Saytımızı qiymətləndirin


 
 

Kiçik çillə yerini Boz aya verdi- Xalq Təqvimi
Tarix: 21-02-2021 | Saat: 20:22
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 - 

Xalq təqviminə əsasən, Azərbaycanda qışın daha soyuq hesab edilən dövrü - Kiçik çillə başa çatıb. Bu gündən onu Boz ay əvəzləyəcək...


Qarabaginfo.az
modern.az-a istinadən xəbər verir ki, qış fəsli dekabrın 21-də başlayıb.

Qeyd edək ki, Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruz bayramınadək qalan 30 gün Boz ay adlanır. 
Bu təqvimlə dekabrın 21-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 21-dək Boz ay davam edir.

Adətən Böyük çillədən fərqli olaraq, Kişik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Eyni zamanda qar yağır.
Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.

Amma kiçik çillənin bitməsi şaxtalı havaların bitməsi demək deyil. Boz ay da kifayət qədər sərtliyini hiss etdirən zamandır. Bu məqamda belə bir sual yaranır. Niyə məhz Boz ay? Kiçik çillədən sonrakı ayın Boz adlanması hansı anlama gəlir?  

Bu onunla izah olunur ki, Boz ayda havalar tez-tez dəyişir. Bir gün isti ola bilər, səhər soyuq ola bilər, yəni hava üzünü bozardır.

Boz ay haqqında bir neçə deyim də var. Məsələn: “Boz ay bozara-bozara keçər”.

Boz ay dövründə iqlim təzadlı keçsə də, əkinçilikdə bəzi işlərin görülməsinə başlanılır.  Elə baharın müjdəçisi hesab olunan novruzgülü də adətən Kiçik çillənin sonu, Boz ayın əvvəlində açır. Etnoqraflar deyirlər ki, novruzgülü Boz ay girməmiş heç vaxt açmır. 


Qeyd edək ki, bu il Azərbaycanda yaz fəsli martın 20-də yerli vaxtla saat 13:37-yə başlayacaq.
Həmin gün gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsməklə cənub yarımkürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayır.
AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 23-ü, axırıncı çərşənbə isə martın 16-na təsadüf edəcək.
Fevralın 23-də ilk - Su çərşənbəsi, martın 2-də Od, martın 9-da Hava (Yel), martın 16-da isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. 
Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.
Xatırladaq ki, Nazirlər Kabinetinin "2021-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Bu il 20-21 mart həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, martın 25-i və 26-ı da qeyri-iş günü olacaq. Eyni zamanda 27 və 28 mart da həftənin şənbə və bazar günlərinə təsadüf edir.   

Beləliklə, Novruz bayramı ilə əlaqədar 9 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26, 27 və 28 mart) iş olmayacaq. 



Xəbəri paylaş

1311 dəfə oxunub.

Digər xəbərlər