Saytımızı qiymətləndirin


 
 

Xankəndi indi də Putinqrad filan olmasın!
Tarix: 09-04-2021 | Saat: 12:08
Bölmə:Karusel / Gündəm / Yazar | çapa göndər

Vahid Qazi

Bərdədə Alaçadırlı adlı kənd var. Tərtər çayının qırağında yerləşir. Qarabağ toponimlərindən başı çıxan bir tarix müəllimi danışırdı ki, o kəndin adı Əmir Teymur ordusu ilə Qarabağda qışladığı vaxtdan qalıb. Teymurun ordusu düşərgəni ala çadırlardan salıbmış.

Deyilənə görə Teymur çəkilib gedəndən sonra Orta Asiyadan gələn tayfaların bir qısmi burada qalıbmış. Bəlkə də buna görə Qarabağda gözü qıyıq adamlara özbək deyirdilər. Mənim bir ana qohumum var, tanımayan deyər bəs özbəkdir. Ağdamın Seyidli kəndində yaşayırdı. Adı Bəhruz olsa da tay-tuşu onu elə Özbək çağırırdı.

Tarix yaradan nəhəng şəxslərin aurası özlərindən sonra da qalır. Səmərqənddə, Əmir Teymurun məqbərəsində duymuşdum onun ağır aurasını. Ətürpədici qorxu kimiydi. Bəlkə Qarabağacan gələn Teymurdan genetik qorxu qalıbmış canımda, nə bilim!

Böyük fatehlərin əzəmətli məqbərəsində qəribə hisslər keçirir, suallar düşünüb cavablar axtarırsan: insanlar bunca qanlar tökmüş adamları niyə sevir, adını yaşadır, qəbri üstə türbə, mavzoley tikir, ziyarət edirlər? Minlərlə adamın ölümünə bais olan bu insanları yaratmaqla Allah insanlara hansı mesajları ötürmək istəyir?

Aprelin 9-da - böyük Teymurun doğum günündə düşündüyüm tək şey Qarabağdakı rus qoşunlarıdır. Bilirəm, bir gün bu işğalçılar da çəkilib gedəcəklər. Əmir Teymur kimi. Amma istəyirəm özlərindən sonra heç nə buraxmadan getsinlər. Məsələn, ermənilər Xankəndinin adını Stepanakert etdikləri kimi, ruslar da dəyişdirib Putinqrad filan edə bilməsinlər.

Teymurun Alaçadırına baxmayın, işğalçı olsa da qanı qanımızdan idi...

Putin isə bizə yaddır. Bütün mənalarda...



Xəbəri paylaş

1345 dəfə oxunub.

Digər xəbərlər