Tarix: 31-12-2019 | Saat: 09:58
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər
Dekabrın 30-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının Nərimanov rayonunda “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində olublar.
Qarabaginfo xəbər verir ki, Mehriban Əliyeva 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını Heydər Əliyev Fondunun dəstəyilə fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün Reabilitasiya Mərkəzində qeyd edib.
Burada autizmli uşaqlar öz istedadlarını nümayiş etdiriblər. Birinci vitse-prezident Mərkəzin nəzdində fəaliyyət göstərən xor kollektivi ilə birgə mahnı ifa edib.
Sonra Mehriban Əliyeva uşaqlarla birgə tort bişirib, onlarla söhbət edib. Mərkəzin yetirməsi olan, hazırda Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin ikinci kursunda təhsil alan Əlisahib Bayramov və digər uşaqlar pianoda müxtəlif musiqilər ifa ediblər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da musiqi ifa edib. Daha sonra Birinci vitse-prezident autizmli uşaqlarla birgə bişirdikləri tortu çay süfrəsi arxasında dadıblar. İctimai Birliyin sədri Aytən Eynalova bildirib ki, hazırda bu Mərkəzdə 70-dək uşaq intensiv terapiyadan faydalanır. Burada autizm sindromlu uşaqların qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olurlar.
Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzin kollektivini, burada müalicə alan uşaqları və ailə üzvlərini Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Digər xəbərlər