Tarix: 31-05-2026 | Saat: 11:35
Bölmə:Karusel / Multimedia | çapa göndər
Bu gecə səma həvəskarlarını nadir astronomik hadisə gözləyir.
Qarabaginfo.az xəbər verir ki, Ay həm “Mavi Ay”, həm də “Mikro Ay” fazalarına eyni vaxtda daxil olacaq və ilin ən kiçik görünən tam Ay kimi müşahidə ediləcək.
“Mavi Ay” termini Ayın rənginin dəyişməsi anlamına gəlmir. Bu ad eyni təqvim ayı ərzində baş verən ikinci tam Aya verilir. Belə hadisə, adətən, hər iki-üç ildən bir müşahidə olunur.
Astronomların məlumatına görə, bu il təqvim xüsusiyyətlərinə görə 12 deyil, 13 tam Ay baş verəcək. Ay rəsmi olaraq bazar günü səhər tam Ay fazasına çatsa da, onu müşahidə etmək üçün ən əlverişli vaxt bazar gecəsi olacaq.
Bu tam Ay, eyni zamanda, “Mikro Ay” kimi də xarakterizə olunur. Bu, Ayın Yer ətrafındakı elliptik orbitinin ən uzaq nöqtəsinə yaxın olduğu zaman tam Ay fazasına düşməsi ilə bağlıdır. Nəticədə Ay adi tam Aylarla müqayisədə bir qədər kiçik və zəif görünəcək.
Mütəxəssislərin hesablamalarına görə, dolunay zamanı Ay Yerdən təxminən 406 min kilometr uzaqlıqda olacaq. Buna baxmayaraq, ölçü fərqini gözlə görmək çətin olacaq.
Astronomlar bildirirlər ki, “Mavi Ay” və “Mikro Ay” hadisələri ayrı-ayrılıqda müəyyən aralıqlarla baş versə də, onların eyni vaxta təsadüf etməsi olduqca nadir hadisədir. Növbəti “Mavi Ay”ın 2028-ci ildə, növbəti “Mikro Ay”ın isə gələn ay müşahidə ediləcəyi gözlənilir. Lakin hər iki hadisənin eyni vaxtda baş verməsi üçün 2053-cü ilə qədər gözləmək lazım gələcək.
Qeyd edək ki, “Mavi Ay” adlandırılmasına baxmayaraq, Ay bu gecə mavi rəngdə görünməyəcək. Termin yalnız astronomik hadisəni ifadə edir və Ayın rəngi ilə əlaqəli deyil.



Digər xəbərlər


















