Saytımızı qiymətləndirin


 
 

"Şərəfdən danışanlarda adətən şərəf olmur" - İlqar Əlfioğlu - FOTO
Tarix: 25-09-2017 | Saat: 15:22
Bölmə:Müsahibə / Mədəniyyət | çapa göndər

 

Qarabağinfo.az İlqar Əlfioğlunun publika.az-a müsahibəsini təqdim edir.

- İlqar müəllim, atanız Əlfi Qasımov da yaradıcı bir insan olub. Maraqlıdır, onunla necə yola gedirdiniz?

- Çox yaxşı. Çünki eyni yola çıxmırdıq. Hərəmizin öz yolu vardı. Mən həmişə atamla özümü başqa-başqa müstəvilərdə hiss eləmişəm. Ata ilə oğulun o zaman problemi yaranır ki, onlar eyni yolu getməyə çalışırlar. Düzdür, deyirlər ki, uşağı yaxşı tərbiyə eləmək üçün onunla dost, yoldaş olmalısan. Dostluq müəyyən sərhədlərin, çərçivələrin götürülməsidir. Bu isə ata-bala arasında yaxşı şey deyil. Çalışmaq lazımdır ki, arada bəlli məsafə daim qalsın.

- Sizcə, yaradıcı ata-oğulun münasibətləri daha fərqli olmalı deyilmi? Məsafə nəyə lazımdır?

- Biri var içdə olan münasibət, biri də cəmiyyət içərisinə çıxardığın münasibət. Bunlar ayrı-ayrı şeylərdir. Sən fikir vermisənmi, bizdə normal xatirə ədəbiyyatı, memuar yoxdur. Kimin memuarına baxırsan, orda hamı peyğəmbərə oxşayır. Hamı az qala Karl Marksdır, Lenindir... Elə bil bu insanların ömür boyu qüsuru, səhvi, cəmiyyəti qane etməyən bir cəhəti olmayıb. Bu isə qeyri-səmimilikdən, cəmiyyətə daha müsbət obraz təqdim və təlqin etmək istəyindən doğur.

- Yəni Anarın atası Rəsul Rzaya münasibəti qeyri-səmimidirmi?

- Anarın valideyninə münasibəti ideal ola bilər. Amma bir şair kimi Rəsul Rzaya münasibəti mütləq fərqli olmalıdır. Bəlkə Anarın atasına qarşı fərqli münasibəti var, amma cəmiyyət içərisinə çıxarmaq istəmir. Bu da onun öz haqqıdır.

Kəramət, insanlar dünyaya yenicə gələndə, yəni uşaqlıq, yeniyetməlik çağlarında bilirsənmi niyə səmimi olurlar? Çünki az bilirlər. Böyüdükcə isə o səmimiyyəti nələrəsə qurban verirlər, hərdən o ilkin səmimiyyətləri üçün burunlarının ucu da göynəyir... Bir də ki, yəqin bilirsən, səmimi adama el arasında nə deyirlər?

- Səy!

- Ay sağ ol! Bizdə mütləq səmimiyyət, insanlara mütləq inam səylik kimi dəyərləndirilir. Amma insan əslində, ilkin olaraq ona yaxınlaşan adama inanmalıdır, elə deyilmi? Axı sən onu tanımırsan, heç bir qüsurlu cəhətini bilmirsən. Deməli, inanmalısan!

İnamsızlıq sonradan yaranan bir şeydir. Gərək sənin pis bir əməlin ola ki, mən də sənə inanmayım. Bizdə isə elə bir mühit formalaşıb ki, adamlar bir-birinə ilk gördüyü gündən inanmır. Absurd bir vəziyyət yaranır: pis adam olduğunu tərəf müqabilin sübut etməlidir, amma sən yaxşı adam olduğunu isbata yetirmək üçün dəridən-qabıqdan çıxmalı olursan .

- Salam Sarvanın bir fikrini tez-tez xatırlayıram. Deyir, biz hamımız bataqlığın içindəyik. Sadəcə, söhbət ondan gedə bilər ki, kim topuğacan batıb, kim dizəcən, kim də boğazacan... Maraqlıdır, bəs siz hara qədər palçığa batmısınız?

- Deyim ki, bataqlığın içində çox rahat yaşayan canlılar var. Qurbağa, kərtənkələ və s. Vacib deyil ki, insan bataqlıqda bədbəxt olsun. İnsanın ən böyük keyfiyyəti öz mikrodünyasını yaratması və onu qoruya bilməsidir. İnsan yalnız son anda əlini sinəsinin üstünə qoyub həyatını qiymətləndirəndə deyə bilər ki, mən bədbəxt idim, yoxsa xoşbəxt. Heç kəs yaşaya-yaşaya, yolun yarısında səmimi şəkildə deyə bilməz ki, mən xoşbəxtəm. Çünki hərəmiz bir cür bədbəxtik, hərəmizin bir yaralı yeri var. Sadəcə, çalışmaq lazımdır, bədbəxtliyin içində də səni yaşadacaq, insanlar üçün gərəkli edəcək xoşbəxt anlar tapa biləsən ki, həyat sənin üçün bitmək bilməyən bir cəzaya çevrilməsin.

- Yəni?

- Yəni özündən və cəmiyyətdən vaxt oğurlaya, həmin dar macal çərçivəsində öz mikrodünyanı yarada bilirsənsə, istədiyin insanların arasında inzivaya çəkilə bilirsənsə, deməli, hətta bataqlığın içində də xoşbəxt ola bilərsən.

- İndi siz xoşbəxtsiniz?

- Bəli, mən özümü xoşbəxt hiss edirəm.

- Bataqlıqda?

- Mən bataqlıda olduğumu qəbul edirəm, amma bunu da dərk edirəm ki, bütün mühit, bütün cəmiyyət, bütün bəşər övladı özünün yaratdığı bataqlıqdadır.

- Yadıma gəlir, rəhmətlik Vaqif Səmədoğlu 75 illik yubileyində çıxış edirdi. Onda xəstə idi. Dedi ki, mən şərəfin nə olduğunu bilmirəm. Bunu deyəndə salon içini çəkdi. Vaqif müəllim isə qayıtdı ki, ümumiyyətlə, dünyada şərəf yoxdur. İndi siz də onun kimi bataqlığın ərazisini niyə bu qədər genişləndirdiniz?

- Mən o fikirlə tamamilə razıyam ki, Allah bizi bu yer üzünə sınaq üçün göndərib. Bir söz var, deyir, filankəs yaşa dolduqca xərifləyir. İnsan cavanlıqda nə qədər güzəştə getmirsə, yaşlananda o qədər yumşalır, o qədər həssas olur. İndi mən sənə sual verirəm: bu nəylə bağlıdır?

- Yaşa dolduqca dünyanın faniliyini dərk edirlər, ona görə?

- Tamamilə doğrudur. Məhz bununla bağlıdır. Çünki yaşlandıqca daha çox bilirlər. Demirəm mən çox bilirəm, amma artıq hiss edirəm ki, bu yer üzündə bizə əziyyət verən nə varsa, onlar əslində, çox cılız, xırda şeylərdir. Bu əziyyətlə uğraşan, ömrünü buna sərf edənlər, bu əziyyətin acısından şikayətlənənlər xırda adamlardır. Çünki hələ heç kim bilmir ki, biz yer üzünə niyə gəlmişik?! Bəlkə elə əziyyət üçün gəlmişik! Bəlkə bizi yoxlayırlar, ola bilməzmi?

Mən Vaqif Səmədoğlunu xarakter etibarilə çox yaxşı tanıyıram və doğrudan da, onun dediyi söz həqiqətdir: mən şərəfin nə olduğunu hələ bilmirəm! Bu insan şərəfli ömür yaşadığını özü hiss eləmir. Daha doğrusu, "şərəf" sözünün üstünə şəllədiyi çəkilməz yükə tab gətirmədiyini anlayır. Burda qeyri-adi nə var ki? Amma şərəfi də elə çox yükləmək lazım deyil yəqin...

- Belə çıxır ki, Vaqif Səmədoğlunun şərəfin nə olduğunu bilməməsi ilə əslində, siz də razısınız?

- Əlbəttə, razı deyiləm! O, hər halda şərəfin nə olduğunu şərəfdən dəm vuran adamların çoxundan yaxşı bilirdi. Sadəcə, özünü o mərtəbəyə layiq görmürdü.

Ümumiyyətlə, insan nədən danışırsa, onda məhz o çatışmır. Babam deyərdi ki, qeyrətdən çox danışan adamdan qaç - qeyrətsiz çıxacaq. Savaddan danışanın savadı yoxdur, piyadadır, cahildir və s.

- Məsələn, Kamal Abdulla bütün yazılarında və çıxışlarında savaddan danışır. İndi onun savadı yoxdur?

- Bu, Kamal Abdullanın kredosudur, onun dünyası, dünyaya baxışıdır. Bəlkə perfeksionistdir, mütləq kamilliyə can atır, ona görə danışır, bəlkə cəmiyyəti savadlı görmək istəyir? Amma yenə deyirəm, insan nədən qısırdısa, çox vaxt ondan danışır. Sən heç vaxt özündə olan şeydən danışmazsan! Bunlar isbat olunmuş həqiqətlərdir.

- Maarifçilər də ömür boyu elmdən danışıb. İndi onların elmləri olmayıb?

- Əlbəttə, elmləri ürəklərincə olmayıb ki, bu qədər elm təşnəsi olublar da! Bəs onlarda bu elm yanğısı hardan yaranıb? Bəs niyə öyrətmək istəyiblər zavallı xalqı?

- Volter, Monteskyö, Russo, Didro... Bunların hamısı savadsız olublar?

- Bəli, heç birinin elmi arzuladığı qədər olmayıb.

- Bakıxanov, Axundov...

- Fərqi yoxdur, onlar da zəkalı adamlar idi, elmlərinin, savadlarının azlığını dərk ediblər. Hər halda mən belə düşünürəm. Sən ətrafında bu qədər cahil görürsən, heç görmüsənmi ki, cahil elmsizliyi özünə dərd eləsin? Elmsizliyini ancaq alim insan özünə dərd eləyər.

- İlqar müəllim, yazda 63 yaşınız olacaq. Peyğəmbər qədər ömür yaşamısınız. Allah ömür versin. Bəs bu yaşda nəyi dərk eləmisiniz, deyə bilərsinizmi?

- Bu barədə mütəfəkkirlər mütləq həqiqəti deyib: bircə onu bilirəm ki, heç nə bilmirəm! Mən yalnız bilmədiklərimin arasında dərk etdiklərimi deyə bilərəm.

- Buyurun...

- Məsələn, dərk eləmişəm ki, insanların xətrinə dəymək olmaz. Dərk eləmişəm ki, xoşbəxt olmaq üçün insana çox az şey lazımdır. Dərk eləmişəm ki, insanların hamısı sidq-ürəkdən istəsə, xoşbəxt bir cəmiyyət yarana bilər. Dərk eləmişəm ki, xoşbəxtlik əslində, zəncirvari bir prosesə də çevrilə bilər. Yəni insan sağındakını xoşbəxt eləyər, o da öz sağındakı xoşbəxt eləyər, proses beləcə davam edər, bir də görərsən ki, solundakı da səni xoşbəxt elədi, çevrə qapandı... Dərk eləmişəm ki, həyatın mənası övladdır. Dərk eləmişəm ki, insan özünün bacarmadığı şeyləri övladından tələb eləməyə meyllidir və sairə...

- Bunları dərk eləmək üçün 63 il yaşamaqmı lazımdır?

- Bəli, lazımdır. Biz bunları 20 yaşımızda da dilə gətirirdik, amma inanmırdıq axı. Ramiz Rövşənin bir yaxşı sözü var. Mənim yubileyimdə demişdi ki, ömrün çoxu 60-dan sonrakıdır. Ola bilər bundan sonra beş il yaşayasan, üç il yaşayasan, amma məzmun etibarilə ömrün çoxu yaşadığın yox, yaşayacaqlarındır. Doğrudan da, 60-dan sonra dərk edirsən ki, ölüm əslində, insana verilmiş ən böyük bonusdur. Özü də ölüm elə bir nemətdir ki, kimsədən əsirgənmir. Ölmək xoşbəxtliyini insanın əlindən almaq mümkün deyil.

- Ramiz Rövşəndən misal gətirdiniz... Bir sual vermək istəyirəm. Bir neçə adam var ki, onlarda Ramiz müəllimə qəribə bir vurğunluq, emosional bağlılıq var. Hətta sizdə Ramiz Rövşənlə bağlı tənqidlərə qarşı yaşınıza uyğun olmayan aqressiya da görmüşəm. Bu, nə ilə bağlıdır?

- Mənim aləmimdə Ramiz yükünü dağa yığmış adamdır. Biz hələ fikirləşirik, hər gün nəsə kəşf eləməyə çalışırıq. Amma Ramiz çoxdan fikirləşib, hər şeyi saf-çürük edib, öz həqiqətini kəşf eləmiş adamdır. Bu mənada mən Ramizlə cəmiyyətimizdə ikinci bir şəxsi müqayisə eləyə bilmərəm.

Bir dəfə Ramizdən özümü çoxdan düşündürən suala cavab istədim. O sualın cavabında ən yaxşı halda, təxminən, iki ay fikirləşib nəsə ağlabatan bir şey demək olardı, ya da ki, heç olmazdı. Gördüm ki, Ramiz bunu çoxdan fikirləşib qurtarıb, mənə hazır cavabını dedi. Bu mənada Ramiz bir fenomendir, o mənim gözümdə nəfəs alan, yeriyən, ən əsası da danışan kitabdır.

Məsələn, Kəramət, hələ cavansan, sən çox şeydən əziyyət çəkəcəksən. Böyüdükcə, insanlarla tanış olduqca, cəmiyyətin sifətlərini növbə-növbə gördükcə, hər dəfə nəsə öyrənəcəksən. Amma əslində, sən bunların hamısını hazır şəkildə Ramizdən ala bilərsən. Çünki Ramiz həqiqətinə çatmış adamdır.

- Verir ki, alaq da? Danışmır, susub.

- Ramiz həm də o həqiqəti kəşf eləyib ki, danışmağın, cəmiyyətə söz ünvanlamağın mənası yoxdur. İnsanlar yıxıla-yıxıla, başı-gözü partlaya-partlaya öz həqiqətlərini özləri kəşf eləməlidir. Təbii, Ramiz də həqiqətinə yanıla-yanıla çatıb yəqin. Amma, çatıb da!

- Bizdə yaradıcı adamların evinə çörək apardığı bir neçə iş yeri var, onlardan biri də Tərcümə Mərkəzidir. Siz də bu qurumda çalışırsınız. Özünüzü necə hiss edirsiniz, burda sizi bezdirən, yoran şeylər varmı?

- Kəramət, 20, 40 və 60 yaşın bir-birindən fərqi bilirsənmi nədədir? Məsələn, ümumi bir ədalətsizlik var dünyada. 20 yaşlı insanlar bunu fərdlərlə əlaqələndirir, 40 yaşda cəmiyyətlə, 60 yaşda isə artıq bunu bütün dünyaya xas bir şey kimi qəbul edirsən, dünyanın ədalətsizliyi sənin üçün aksioma çevrilir. Təbii ki, ziyalılar maddi cəhətdən sıxıntı yaşayır, ziyalılar iynə ilə gor qazır, bir kitab yazanda, ən yaxşı halda oğlunun yarım illik təhsil haqqı eləyir. Bunu hamı bilir. Belə olmamalıdır, bunu da hamı bilir.

Bizim Mərkəz çox böyük işlərlə məşğuldur. Bura əsl ziyalı məkanıdır, ziyalı isə ona görə ziyalıdır ki, bir az altruist olur, ürəyindən xəbər verən işlərin qulpundan maddi marağı yeddinci-səkkizinci plana tullayır. Mən burda bir-birinə bab, bir-birini bir kəlmədən anlayan adamların çevrəsində olduğuma görə özümü çox xoşbəxt sayıram. Hesab edirəm ki, burda çalışan hər bir söz adamı da mənim kimi düşünür. Çünki Mərkəz Azərbaycan reallığı çərçivəsində bizə bütün mümkün imkanları yaradıb.

- Bir suala cavabınız da mənim üçün maraqlıdır. Azərbaycanda dissident ədəbiyyatı olubmu?

- Olmayıb. Bunu birmənalı şəkildə deyirəm. Bizdə dissident ədəbiyyatı olsaydı, 90-cı illərdə ortaya əlli roman çıxardı və deyərdilər ki, mən vaxtında bunu yazmışam, Soveti belə damğalamışam, elə məhv eləmişəm və s. Bizdə heç vətəndaş müharibəsi də olmayıb axı. Azərbaycanda üç dənə qolçomağa qarşı beş dənə bolşevik mübarizə aparıb. Bu, vətəndaş müharibəsidir? Biz bir-birimizə güllə ata bilən xalqıq? Yox! Biz o qədər prinsipial bir xalq deyilik ki, bir-birimizə siyasi zəmində güllə ataq...

- Ölkədə "Qanun" Nəşriyyatının tərcümələri daha məşhurdur, az-çox onlar satılır, onlar oxunur. Və istər-istəməz sual yaranır ki, bəs Tərcümə Mərkəzi nə işlə məşğuldur?

- Bunun obyektiv və subyektiv səbəbləri var. Əvvəla, Tərcümə Mərkəzi mövcud olduğu dövrdə bir neçə ölkədə Azərbaycan ədəbiyyatı antologiyasını çap edib. Bizim xarici nəşr üçün hazırladığımız kitablar orada kitabxanalara, universitetlərə paylanır, yayılır. Hətta gənc yazarların da bir antologiyası nəşr olunub. Bu, Azərbaycan ədəbiyyatının yox, Azərbaycanın özünün təbliğidir. Məhz bu mənada deyirəm ki, Mərkəz çox böyük işlər görür.

İkincisi, Mərkəz bir sıra işlərlə məşğuldur ki, onu bizə qədər ya heç eləməyiblər, ya da, kefiyyətli olmayıb. Tərcümə Mərkəzinin boynuna dövlət çox böyük işlər qoyub. Böyük işlər üçün isə çox böyük adamlar lazımdır. Bizim kollektiv böyük mənada, hələ tam formalaşmayıb. Nə bilim, bəlkə də artıq formalaşıb. Məsələn, deyə bilərəm ki, bir neçə dildən peşəkar tərcümə yalnız Tərcümə Mərkəzindədir.

- "Qanun" Nəşriyyatının tərcümələrini keyfiyyətli hesab eləmirsiniz?

- Mən heç öz tərcümələrimi keyfiyyətli saymıram, o ki qala "Qanun"un tərcümələrini. Tərcümə nəhayətsiz bir prosesdir, ona görə də keyfiyyətdən danışmağın tərəfdarı deyiləm. Yaxud da, tutalım, "Qanun" öz maddi imkanlarından çıxış edib, bəzən tələbələrə də kitab tərcümə elətdirir. Onları qınamaq çox asandır. Məncə, hətta zəif tərcümənin çıxması belə çıxmamasından qat-qat yaxşıdı. Vaxt gələr, imkanlar genişlənər, zəif tərcümələrə bir də, daha peşəkar şəkildə müraciət edərlər.

- Bəzən görürsən ki, "Qanun" da eyni işləri görür, eyni kitabı tərcümə eləyir, Tərcümə Mərkəzi də. Əgər məqsəd ümumi işin xeyrinədirsə, eyni işi görməmək üçün niyə aranızda əlaqə yaratmırsınız?

- Doğrudur. Mən inanıram ki, nə vaxtsa belə bir koordinasiya olacaq, çünki vəsait onsuz da azdır, üstəlik eyni işlərə yönəldilir, müəyyən mənada israf olur, işin səmərəsi aşağı düşür. Amma bir əldə cəmləşsə, onda da rəqabət olmayacaq. Amma yenə deyirəm, tərcümə çox ağır bir prosesdir. Bu gün tərcümə elədiyin kitaba üç il sonra baxırsan, nə qədər nöqsanlar görürsən. Tərcüməyə yanaşma da, elə dilimizin özü də hələ formalaşmayıb, sadəcə, öz formalaşma yolunun başlanğıcındadır. Məsələn, hərdən mənə elə gəlir ki, mən fars və rus dillərini doğma dilimizdən daha yaxşı bilirəm.

- Gör bu dildə bədii əsər yazmaq necə müşkül məsələdir...

- Əlbəttə! Çox müşküldür.

- Bir mütəxəssis kimi deyə bilərsinizmi, Nəriman Əbdülrəhmanlının tərcümələri xoşunuza gəlir?

- Mən görülmüş işə tərəddüdsüz qiymət vermək zəkasına sahib bir kəs saymıram özümü. Bir onu bilirəm ki, heç kim bilə-bilə pis tərcümə eləməz. Nəriman müəllim çox məhsuldar işləyən tərcüməçidir. Ümumiyyətlə, çox məhsuldar işləyən söz adamıdır. Sözün çəkisini bilən və sözlə oynamağı bacaran püxtə bir yazıçıdır. Amma fikrimcə, tərcümələrində bədii yaradıcılığı qədər özünü doğrulda bilməyib. Nəriman müəllim tərcüməsinə də öz yazıları qədər həvəsli, ciddi olsa, vaxt onu sıxmasa, dolanışıq dərdi olmasa, çox ciddi tərcümə şedevrləri ortaya qoya bilər. Sadəcə, onun və eləcə də hamımızın pul dalınca qaçmaq kimi sağalmaz dərdimiz var, nə edək...

- Bəs Afaq xanımın tərcümələri necə, bəyənirsiniz? Onun ki, pul dalınca qaçmaq dərdi yoxdur.

- Bəyənirəm!

- Konkret "Patriarxın payızı"nın tərcüməsi necədir?

- Çox gözəldir.

- Amma yadınızdadırsa, mətbuatda tənqid olunmuşdu.

- Tənqiddə problem yoxdur. Mənim yazımı, yaxud həmin o tənqidçinin yazdığını Afaq xanıma versələr, qapqara eləyib geri qaytarar. (gülür) Mən çox istərdim ki, Afaq xanım işdən fürsət tapan kimi, öz yazılarını yazsın, içini əzənləri, onu incidənləri, düşündürənləri ortaya qoysun. O boyda istedadı tərcüməyə sərf etməsini rəva bilməzdim..

- Son sualım... İlqar müəllim, bizim bir çox ziyalılarımız hər şeydən rahat danışa bilir. Ailə, şəxsi həyat, yaradıcılıq, sənət və s. Amma siyasətdən söz düşəndə sinələrini geri çəkir, udqunurlar, axsayırlar, çaş-baş qalırlar, özlərini ağır bir sınaqda hiss edirlər...

- Bayaq da sənə dedim ki, 20 yaşındakı İlqar başqadır, 40 yaşındakı İlqar bir başqa! 60 yaşındakı İlqar isə tamamilə başqadır. Bu o demək deyil ki, mən prinsiplərimi nəyəsə qurban verirəm. "Ziyalı" sözü "işıq" deməkdir. Ziyalı o adama demirlər ki, o, çox bilir. Ziyalı o adama deyirlər ki, bildiyini bölüşür, ətrafındakıları ziyalandırır. Ziyalı adam savadsız da ola bilər. Yəni ali təhsili yoxdur, oxumayıb, amma ziyalıdır. İndi de görüm, konkret sualın nədir?

- Bir ziyalı kimi siyasətdən danışsaq, siz də axsayarsınızmı?

- Mən özümü axsaq saymıram! Və indicə toxunduğun axsaqlığı Azərbaycan xalqının mentalitetində görürəm. Bizdə bir çox xalqlardan fərqli olaraq sözü üzə demək xüsusiyyəti yoxdur. Heç kim heç nəyi açıq demək istəmir, nənəm demişkən, hamı əlinə bir mala alıb hər şeyin üstünü malalamaqla məşğuldur. Bəlkə, ziyalılarımızın siyasi axsaqlığının da səbəbi elə çoxbilmişlikləridir?..



Xəbəri paylaş

745 dəfə oxunub.

Digər xəbərlər