hər birinə xüsusi mətn tərtib etdiyi Qarabağla bağlı fotolar digər zalda “Sükutun ümmanı” adlı xüsusi qalereyada nümayiş edilir. Şuşadan, Ağdamdan və digər azad olunmuş ərazilərimizdə erməni işğalı dövründə viranə qoyulmuş şəhərlərdən olan fotoları çox məşhur incəsənət komissarı Pyer özü seçib və onların tarixçəsi ilə bağlı yazılı mətnlər hazırlayıb.

“Qarabağla bağlı reallıqları belə sərgilər vasitəsilə dünyaya çatdıracağam. Ötən il oktyabr ayından beynəlxalq səviyyədə planlaşdırılmış layihələrimi ləğv etdim və Qarabağa getdim. Fransanın bir neçə şəhərində təşkil edilmiş builki sərgiləri ləğv etmədim. Fransada 12 gün olacağam və bu müddət ərzində üç sərgim və iki konfransım olub. Bir sərgi və konfrans isə qarşıdan gələn günlərdə olacaq. Bu tədbirlər zamanı məndən harada olduğumu, son aylar görünmədiyimi soruşurlar. Onda Qarabağdan danışır, orada olduğumu deyir və fotolarımı göstərirəm”, - deyə R.Deqati söyləyib.

Yenidən Azərbaycana qayıdacağını və bu ilin sonunadək orada olacağını deyən R.Deqati Qarabağı qarış-qarış gəzəcəyini, hər addımı fotolarında əbədiləşdirəcəyini diqqətə çatdırıb. “Azərbaycanda işlərimi qurtarandan sonra Qarabağa həsr edilmiş böyük fotokitab, xüsusi sərgi və konfrans təşkil edəcəyəm. Qarabağ həqiqətlərini əks etdirən fotolarımı, onlardan hazırladığım kitabı dünyanın böyük şəhərlərində də sərgiləyəcəyəm. Fotolarla bağlı xüsusi konfranslar təşkil edəcəyəm”.

 



Xəbəri paylaş

1275 dəfə oxunub.

Digər xəbərlər
18-01-2022, 11:27 Mahir Xəttaba hökm oxundu