Tarix: 02-07-2020 | Saat: 21:59
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər
“Biz Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarının daha da artırılması üçün səylərimizi davam etdirməliyik. Yükdaşımaların optimallaşdırılması üçün tariflərin unifikasiyasının həyata keçirilməsi vacibdir. Bugünkü görüşümüzün nəticələrinin və gələcək addımların müzakirəsi üçün ölkələrimizin nəqliyyat strukturlarının işçi görüşünün keçirilməsini təklif edirəm”.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla videokonfrans vasitəsilə görüşü zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, Avropa İttifaqının Şərq-Qərb nəqliyyat dəhlizinə marağı artmaqdadır: “2019-cu ilin iyul ayında Azərbaycana səfər etmiş Avropa İttifaqı Şurasının prezidenti cənab Donald Tusk Ələt Beynəlxalq Dəniz Ticarət Limanına getmiş və limanın imkanları ilə yerində tanış olmuşdur. Artıq bir neçə Avropa ölkəsi bu dəhlizə qoşulmuşdur. Digər tərəfdaş dövlətlər də dəhliz vasitəsilə yükdaşımalara böyük maraq göstərirlər.
Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə keçirilmiş zirvə görüşündə Afrika İttifaqının və Avropa İttifaqının rəhbər şəxsləri iştirak etmişlər. Qoşulmama Hərəkatının tədbirində Avropa İttifaqının ilk dəfə iştirakı tarixi hadisə idi. Azərbaycan bu iki təsisat arasında əlaqələrin inkişafı istiqamətində öz səylərini davam etdirəcəkdir”.
Azərbaycan Prezidenti əlavə edib ki, Avropa və Asiya ölkələri Şərq-Qərb nəqliyyat dəhlizinin iştirakçılarıdır: “Hesab edirəm ki, bugünkü görüşün mövzusu olan nəqliyyat-logistika mövzusu Avropa İttifaqı ilə Qoşulmama Hərəkatı arasında praktiki əməkdaşlıq üçün ilk addım ola bilər.
Azərbaycanın xarici siyasətində ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli əməkdaşlıq konsepsiyası da mühüm yer tutur. İnanıram ki, bugünkü üçtərəfli görüşümüzün nəticələri uğurlu olacaq, regional əməkdaşlığa və iqtisadi inkişafa töhfə verəcəkdir”. APA
Digər xəbərlər