Saytımızı qiymətləndirin


 
 

"3 ölkənin hərbi-texniki imkanlarını birləşdirmək yeni ittifaqın potensialını daha üstün səviyyəyə daşıyacaq"
Tarix: 09-03-2021 | Saat: 22:58
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan-Pakistan 
 
Pakistanın Azərbaycanın müstəqilliyini tanlyan ilk ölkələrdən biridir. Ərazi bütövlüyümüzün bərpası uğrunda apardığımız haqlı mübarizədə daim və birmənalı olaraq xalqımızın yanında olan Pakistanın siyasi və mənəvi dəstəyini Azərbaycan tərəfi də daim yüksək qiymətləndirib. Prezident İlham Əliyev martın 3-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən Azərbaycanın Pakistandan hərbi avadanlıq almağa davam etmək istədiyini bildirməsi, ictimaiyyət tərəfindən də müsbət qarşılanıb. Mövzunun aktuallığını nəzərə alan Moderator.az redaksiyası bu dəfə oxucuları həm Azərbaycan-Pakistan əməkdaşlığı, həm də bu əməkdaşlıqda Türkiyənin əhəmiyyəti barədə məlumatlandıracaq. 
 
Azərbaycan-Pakistan əməkdaşlığı
 
Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında indiyə qədər 30-dan çox sənəd imzalanıb. BMT Təhlükəsizlik Şurasında Dağlıq Qarabağ münaqişəsi üzrə qətnamələrin qəbul olunmasında mühüm rol oynayıb. İslamabad Azərbaycanı bütün beynəlxalq platformalarda dəstəkləyir. Pakistan həmçinin Dağlıq Qarabağ münaqişəsi üzrə İƏT təmas qrupunun üzvüdür. Pakistan Dağlıq Qarabağı və ətraf əraziləri işğal etdiyinə görə Ermənistanı bir dövlət kimi tanımayan yeganə ölkədir. Pakistan Azərbaycan hərbçilərinin müxtəlif ixtisaslar üzrə hazırlanmasında peşəkar kurslar təşkil edir. Pakistan Senatının Xarici İşlər Komitəsi 2012-ci il fevralın 1-də Xocalı soyqırımını da tanıyıb.
Azərbaycan və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlığın inkişafı istiqamətində atılan addımlar bu günə qədər yüksələn dinamika ilə inkişaf edir. Görüşlərin intensivliyi də diqqət çəkir. Cəmi 12 gün əvvəl Pakistan İslam Respublikasının Sərhəd İşləri Təşkilatının Baş İcraçı Direktoru general-mayor Kamal Azfarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdu. Bu görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil, mühəndis təminatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirəsi ilə bərabər, azad edilən ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi işlərinə pakistanlı mütəxəssislərin də cəlb edilməsi məsələsi, ölkələrimiz arasında hərbi əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılmışdı.
 
Əslində bu əməkdaşlıq formatını Türkiyədən kənar kontekstdə dəyərləndirmək də doğru deyil. Çünki, Azərbaycan, Türkiyə və Pakistan milli maraqlara dair məsələlərdə hər zaman tərəddüd etmədən bir birini dəstəkləyərək, artıq qeyri rəsmi hərbi-siyasi İttifaq formatına daxil olublar. Əfqanıstan da bu İttifaqa çox meyllidir. Hər 4 ölkənin müxtəlif beynəlxalq platformalarda yekdil iştirakı, regional və qlobal məsələlərin həllində mühüm əhəmiyyət kəsb etməyə başlayıb. 
 
Türkiyə-Pakistan münasibətləri
 
Türkiyə nüvə potensialına malik Pakistan ilə bir çox sahələrdə, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq edir. Türkiyə və Pakistan rəsmiləri birgə raket və döyüş təyyarələri istehsal etmək məsələsini də bir neçə dəfə müzakirə ediblər. Hər iki ölkə müdafiə sənayesinin müxtəlif sahələrində yaxından əməkdaşlıq edirlər. Türkiyənin uzun mənzilli “Siper” ZRK sistemi Pakistan üçün maraqlıdır. 5-ci nəsil TF-X döyüş təyyarəsini hazırlamaqda olan Türkiyə, Pakistanın aviasiya sahəsindəki təcrübəsindən, o cümlədən İslamabad vasitəsilə Çinin 5-ci nəsil reaktiv mühərrik texnologiyasına çıxış əldə edə bilər. Türkiyənin stels texnologiya sahəsindəki imkanları isə İslamabad və Pekin üçün çox faydalı ola bilər. Pakistan bu ildən Türkiyəyə Pakistan Aviasiya Kompleksi (PAC) tərəfindən istehsal olunan 52 ədəd MFI-395 “Super Muşşak” təlim təyyarəsi göndərəcək, Türkiyə isə Pakistan üçün MILGEM sinfinə məxsus 99 metrlik döyüş gəmilərinin artıq 2 ədədini təhvil verib, digərləri isə inşa edilir. Hər iki ölkə özünün müdafiə sahəsində fərqli və unikal imkanları ilə seçilir.  
2018-ci ilin iyul ayında Türkiyə və Pakistan arasında 30 ədəd ATAK helikopterinin tədarükü barədə bir müqavilə imzalanib, lakin ABŞ-ın Türkiyəyə mühərriklərin ixracı üçün lisenziyalar verməkdən imtina etməsi səbəbiylə müqavilənin icrası hələlik təxirə salınıb. Hazırda Türkiyə yerli helikopter mühərriklərini inkişaf etdirməklə ABŞ-dan asılılığı aradan qaldırmağa çalışır.
Türkiyə və Pakistan ordusunun xüsusi təyinatlı qüvvələri keçən ay 3 həftə davam edən “Atatürk-XI 2021” birgə hərbi təlimlər keçirdi. Ankara və İslamabad son illərdə müdafiə və hərbi sahədə əməkdaşlığı daim arıtırmaqdadır. Pakistan Türkiyə ilə birgə iştirak etdiyi təlimlərdən başqa, uzun müddət müşahidəçı kimi iştirak etdiyi Türkiyə-Azərbaycan birgə təlimlərinə isə bu ildən qatılmaq niyyətindədir.
 
Azərbaycan və Pakistanın hərbi sahədə əməkdaşlığı 
 
Pakistan demək olar ki, hər ay hansısa yeni uzaqmənzilli ballistik raketin, reaktiv yaylım sisteminin, zenit və ya digər tip sursatların sınaqlarını keçirir. Pilotlu və pilotsuz aviasiya vasitələrinin istehsalında da İslamabad çox ciddi potensial əldə edib. Nəhayət Pakistan Azərbaycanın “nüvə dövləti” statusuna malik yeganə strateji tərəfdaşıdır. Azərbaycanda pilotların hazırlanmasında Pakistan istehsalı “Muşşak” təlim təyyarələrindən istifadə edir. Azərbaycanlı pilotların və xüsusi təyinatlıların Pakistanda təlim keçməsi barədə məlumatlar da mövcuddur.
İki dövlət arasında son aylarda həyata keçirilən görüşlərdə əsasən müdafiə sənayesində əməkdaşlıq və hərbi satınalmalar müzakirə edilir. Azərbaycanın yaxın illərdə Pakistandan JF-17 “Thunder” döyüş təyyarələrinin Blok III versiyasının alınması da nəzərdən keçirilən məsələlər arasında ola bilər. 
Birgə hərbi təlimlər hər üç ölkənin əldə etdiyi silahlı mübarizə üsul və təcrübəsinin qarşılıqlı mübadiləsini təmin edəcək. Azərbaycan-Pakistan-Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili də aktual, bəlkə də artıq həllimi tapan müzakirə mövzularından biridir. Qərargahların koordinasiyalı şəkildə əməliyyatları idarəetməsinə nail olunması da gündəmdədir. Birgə hazırlanan və ya milli istehsal olan silah sistemlərinin sınaqları və onların təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər xüsusi önəm daşıyacaq. 
Pakistan “Azərkosmos” ASC tərəfindən göstərilən peyk-telekommunikasiya və optik peyk xidmətlərinin həcminə görə müştərilər arasında ilk yerlərdən birində qərarlaşması da diqqətləri cəlb edir.   
 
Nəticə
 
Zəfərlə başa çatan müharibənin ilk günündən Pakistan Azərbaycana həmrəylik və dəstək nümayiş etdirməsi, əsl qardaşlıq və dostluq nümunəsi kimi Azərbaycan xalqının yaddaşına daimi olaraq həkk edilib. Pakistan bayraqları bu günə qədər Azərbaycanın hər yerində dalğalanmaqdadır. Azərbaycan da öz növbəsində, hər zaman Kəşmir məsələsi daxil olmaqla, bütün digər məsələlərdə Pakistanın rəsmi mövqeyini dəstəkləyir. 
 
Qarabağın azad edilən ərazilərinin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində hər 3 ölkənin mütəxəssislərinin birgə iştirakı, əməkdaşlığın səviyyəsi barədə rəqiblərə əməkdaşlıq səviyyəsi barədə konkret mesaj verəcək.
Türkiyə və Azərbaycanın keçirdiyi birgə təlimlərdə Pakistan dəfələrlə müşahidəçi qismində iştirak etməsi, onun bu təlimlərdə iştarak etmək niyyətindən xəbər verirdi və bu məsələ də artıq məntiqi həllini tapdı. 
Azərbaycan hazırda Pakistanın ev sahibliyi etdiyi “AMAN 21” adlı çoxmillətli hərbi dəniz təlimlərində iştirak edir. Lakin 3 tərəfli təlimlərin mövzusu, “AMAN” təlimlərindən fərqli olacaq.  
Ümumilikdə isə Azərbaycan-Türkiyə-Pakistan ittifaqının hərbi və hərbi-texniki sahədə əməkdaşlığının keyfiyyətcə yeni müstəviyə çıxarılması üçün həm siyası, həm də hüquqi baza yaradılıb. Azərbaycanda ordunun Türkiyə modelinə uyğunlaşdırılması əməkdaşlığın daha səmərəli olmasına imkan yaradacaq. Bunun üçün tərəflər zəruri olan potensiala da malikdir. Azərbaycan-Türkiyə-Pakistan hərbi hava qüvvələri və hərbi dəniz qüvvələri arasında əməkdaşlığın inkişaf etdirilməsi və əlaqələrin daha da genişləndirilməsi, həmçinin birgə hərbi təlimlərin keçirilməsi də gözlənilir. Azərbaycanda quru qoşun növünün yaradılması ilə yaxın gələcəkdə keçiriləcək genişmiqyaslı birgə təlimlər, regionda kifayət qədər geniş rezonansa səbəb olacaq. 
Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi və digər sahələrdə, o cümlədən müdafiə sahəsində üçtərəfli əməkdaşlıq formatı bu günə qədər də kifayət qədər aktiv fəaliyyət göstərib. İndi 3 ölkənin hərbi texniki imkanlarını birləşdirmək, yaranmaqda olan yeni ittifaqın potensialını və mövqelərini daha üstün bir səviyyəyə daşıyacaq. 
 
Ədalət Verdiyev,
Hərbi ekspert, Xüsusi olaraq Moderator.az üçün


Xəbəri paylaş

2292 dəfə oxunub.

Digər xəbərlər