Tarix: 05-05-2022 | Saat: 12:16
Bölmə:Manşet / Karusel | çapa göndər
Azərbaycan Prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban arasında məktub mübadiləsi olub.
Qarabaqinfo.ax xəbər verir ki, bu, Azərbaycan Respublikası ilə Macarıstan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə baş tutub.
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbana ünvanladığı məktubunda deyilir:
"Hörmətli cənab Baş nazir,
Azərbaycan Respublikası ilə Macarıstan arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi təbrik edir, dost xalqınıza ən xoş və səmimi arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Müasir diplomatik əlaqələrimizin tarixi 30 illik dövrü əhatə etsə də, xalqlarımız arasında əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələri mövcuddur. Macarıstan Azərbaycan üçün yaxın dost və tərəfdaş ölkədir. Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən onilliklər ərzində dövlətlərarası münasibətlərimiz dinamik və hərtərəfli inkişaf etmiş, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimiz daha da genişlənmişdir.
Bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, kənd təsərrüfatı, təhsil və digər sahələrdə fəal əməkdaşlıq mövcuddur. Hesab edirəm ki, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır.
Hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz Macarıstandan olan şirkətlərin də bu prosesdə iştirakını görməkdən məmnun olardıq.
Azərbaycan ilə Macarıstan həm də beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Macarıstanın Avropa İttifaqı çərçivəsində ölkəmizə göstərdiyi dəstəyi və Türk Dövlətləri Təşkilatı xətti ilə əməkdaşlığımızı yüksək qiymətləndiririk. Əminəm ki, Azərbaycan Respublikası ilə Macarıstan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Macarıstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi məktubunda aşağıdakılar qeyd olunub:
"Hörmətli cənab Prezident,
Diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi münasibətilə Sizə ən xoş arzularımı yetirirəm. Şadam ki, son üç onillikdə ölkələrimiz arasında əlaqələr davamlı şəkildə inkişaf edib və biz qarşılıqlı hörmətə əsaslanan sıx strateji tərəfdaşlıq münasibətləri qurmuşuq.
Sizi əmin edirəm ki, Macarıstan siyasi, iqtisadi, ticarət və mədəni sahələrdə ikitərəfli əlaqələrimizin dərinləşdirilməsinə sadiqdir. Ümumi məqsədlərimizə nail olmaq üçün Siz bundan sonra da hökumətimin dəstəyinə arxalana bilərsiniz.
İnanıram ki, enerji sahəsində əməkdaşlığımızın genişləndirilməsi və macar şirkətlərinin Qarabağın yenidən qurulmasında iştirakı ilə bağlı danışıqlar uğurla nəticələnəcək.
Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə yeni uğurla arzu edirəm".
Digər xəbərlər