Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Prezidenti: “9 May - bizim ümumi Böyük Qələbə günümüzdür” - MÜSAHİBƏ
Tarix: 09-05-2020 | Saat: 15:13
Bölmə:Manşet / Karusel | çapa göndər

Azərbaycan Prezidenti: “9 May - bizim ümumi Böyük Qələbə günümüzdür” - MÜSAHİBƏ

Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalının may buraxılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müsahibəsi dərc olunub. Jurnal Rusiyada və beynəlxalq səviyyədə rəsmi dövlət qurumları, diplomatlar, siyasi, hərbi ekspertlər, tədqiqatçılar və digər mütəxəssislərdən ibarət geniş auditoriyaya malikdir.

"Qarabaginfo" müsahibəni təqdim edir.

- İlham Heydər oğlu, qarşıdan Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi gəlir. Bu ümumi Qələbəyə Azərbaycanın töhfəsi nədən ibarət olub, Azərbaycanda yaşayan Böyük Vətən müharibəsi iştirakçılarını necə şərəfləndirmək planlaşdırılır?

- Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi yaxınlaşır. Biz tarixdə bu əlamətdar günə qayğı ilə yanaşır, döyüş meydanında və arxa cəbhədə qələbəyə töhfə verənlərin xatirəsini ehtiramla yad edir, öz həyatları bahasına dünyanı faşizmdən xilas etmiş zabit və əsgərlərin igidliklərinə hörmətimizi bildiririk.

Azərbaycan bizim ümumi qələbəmizə böyük töhfə verib. Azərbaycanın 600 mindən çox nümayəndəsi müharibədə iştirak edib, onlardan 300 mini həlak olub, 120-dən çox Sovet İttifaqı Qəhrəmanı əslən Azərbaycandandır, bizim 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Qızıl Ordu üçün neftin 70 faizini, yanacağın 80 faizini və sürtkü yağlarının 90 faizini Azərbaycan təchiz edib, bunlar olmasaydı, müharibədə qalib gəlmək mümkün olmazdı. Təsadüfi deyil ki, faşist Almaniyası Bakını tutmağa can atırdı. Yeri gəlmişkən, mən bu barədə 2019-cu ilin oktyabrında MDB-nin Aşqabad Sammitində demişdim: məlum kadrlar var, orada Hitlerə üzərində alman dilində “Xəzər dənizi” sözləri yazılmış tort verirlər (Xəzər dənizinin sərhədlərinə qara rəngli şokolad süzülüb), o, svastikanı əlinə götürür və “Bakı” sözü yazılmış yerə qoyur. Bu, faşistlərin Azərbaycanın neft yataqlarını tutmaq planını vurğulayır.

Bizim müəssisələrdə gecə-gündüz hərbi texnika, o cümlədən məşhur “Katyuşa” raketləri istehsal edilirdi.

Azərbaycan elminin nümayəndələri də bizim ümumi qələbəmizə sanballı töhfə veriblər. Bunu bilən azdır, amma böyük Azərbaycan alimi Yusif Məmmədəliyev sonradan “Molotov kokteyli” adı ilə məşhurlaşmış yandırıcı qarışıq ixtira etmişdi.

Azərbaycanda formalaşdırılmış 416-cı Qırmızı Bayraqlı Taqanroq diviziyası Qafqazdan Berlinə qədər şanlı döyüş yolu keçib. Böyük Vətən müharibəsi cəbhələrində ləyaqətlə döyüşən, Azərbaycanın bayrağını uca tutan, xalqımıza xas olan vətənpərvərlik, cəsarət, doğma torpağın müdafiəsində dönməzlik kimi ən yaxşı keyfiyyətləri nümayiş etdirən bu diviziyanın döyüşçülərinin igidliyi və şücaəti ilə ölkəmizdə fəxr edirlər.

Bu ilin mart ayında Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubevin başçılığı ilə nümayəndə heyəti Azərbaycana səfər etmişdi. Onlarla görüş zamanı mənə 1980-ci ildə o dövrdə Azərbaycanın rəhbəri olmuş ümummilli lider Heydər Əliyevin Rostov vilayətinə səfərinə həsr edilmiş bir videoalbom verdilər.

Heydər Əliyev həmin səfər zamanı Rostov vilayətinin faşizmdən azad edilməsinin rəmzi olan və müstəsna igidliklər göstərmiş 130-cu və 416-cı Azərbaycan atıcı diviziyalarının əsgərlərinin qəhrəmanlığına həsr edilmiş “Sambek yüksəklikləri” memorialının açılışında iştirak edib.

İndi həmin memorialın yanında “Sambek yüksəklikləri” adlı xalq hərbi-tarixi muzey kompleksi yaradılır. O görüşdə qeyd edilmişdi ki, bu il həmin kompleksin açılışı planlaşdırılır. Rusiya tərəfinin 416-cı Taqanroq diviziyasının əsgər və zabitlərinin xatirəsini və igidliklərini ehtiramla yad etməsini biz çox yüksək qiymətləndiririk.

Bu gün Böyük Vətən müharibəsi veteranları Azərbaycanda dövlət tərəfindən böyük dəstək alır. Biz onların qəhrəmanlığını həmişə xatırlayırıq. Hər il mayın 9-da mən bu böyük tarixə həsr edilmiş təntənəli tədbirdə onlarla görüşürəm, biz həlak olanların xatirəsini birlikdə yad edir, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Lakin təəssüf ki, müstəqilliyin ilk illərində vəziyyət belə deyildi. Özünü Xalq Cəbhəsi adlandıran bir qrup hərbi çevriliş yolu ilə hakimiyyətə gələndə onlar 9 May bayramını ləğv etdilər, müharibə veteranları təqiblərə, mənəvi terrora məruz qalırdılar, bəzi ölkələrdə indi də baş verən hadisələr o vaxt praktiki olaraq bizdə baş verirdi. Yalnız Heydər Əliyev hakimiyyətə qayıdandan sonra tarixi ədalət bərpa olundu, veteranlar yenidən dövlətin dəstəyindən istifadə etməyə başladılar, mayın 9-u ümummilli bayram elan edildi və biz o vaxtdan - 1994-cü ildən bu bayramı qeyd edirik, həmin gün qeyri-iş günüdür.

- Nasist canilərinin, o cümlədən postsovet məkanında qəhrəmanlaşdırılmasına qarşı mübarizə hazırda həmişəkindən daha aktualdır.

- Bu gün tarixi yenidən yazmaq, faşistləri qəhrəmanlaşdırmaq, tarixi həqiqəti təhrif etmək kimi təhlükəli meyillər müşahidə edirik. Biz buna çox ciddi yanaşmalıyıq. İstər tarixin yenidən yazılması, istərsə də faşizmin qəhrəmanlaşdırılması qətiyyən yolverilməzdir.

Qeyd etmək istərdim ki, bu məsələdə həm Rusiyanın, həm də Azərbaycanın mövqeləri tamamilə eynidir. Biz Böyük Vətən müharibəsi haqqında həqiqətin təhrif edilməsi, tarixin yenidən yazılması, faşizmin və faşistlərin qəhrəmanlaşdırılması cəhdlərinə qarşı qətiyyətlə mübarizə aparırıq. Bizim mövqelərimiz həm tarixi həqiqətə, ədalətə, həm də buna əsaslanır ki, gələcək nəsillər kimin təcavüzkar və kimin təcavüz qurbanı olmasına, kimin qalib gəlməsinə və bu Qələbənin nəyin bahasına qazanılmasına heç vaxt şübhə etməsinlər.

Ötən ilin dekabr ayında Sankt-Peterburqda qeyri-formal Sammitdə Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin İkinci Dünya müharibəsi dövrünə aid bir sıra sənədlər təqdim etdi. Bu sənədlərin çoxu əvvəl məlum deyildi. Hesab edirəm ki, bu faktın böyük əhəmiyyəti olub, çünki müharibənin tarixi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib. Real faktların məlum olmaması, onları bilməmək çox vaxt tarixi həqiqətin təhrifinə gətirib çıxarır. İkinci Dünya müharibəsinin tarixi məsələsində bu, tarixi yenidən yazmaq və faşizmi qəhrəmanlaşdırmaq kimi təhlükəli meyillərlə bağlıdır. Buna görə belə sənədlərin açılması, əlbəttə ki, tarixi həqiqətə xidmət edir.

Təəssüf ki, MDB məkanında, o cümlədən Ermənistanda da faşizmin qəhrəmanlaşdırılması baş verir. Ermənistanın əvvəlki hakimiyyəti Yerevanın mərkəzində faşist cəllad və satqın, alman faşistlərinə Qaregin Njde ləqəbi ilə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə qəti etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlaşdırılması, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Məruzədə deyilir: “Ermənistanın keçmiş hakim Respublika Partiyası üçüncü Reyx ilə əməkdaşlıq etməsi barədə məlumat olan millətçi təmayüllü Qaregin Njde kimi heç də birmənalı olmayan siyasi xadimin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir. Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqunun sədrliyi ilə Rusiya Federasiyası Müdafiə Nazirliyinin baş redaksiya komissiyası tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” nəşrinin 6-cı cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyat fəaliyyəti” sərlövhəli məqalədə deyilir: “Dromedar” abverqrup-114 haqqında agentura işi çərçivəsində əks-kəşfiyyatçılar daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı tapıb və həbs ediblər. O, Böyük Vətən müharibəsi dövründə Bolqarıstan ərazisində erməni millətindən olan 30-dan çox agenti cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə çatdırılmasında iştirak edib. SMERŞ əməkdaşları 17 təxribatçını tutub, qalanlar barəsində axtarış elan ediblər”. Njde Avropanın yəhudi əhalisinə qarşı Holokostda da iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya üçün həlak olan Ermənistan üçün həlak olur”. Burada necə deyərlər, şərhə ehtiyac yoxdur. Njde həbs edildi və ömrünü Vladimir həbsxanasında başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada az qala 6 metr hündürlüyündə abidə qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli sökmədi. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yol verilməməlidir.

- Sizin fikrinizcə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının yolları və prinsipləri necədir?

- Ermənistanın Azərbaycana qarşı 25 ildən çox davam edən təcavüzü ölkəmizin ərazisinin təqribən 20 faizinin işğal edilməsinə gətirib çıxarıb. Nəticədə 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Həm tarixi ədalət, həm də beynəlxalq hüquq baxımından Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Qeyd etməliyəm ki, “Qarabağ” adının özü Azərbaycan sözüdür. Tarixdən məlumdur ki, 1805-ci ildə Qarabağ xanı İbrahim xan tərəfindən Rusiya ordusunun generalı Sisiyanovla imzalanmış sazişə görə Azərbaycanın Qarabağ xanlığı müstəqil ölkə kimi Rusiya imperiyasının tabeliyinə keçib. Kürəkçay sazişi adlanan bu sənədin mətnini internetdə tapmaq olar. Həmin sənəddə Qarabağın erməni əhalisi barədə heç nə deyilmir. 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri əsasında Azərbaycanın qalan əraziləri də Rusiya imperiyasının tərkibinə keçib. Həmin dövrdə erməniləri İrandan və Şərqi Anadoludan Azərbaycanın Qarabağ regionuna köçürməyə başlayıblar. Beləliklə, yüz minlərlə erməni köçkün tarixi Azərbaycan torpağına gəlib çıxıb.

Sonradan, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılanda onun ilk fərmanlarından biri İrəvanın Azərbaycanın tərkibindən Ermənistanın tərkibinə verilməsi və Ermənistanın paytaxtı elan edilməsi haqqında fərman olub. Bu da tarixi faktdır. 1921-ci ildə bolşeviklər partiyasının Qafqaz bürosu Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması haqqında qərar qəbul edib. Bəzi erməni tarixçilərinin yazdığı kimi, Azərbaycana verilməsi haqqında yox, məhz saxlanması haqqında. Bu da tarixi faktdır. Daha bir tarixi fakt ondan ibarətdir ki, 1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikası Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında fərman verib.

Azərbaycan BMT-yə daxil olanda da, o, özünün tam ərazi bütövlüyü çərçivəsində daxil olub. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü, bütün dünya tərəfindən qəbul edilmiş BMT-nin Nizamnaməsi və Helsinki Yekun Aktı çərçivəsində həll edilməlidir.

Buraya BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və digər beynəlxalq təşkilatların qətnamələrini, həmçinin “Dağlıq Qarabağ respublikası” adlandırılan qanunsuz qurumun heç bir ölkə tərəfindən tanınmamasını da əlavə etsək görərik ki, münaqişə Azərbaycanın ərazi bütövlüyünün tanınması və onun suverenliyinə hörmət müstəvisində həll edilməlidir. Erməni qoşunları işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmalı, bu torpaqlardan qovulmuş qaçqınlar və məcburi köçkünlər öz tarixi yurdlarına qaytarılmalıdır. İşğal edilən təkcə Dağlıq Qarabağ deyil. Ona bitişik 7 rayon da işğal olunub. Həmin 7 rayonda heç vaxt ermənilər yaşamayıblar.

Münaqişə ilə əlaqədar onu da qeyd etməliyəm ki, bu yaxında erməni təbliğatına və bütövlükdə bu məsələ ilə əlaqədar Ermənistanın mövqeyinə növbəti böyük zərbə vurulub. Əslində, bu zərbəni onlar özləri özlərinə vurublar. Əlbəttə, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla əlaqələrimiz bu zərbəni gücləndirib. Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident seçkiləri” haqqındadır. Bu “seçkilər” bir daha göstərdi ki, heç kəs bu qanunsuz hərbi xunta rejimini tanımır. “Seçkilər”dən sonra aparıcı beynəlxalq təşkilatlar onları tanımadı, bu barədə açıq bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiya, ABŞ və Fransa bəyanatla çıxış etdilər. ATƏT-in Parlament Assambleyası, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və Avropa Parlamenti bəyanatlarla çıxış etdilər. Bütün bu təşkilatlar həmin “seçkiləri” tanımadılar və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu, bir daha nümayiş etdirdi, - mən bunu demişəm, bir daha demək istəyirəm, - Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.

Biz beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini bu təcavüzkar ölkəyə ciddi təzyiq göstərməyə çağırırıq ki, sülhyaratma prosesi yerində saymasın.

- Azərbaycan Silahlı Qüvvələrinin müasir vəziyyətini necə qiymətləndirərdiniz?

- Son illərdə Azərbaycan ordu quruculuğunda böyük uğurlar qazanıb. Bu gün ölkənin Silahlı Qüvvələrini möhkəm intizam, vətənpərvərlik, yüksək mənəvi mübarizlik ruhu və döyüş qabiliyyəti səciyyələndirir. Silahlı Qüvvələr ən müasir silahlar və hərbi texnika ilə təchiz edilib. Şübhəsiz, bütün bunlar son illərdə ölkənin hərbi qüdrətinin möhkəmlənməsinə gətirib çıxarıb.

“Global Firepower-2019”un hesabatına görə, Azərbaycan dünyanın ən güclü ordularının reytinqində 52-ci yerdədir. Xüsusi qeyd etmək istəyirəm ki, 2006-cı ildə bizdə Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Son illərdə 20-dən çox hərbi zavod fəaliyyətə başlayıb. Bu zavodlarda 2000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, ordumuz həmin məhsullarla təchiz olunur. Eyni zamanda, biz hərbi məhsulları ixrac edirik.

Son illərdə ən müasir texnika və silahlar alınıb. Onların arasında yüzlərlə zirehli texnika, çoxsaylı keşikçi gəmiləri və hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi-nəqliyyat və nəqliyyat helikopterləri, ən müasir pilotsuz kəşfiyyat və döyüş uçuş aparatları, hava hücumundan, raketdən müdafiə vasitələri, ən müasir rabitə vasitələri, reaktiv yaylım atəşi sistemləri, operativ-taktiki raket kompleksləri var.

Biz hərbi qulluqçuların sosial həyatına xüsusi əhəmiyyət veririk, hərbçilərin xidmət şəraiti yaxşılaşdırılır. Son illərdə onlarla hərbi şəhərcik yaradılıb. Hərbçilərin xidmət şəraiti çox yaxşıdır. Son bir neçə ildə hərbi hissələrin, hərbi şəhərciklərin 80 faizdən çoxu yenidən tikilib və ya əsaslı təmir edilib. Qarşıdakı 2-3 il ərzində bütün hərbi şəhərciklər tamamilə təmir ediləcək. Hərbi qulluqçuların mənzil-məişət məsələləri həll edilir. Qəbul edilmiş qərar əsasında orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət pulsuz mənzillər verir. Bu gün bizim hərbi hissələrdə 20 mindən çox mülki şəxs işləyir. Əvvəllər bu işləri əsgərlər görürdülər. Biz onları məişət işlərindən azad etmişik. Eyni zamanda, mülki şəxslərdən ötrü 20 mindən çox iş yeri açılıb.

Şübhəsiz, yuxarıda göstərilən, son illərdə görülmüş bütün tədbirlər Silahlı Qüvvələrin maddi-texniki bazasının daha da möhkəmlənməsinə, hərbi qulluqçuların sosial müdafiəsinin güclənməsinə səbəb olub və biz bu istiqamətdə atılan addımları davam etdirəcəyik.

- Rusiya ilə Azərbaycan arasında siyasət, iqtisadiyyat, hərbi-texniki əməkdaşlıq sahələrində və başqa istiqamətlər üzrə münasibətlərin vəziyyətini və inkişaf perspektivlərini Siz necə səciyyələndirərdiniz?

- Bu gün strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətləri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur. Prezident Vladimir Vladimiroviç Putin ilə mənim çoxsaylı şəxsi görüşlərim ikitərəfli qarşılıqlı əlaqələrin inkişafına çox ciddi təkan verir, həmçinin bizim regionda vəziyyətə də müsbət təsir göstərir.

Biz fəaliyyətimizin demək olar ki, bütün sahələrini – ticarət, nəqliyyat, energetika, humanitar sahə və turizmi əhatə edən beş yol xəritəsi çərçivəsində proqramı fəal reallaşdırırıq. Ötən ilin sonunda bu yol xəritələrinə daha ikisi – innovasiyalar və gənclər siyasəti üzrə yol xəritələri əlavə edilib.

Keçən il mən Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə “Valday” Diskussiya Klubunun iclasında iştirak etmişəm. Hər il bütün dünyada siyasətçilərin, politoloqların, ekspertlərin və analitiklərin diqqətini cəlb edən bu tədbirə dəvət almış dörd dövlət başçısından biri mən idim. “Valday” Klubu dünya gündəliyindəki mühüm problemlərin müzakirəsi üçün ən vacib diskussiya platformalarından biri kimi özünü göstərib.

Rusiya ilə bizim münasibətlərimiz zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən belədir. Biz həm qonşuyuq, həm də mehriban dostlar. Son dövrdə bizim münasibətlərimiz daha səmərəli və keyfiyyətli olub.

Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, ən mühüm və ümdə məsələlərdə ənənəvi olaraq bir-birimizi dəstəkləyirik. Biz BMT, ATƏT və əlbəttə MDB məkanında sıx qarşılıqlı fəaliyyətdəyik.

Bizim çox sıx iqtisadi, ticari münasibətlərimiz var. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Həcmi milyard dollarlarla ölçülən qarşılıqlı investisiyalar həyata keçirilir.

Ötən il ölkələrimiz arasında əmtəə dövriyyəsi təqribən 20 faiz artıb və 3 milyard dollardan çox olub.

Burada bir məqamı qeyd etmək çox vacibdir ki, koronavirus pandemiyası ilə əlaqədar vəziyyətə baxmayaraq, cari ilin birinci rübündə ölkələrimiz arasında əmtəə dövriyyəsi 2 faiz artıb, ixrac-idxal əməliyyatlarının həcmi də artıb. Bu da çox vacibdir ki, Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyətini davam etdirir, o cümlədən bu dəhliz çərçivəsində yükdaşımalar və tranzit daşımaları həyata keçirilir. Azərbaycan ərazisindən keçməklə Rusiyadan Avropa istiqamətində Şimal-Qərb dəhlizi də işə salınıb. Ötən ilin sonunda Azərbaycanla Rusiyanın sərhədində Samur çayı üzərindən körpünün açılışı təkcə bu iki ölkə üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edən hadisə olub. Ona görə ki, bu körpü beynəlxalq yükdaşımaların intensivləşdirilməsi, biznes əlaqələrinin genişlənməsi, habelə Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizlərinin inkişafı üçün yeni imkanlar yaradır. Keçən il Şimal-Cənub dəhlizi ilə yükdaşımaların həcmi 60 faiz artıb. Azərbaycan regionda əməkdaşlıq üçün yaxşı perspektivlər açan, Asiyadan Avropaya və əks istiqamətdə yüklərin daşınması məsafəsini və çatdırılması müddətlərini xeyli azaldacaq bu mühüm nəqliyyat layihəsinin reallaşdırılması ilə əlaqədar öz ərazisində bütün işi başa çatdırıb. Hesab edirəm ki, regionda mühüm nəqliyyat arteriyası kimi Şimal-Cənub dəhlizinə ehtiyac daha da artacaq .

Hərbi-texniki əməkdaşlıq fəal inkişaf edir. Rusiya və Azərbaycan prezidentlərinin birgə mətbuat konfranslarının birində deyildiyi kimi, Azərbaycanın Rusiyadan aldığı hərbi təyinatlı məhsulların həcmi 5 milyard dollara bərabərdir.

Humanitar sahədə əlaqələrimiz də uğurla inkişaf edir. Artıq neçə ildir ki, Azərbaycanda Moskva Dövlət Universitetinin filialı, həmçinin Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyət göstərir. Azərbaycanın dövlətə məxsus bütün ali məktəblərində rus dilində bölmələr mövcuddur. Ölkəmizdə 25 min tələbə rus dilində oxuyur. Təhsilin rus dilində olduğu 338 məktəbdə 130 min şagird də rus dilində təhsil alır.

Bizim münasibətlərimizin bir göstəricisi həm ölkələr, həm də xalqlar arasında münasibətlərin ruhuna və xarakterinə ən parlaq sübutdur. 2019-cu ildə Azərbaycana Rusiyadan rekord sayda – bir milyona yaxın turist səfər edib. Bu ilin əvvəlində də yaxşı dinamika müşahidə olunurdu, lakin koronavirus pandemiyası turist axınını dayandırdı. Ümidvarıq ki, pandemiya başa çatandan və sərhədlər açılandan sonra rusiyalı turistlərin ölkəmizə səfərləri bərpa olunacaq. Ona görə ki, rusiyalılar burada özlərini rahat, adi şəraitdə olduğu kimi hiss edir, dil baryeri ilə bağlı çətinliklərlə üzləşmirlər.

Bu da sirr deyil ki, turistlər təkcə görməli yerlərə baxmaq və milli mətbəx nümunələrini dadmaq üçün getmirlər, onlar elə yerlərə gedirlər ki, orada özlərini təhlükəsiz, rahat, öz evlərində olduğu kimi hiss etsinlər.

Keçən il noyabrın 23-də Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində əsaslı bərpa işlərindən sonra “Azərbaycan” pavilyonunun açılışı oldu. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun bərpadan sonra açılışı ölkələrimiz arasında münasibətlərin dostluq xarakterinin daha bir təzahürü oldu.

- Dünyada strateji və enerji sabitliyinin dəstəklənməsinə Azərbaycanın töhfəsi nədən ibarətdir?

- Mən dəfələrlə demişəm ki, hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. Buna görə də əsas məsələ enerji müstəqilliyinin təmin edilməsi idi və biz buna nail olduq.

Son illərdə Azərbaycan elektrik enerjisinin və təbii qazın idxalçısından onların ixracatçısına çevrilib. 2003-cü ildən bəri Azərbaycanda 30-dan çox elektrik stansiyası tikilib. Bir neçə ildir ki, biz istehsal edilən elektrik enerjisinin artıq hissəsini ixrac edirik. Yeri gəlmişkən, biz ölkənin ekoloji vəziyyətinə böyük diqqət yetiririk, buna görə də son illərdə Azərbaycanda inşa edilən elektrik stansiyaları bütün ekoloji tələblərə cavab verir və respublikanın təbii qaz və su ehtiyatları əsasında işləyir.

Biz Azərbaycanda bərpaolunan enerjinin inkişafına da böyük diqqət yetiririk. Bu ilin yanvar ayında ilkin razılıq əldə edildi və bərpaolunan enerji sahəsində böyük təcrübəyə malik olan iki iri xarici şirkət Azərbaycanla ilkin sazişlər imzaladı. Həmin sazişlərə əsasən ölkəmizdə yalnız əcnəbi investorların hesabına ümumi gücü 440 meqavat olan iki elektrik stansiyası tikiləcək – biri külək enerjisindən, digəri günəş enerjisindən elektrik enerjisi istehsal edəcək.

Bizdə elektrotexnika sahəsinin infrastrukturu tamamilə modernləşdirilib. Davos Dünya İqtisadi Forumunun reytinqinə əsasən elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yeri tutur.

İri transmilli neft-qaz layihələrinin həyata keçirilməsi məsələsinə gəldikdə bizim enerji resurslarını bir neçə istiqamətdə ixrac edən 7 neft və qaz kəməri inşa olunub.

Cənub Qaz Dəhlizinin tikintisi uğurla başa çatmaq üzrədir. Bu dəhliz dörd layihədən ibarətdir:

  • Ehtiyatlarının həcmi 1 trilyon kubmetrdən çox olan “Şahdəniz-2” qaz-kondensat yatağı;
  • Cənubi Qafqaz qaz kəməri;
  • TransAnadolu qaz kəməri (TANAP).

Yuxarıda göstərilən 3 layihənin reallaşması artıq başa çatdırılıb.

  • TransAdriatik qaz kəmərinin (TAP) tikintisi üzrə işlərin 94 faizdən çoxu yerinə yetirilib.

Nisbətən yaxın vaxtlarda ehtiyatlarının həcmi minimum 300 milyard kubmetr qaza bərabər olan yeni “Abşeron” qaz-kondensat yatağı açılıb. Bu yataqda hasilatın gələn il başlanması gözlənilir. Bu ilin mart ayında “Qarabağ” iri neft yatağı kəşf edilib. Daha bir neçə perspektivli neft-qaz strukturu kəşfiyyat və işlənilmə mərhələsindədir. Beləliklə, bütün bunlar neft hasilatının sabit profilini və təbii qaz hasilatının artan həcmini təmin edəcək.

Biz lap əvvəldən OPEC+ formatında fəal iştirak etmişik. Qeyd etmək istəyirəm ki, OPEC+ formatı ideyasını ilk dəfə mən bir neçə il bundan əvvəl Davos Dünya İqtisadi Forumunun panel müzakirələrində irəli sürmüşəm. Azərbaycan bu yaxınlarda da 9-cu və 10-cu OPEC+ görüşlərində fəal iştirak edib. Bu görüşlərin digər iştirakçıları kimi, Azərbaycan da neft hasilatının azaldılması üzrə öhdəlik götürüb, özünü etibarlı və sabit tərəfdaş kimi göstərib.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycan Rusiya ilə ikitərəfli münasibətlərimizin bütün başqa sahələrində olduğu kimi, enerji sahəsində də çoxillik uğurlu əməkdaşlıq təcrübəsinə malikdir və mən əminəm ki, bu əlaqələr gələcəkdə də fəal inkişaf edəcək.

Sonda dost Rusiya xalqını Böyük Vətən müharibəsində Qələbənin yaxınlaşmaqda olan 75 illiyi bayramı münasibətilə təbrik etmək istərdim. Mən Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin tərəfindən mayın 9-da Qələbə Gününün bayram edilməsi üçün Moskvaya dəvət olunmuşam və bu bayram tədbirində iştirak etmək niyyətində idim. Lakin təəssüf ki, koronavirus pandemiyası ilə əlaqədar bu tədbir başqa vaxta keçirilib. 9 May bizim ümumi bayramımızdır. Bizim ümumi Böyük Qələbəmiz günüdür. Azərbaycanın və Rusiyanın bu bayrama münasibəti ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırır.



Xəbəri paylaş

404 dəfə oxunub.

Digər xəbərlər