Saytımızı qiymətləndirin


 
 

Otel otağında qətl – Günah qadınlardadır!
Tarix: 18-01-2021 | Saat: 12:30
Bölmə:Karusel / Yazar | çapa göndər

 

Otel otağında qətl – Günah qadınlardadır!

Çingiz Özgür
 
Bu gün ölkədə yenə hadisə baş verib. Yox, bu bir az adi çıxdı, belə deyək-bu gün ölkədə yenə qətl hadisəsi baş verib. Çox kriminal ölkə olmasaq belə, qətl hadisəsi bizdə qeyri adi hadisə sayılmaz. Hətta haradan və necə yaranıb bilmirəm, amma ata- babadan qalma “ peçat”ımız da var, qətl hadisəsi üçün: “Günah öləndə olar”.
 
Bu söz birləşməsi-cümlə, bizim əməlli başlı deyimimiz, bəzən faktımız, bəzən də alibimiz olub illərdir. Nə olub? Adam öldürüblər! Kim kimi öldürüb? Filankəs filankəsi! Və dərhal hökm: Əşşi qardaş, vallah –billah günah öləndə olar e. Allah bilir nə oyun çıxardıb.
Hələ də ki, ölən qadın ola!
Başda demədim axı, qoy konkretləşdirim. Bu gün ölkədə baş verən qətl hadisəsində öldürülən tərəf qadın olub. Bax, bu yerdə elə sən də dayandın, bir az düşündün. Əgər ölən tərəf qadındırsa, “günah öləndə olar” -deyimi bir xeyli möhkəmlənir. Haradan baxsan ağıllı-savadlı saydığımız, oxumaq-yazmaq bilən kütlənin azı 30 faizi qeyd-şərtsiz o fikirdədir ki, ölkədə öldürülən qadınların günah özündədir. Dildə tələffüz olunmasa da, ürəkdən beyinə tərəf üç dörd söz cümləyə çevrilib axır - “Allah bilir nə günahı varmış”.
Baş verən hadisəni bir azca da dəqiq yazım: Bu gün bir qadın əri tərəfindən qətlə yetirilib! Bizim o məşhur deyimin əhatə miqyası bir az da böyüdü, hə? Bayaqkı otuzun üstünə bir 30 da gələr, bu tipli xəbəri oxuyan azı 60 faiz gözlərini süzər, dodağını büzər, ürəyini üzər və o məşhur məsəli ürəkdən beyinə, oradan da dodağa ötürüb pıçıldayar: “Günah öləndə olar əşşi, Allah bilir nə günahı varmış...”
Bir azca da yaxın oturun, hadisənin yerini də əlavə edək: Bu gün otellərdən birində, bir qadın öz əri tərəfindən qətlə yetirilib. Bax burda artıq axan sular dayanar! Küləklər əsməz, yağışlar yağmaz. Əvəzində bizim oxuma-yazma bilən, sosial şəbəkədən istifadə qabiliyyətinə malik, özünü dünyanın xeyli hissəsindən ağıllı, savadlı, dünyagörüşlü sayan böyük əksəriyyət döşənər bu xəbərin verildiyi səhifələrdəki, saytlarındakı rəy yerinə, xəbər yayan qruplara. Bayaq nə qədər idi 60 faiz, gəl üstünə də 30 faiz. Gəl e, qorxma! 90 faiz bir dildən, eyni şeyi təkrarlayar: günah öləndədir!
Bax bu gün beləydi vəziyyət. Bir insan ömrü bitmişdi. Bir qadın öldürülmüşdü. Bizə təzəcə qalib çıxdığımız, fəxr edib öyündüyümüz müharibədə o qələbəni yaşadan əsgərlərdən birinin potensial anası vəhşicəsinə öldürülmüşdü. Bir otel otağında, əri tərəfindən bir qadın öldürülmüşdü. Bizdən biri, bir insanın həyatı sonlandırılmışdı. Və bu hadisəyə münasibət şərhlərinin 90 faizi məhz belə idi - yuxarıda dediyim kimi. Bəzisi daha qəddar, bəzisi daha amansız, bəzisi daha zalımca, amma eyni şərhlə - günah öləndə olar!
Mən məsələnin qadın-kişi bərabərliyi tərəfinə heç keçmirəm də. Baş vermiş hadisəyə seksist yanaşmaya cavab vermək fikrində də deyiləm. Mən bu ölkədə qadın hüquqlarının, elə məhz qadınlar tərəfindən zərb məsələ çevrilmiş “Ər ağacı- gül ağacı, əsirgəmə vur ağacı” deyimi ilə qətl edildiyinin də üstündə dayanmıram. Bu ölkədə qadına şiddətin başında, o şiddəti uyğulayan kişinin anasının-yəni qadının dayandığını da vurğulamaq fikrim yoxdu.
Amma günahın öləndə olmadığını düşünürəm. Nə hüquq-mühafizə orqanlarının işinə qarışıram, nə də istintaqın gizliliyini pozuram. Yaxın gəlin, ehtimalları sayıram.
1. Kişi öz yoldaşı ilə otelə gedib, hər şey çox gözəl imiş, birdən adi, orta statistik bir anlaşılmazlıq çıxıb, mübahisə zəminində kişi öz arvadını döyüb və qadın aldığı travmadan yerindəcə keçinib.
2. Kişi ilə qadın hansısa rayondan gəliblər, geri qayıtmaqçün icazələri olmayıb, məcbur oteldə qalası olublar. Bu zaman kişi hərgünkü “arvadı başa salma” əməliyyatını bir az genişləndirib, kişinin vurduğu hər hansı zərbə nəticəsində qadının başı harasa dəyib və qadın keçinib.
Hə, deyəcəksiniz ki, xəbərdə boğulma söhbəti də var idi. Əlbəttə, bura oteldir, nə öz yaşadığı bina, nə də geniş həyət evi deyil axı, bütün sadaladıqlarımızın sonucunda çığır-bağır salan arvadın, səsi çıxmasın deyə balıncı ağzına qoymaq lazım idi. Di onda davam edək.
3. Hər şey əla imiş. Ər- arvad hamıdan qaçıb oteldə fələkdən bir gün çalmaq istəyirmişlər ki, qadın əyləncənin dozasını qaçırdıb, kişi də öz arvadını bu vəziyyətdə görməyi özünə sığışdırmadığı üçün ya allah, salıb şillə- təpiyin altına. Sonra da yuxarıda dediyimiz kimi, səsi çıxmasın deyə, balıncı ağzına basıb.
4. Ər-arvad otelin foyesində başqa bir cütlüklə rastlaşıb. O digər cütlük bu cütlüyü də özləri kimi 1-2 saatlıq cütlük sayıb və o cütlüyün kişisi bu ər-arvadın qadınına bir az çox qəribə baxıb və gülümsünüb. Ər də arvadının o kişini, o kişinin də bunun arvadını haradansa tanıdğını düşünüb, arvadının məhşər ayağına çəkib, cavab almayınca yumruqlarını işə salıb və sonuc bəlli...
5...
6...
50. Ər – arvad hamıdan, mentalitet sayəsində birlikdə yaşamağa məhkum olduqları valideyinlərindən belə qaçaraq gözəl bir gecə üçün otelə gəliblər. İlk başda hər şey gözəl gedib. Gecənin bir anında xanım nə vaxtsa, haradasa eşitdiyi bir hərəkətlə gecəyə rəng qatmağa çalışıb... Və “ sən bunu haradan bilirsən?”- iması ilə başlayan davanın sonunda qadın boğularaq öldürülüb...
Bu gün bu ölkədə bir qətl hadisəsi baş verib. Bir insan başqa bir insanı öldürüb. Yüzlərlə, minlərlə səbəbin öldürəni günahkar çıxara biləcəyinə rəğmən, bir insanın ölümünə heç bir səbəbin haqq qazandırmadığına rəğmən, biz artıq qərarı vermişik- günah öləndə olar. Çünki ölən qadındır. Çünki o qadını öz əri öldürüb. Çünki o qadını əri oteldə öldürüb...
Qadını... Əri... Oteldə...
Vəssalam! Hər şey bu qədər asandır...
(Bakupost.az)


Xəbəri paylaş

1479 dəfə oxunub.

Digər xəbərlər