Saytımızı qiymətləndirin


 
 

“Brüsseldəki görüşün nəticələrini müsbət hesab edirəm”
Tarix: 19-04-2022 | Saat: 16:53
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Brüsseldəki görüşün nəticələrini müsbət hesab edirəm”

 

“Şadam ki, Brüsseldəki görüşümüzdən sonra bizi ziyarət edirsiniz. Çox konstruktiv, yaxşı nəticələri və nailiyyətləri olan üçtərəfli görüşdən sonra artıq iki həftə keçib. Səylərinə, bizə çox mühüm məsələləri müzakirə etmək və normallaşma prosesinin başlanğıcı ilə bağlı razılığa gəlmək imkanı verən ab-hava yaratdığına görə Prezident Şarl Mişelə minnətdarlığımı çatdırmağı sizdən xahiş edirəm. Düşünürəm ki, bu, başlanğıc nöqtəsi idi. Çünki biz sərhəd üzrə komissiyaların və eyni zamanda, sülh sazişi üzrə işçi qrupların yaradılması barədə razılığa gəldik”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Biz bununla bağlı əvvəllər də danışırdıq və bildiyiniz kimi, İkinci Qarabağ müharibəsinin bitməsindən sonra Azərbaycanın mövqeyi həmişə ondan ibarət idi ki, biz sülh sazişi ilə bağlı danışıqlara başlamalıyıq. Hesab edirəm ki, rəsmi başlanğıc nöqtəsi aprelin 6-da Brüsseldə baş tutdu. O vaxtdan bəri biz işləyirdik, Xarici İşlər Nazirliyi çalışırdı və mənim administrasiyam sizin komandanızla təmasda idi və biz razılaşdığımız kimi, başlamaya hazırıq. Hesab edirəm ki, bu irəliləyişi davam etdirməyimiz və hər iki tərəfin razılaşmalara riayət etməsi mühüm əhəmiyyət kəsb edir”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Dövlət başçısı daha sonra əlavə edib: “Mən ümumilikdə Brüsseldəki görüşün nəticələrini müsbət hesab edirəm. Mən bunu aprelin 12-də ictimaiyyətə açıqladım. Növbəti gün Ermənistanın baş naziri də normallaşma prosesi və Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 prinsipi qəbul etməsi barədə açıq şəkildə danışdı. Bu, prosesdə həqiqətən də daha bir dönüş nöqtəsidir. Düşünürəm ki, müsbət şərhlərdir. İndi hər iki tərəfin bu rəsmi açıqlamasından sonra biz ciddiyyətimizi masa üzərində sübuta yetirməliyik. Burada biz Avropa İttifaqının, xüsusilə də artıq prosesə dərindən cəlb olunmuş Prezident Şarl Mişelin səylərinə çox ümid edirik. O, artıq prosesə çox yaxşı bələddir. Düşünürəm ki, bu, uğurlu danışıqlar üçün çox ümidverici mühit yaradır. Beləliklə, biz bu gün bunu daha ətraflı şəkildə müzakirə edəcəyik. Sadəcə, bizim mövqeyimizə görə, Brüsseldə baş verənlərlə və aprelin 6-dan sonra baş verən hadisələrlə bağlı rəsmi mövqeyimizi ifadə etmək istədim”.



Xəbəri paylaş

283 dəfə oxunub.

Digər xəbərlər