Saytımızı qiymətləndirin


 
 

Ataların ruhu, övladlarının güzgüsü
Tarix: 14-10-2022 | Saat: 12:28
Bölmə:Yazar | çapa göndər

 

Övladlar atalarının ruhunun bir əks-sədası, güzgüsüdür. Ruhunda ondan izlər daşıyar və o şəkildə böyüyər. Yaxşı ya da pis, gözəl və ya çirkin fərq etməz bu izlər.. atasında sevdiyi, qorxduğu, qəzəbləndiyi, hörmət etdiyi nə kimi xüsusiyyətlər varsa bir gün mütləq övladın özündə görünər. Həm də bu səfər ikiqat şəkildə: çünki o, həm öz ruhunu, həm də atasının mirasını daşıyar. 

Bəs ata necə olunur? Övladlarına həqiqi ata olmaq üçün nələr etməli? Hər bir şəxs ata ola bilər? 

Ata olmaq demək sadəcə övlad sahibi olmaqla bitmir, hər bir canlıya - təbiətə, heyvanlara, insanlığa sözün əsl mənasında atalıq etmək lazım gəlir. Şəxs öz mənliyini qorumalı, tərbiyə etməli,qayğısına qalmalıdır. Belə olduğu təqdirdə canından bir parça olan övladlarına doğru yolu göstərmək qüdrətində olar.

Özünə inam, akademik müvəffəqiyyət, məsuliyyət, aidiyyət hissi, cinsi kimliyin formalaşmasıvə bir çox digər dəyərlərin qazanılmasında atalar əsas rol oynayır. Atasıyla yaxşı münasibətdə olan və onun dəstəyini hiss edən uşaqlar (daha çox qız övladlar), özünə güvənən və real bir şəxsiyyət quruluşu qazana bilər. Bəzən görürük ucqar dağ kəndlərində sırf qızı məktəbə vaxtında olsun,dərslərindən geri qalmasın deyə atalar övladlarını min bir əziyyətli yollardan keçərək çatdırırlar.Maddi cəhətdən bəlkə də istənilən qədər imkanı olmasa belə həmin ata qızı üçün ən zəngin insana çevrilər. Belə misallar çox çəkmək olar..

Qeyd etdiyim kimi, atalarla doğru şəkildə ünsiyyət qurmaq çox vacibdir. Belə olmadıqda isə tarazlıq pozulur və şəxsin mənəvi çöküntüsü başlayır. Şüuraltında illər boyu atamıza qarşı yığılmış müsbət və mənfi duyğular bizi idarə edir.Atalara bağlılığımız keçmişdən bugünümüzədək ədəbi mətnlərdə də əksini tapıb. Dini kitablar, əfsanələr və hekayələrin bir çoxunda ata əsas plandadır. Şekspirdən(Hamlet), Dostoyevskiyə(Karamazov qardaşları) və digər neçə-neçə əsərlərdə “atalar və oğullar” probleminə rast gəlirik. Atalar keçmişin izlərini, mötəbərliyi, hörməti, disiplini ifadə edir, oğullar isə gələcəyi, yenilikçi görüşü, azadlığı. Burada atalar hər zaman oğullarını qorumağın bir yolunu tapmaqla, həm övladlarını, həm də onların timsalında insanlığın gələcəyini qoruyurlar. Nəsildən-nəsilə davam edən bu zəncirin halqaları qırılmazdır.

Bəzən isə cəmiyyətdə atalara qarşı olan “istehlakçı” düşüncənin şahidi oluruq. Stereotiplərimizdəatalar evin dirəyi, hamının problemlərini həll edən, maddi sıxıntılardan azad olmaq üçün yardımçı olan şəxs kimi görünür. Bu yanlış düşüncə tərzidir, belə olduqda şəxs özünü bu məsuliyyətlər qarşısında sıxışmış hiss edir. Bəzən "kişilər ağlamaz" ifadəsiyləqarşılaşmağımızın səbəbi də məhz bu olur. Çünki cəmiyyətdə qadın(ana)/ kişi(ata) rolları çoxdan bu şəkildə cızılıb, yazılmamış qanunlar halına gəlib. Bunun qarşısını almaq da yenə bizim öz əlimizdədir. Bu həyatda sevgi verib, sevgi almaq lazımdır. Valideynlərimiz hər mənada çətinliklərini gördükdə bunu qəribsəməməli, məsələnin həlli yollarını birlikdə tapmalıyıq.

Məqalədə bəhs etdiyim kimi, atalarımız ruhu daim bizimlə yaşayır, yenidən, hər səfərində daha güclü şəkildə həyatda qalır. Ona görə də vicdanlı, şərəfli insanların dünyada daha çox olmasını arzu edirəm, belə olduqda yaxşı atalar da çoxalar və övladlarının ruhunda ədəbi yaşayarlar.

 

Həyat Hacıyeva



Xəbəri paylaş

268 dəfə oxunub.

Digər xəbərlər