Saytımızı qiymətləndirin


 
 

Türkiyədən Azərbaycana 259 minlik brilyant daşlar gizli yolla necə gətirilib? - TƏFƏRRÜAT
Tarix: 20-02-2022 | Saat: 18:41
Bölmə:Karusel / Gündəm | çapa göndər

Türkiyədən Azərbaycana 259 minlik brilyant daşlar gizli yolla necə gətirilib? - TƏFƏRRÜAT

Türkiyədən Azərbaycana gizli yolla brilyant gətirən Rüstəm İbrahimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Araşdırmalar zamanı məlum olub ki, Rüstəm həmin brilyant daşları həm özü, həm də tanışının adına sifariş verdiyi geyim əşyalarının arasında gizlədibmiş.

Qarabaginfo.az xəbər verir ki, Rüstəm İbrahimov uzun müddət Bakıda qızıl alışı və satışı ilə məşğul olub. Sonra tanış olduğu Dior adlı şəxslə belə bir plan qurublar. Özbəkistan vətəndaşı olan Dior Rüstəmin müştərisi olub və uzun müddət ondan alış-veriş edib.

Rüstəmin ifadəsindən məlum olub ki, pandemiya ilə əlaqədar işlər zəifləyəndə Diorun da ona borcu yaranıb. Buna görə də Dior 20 min dollarlıq borcuna görə ona brilyant göndərməyə razılaşıb.

Dior əvvəlcə brilyantı Türkiyəyə gətirib. Oradan isə Rüstəmin sifariş verdiyi iki ayrı bağlamanın içərisinə yerləşdirib. İdman ayaqqabısının və geyim əşyasının içərisinə qoyulan brilyant daşların ümumi dəyəri 259 min manatdan çox olub.

Rüstəm yalnız borcunun qarşılığında həmin brilyantları qəbul etdiyini desə də, ona göndərilən malın ümumi dəyəri bunun əksini deyir.

Hər iki bağlamanı “Smart Customs” proqramı ilə “ayaqqabı və köynəklər” kimi bəyan edərək Azərbaycana gətirilməsinə nail olan Rüstəm, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Poçt Göndərişləri” gömrük postunda “ilişib”. Gömrük baxışı zamanı brilyant qaşlar aşkar edilərək götürülüb.

Bundan sonra Rüstəm və adına mal sifariş verdiyi dostu Cəmil də idarəyə çağırılıb. Cəmil baş verənlərdən xəbərsiz olduğunu deyib. Rüstəm də bildirib ki, Cəmilin bundan xəbəri olmayıb və dost kimi ondan adına mal sifariş verməyi xahiş edib. Cəmil də onun xahişini yerinə yetirib.

Araşdırmalar zamanı Rüstəmin bu əməli Cəmillə yox Dior adlı şəxslə törətdiyi müəyyən edilib və ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Dövlət Gömrük Komitəsi mülki iddia qaldıraraq qeyd edilən brilyantın ölkəyə gətirilməsinə görə ödənilməli olan məbləğ təqsirləndirilən şəxsdən tutulmalıdır. Məhkəmə 33445 manatlıq mülki iddianı təmin edib. Həmin məbləğ Rüstəm İbrahimovdan tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin qərarına əsasən qeyd edilən məbləğ ödənildikdən sonra brilyant daşlar R.İbrahimova qaytarılmalıdır.

Hökmə əsasən R.İbrahimovun himayəsində 3 uşağının olması, əməlindən səmimi peşmançılıq çəkməsi nəzərə alınaraq ona şərti cəza verilib. (Musavat.com)



Xəbəri paylaş

1235 dəfə oxunub.

Digər xəbərlər