Saytımızı qiymətləndirin


 
 

Bakı Baş Səhiyyə İdarəsinin rəisi: "Əhalinin səhiyyə ilə bağlı şikayətlərinin çoxu əsassızdır" - MÜSAHİBƏ
Tarix: 27-11-2018 | Saat: 12:07
Bölmə:Manşet / Karusel / Sosial | çapa göndər

 

 

Nelli Veysova: Ölkəmizdəki xəstəxanalara xüsusən də cərrahi əməliyyatlar üçün müraciət edən xarici vətəndaşların sayı xeyli artıb

"Bu il 15 həkim müxtəlif səbəblərdən işdən azad edilib"

"Xaricə gedənlər də var, lakin bu o demək deyil ki, Azərbaycan savadlı həkim yoxdur"

"Qarabaginfo" Səhiyyə nazirliyinin Bakı Şəhər Baş Səhiyyə İdarəsinin (BŞBSİ) rəisi Nelli Veysovanın “Report”a müsahibəsini təqdim edir:

- Bakıda neçə dövlət xəstəxanası var?

- Hazırda paytaxtda 150 dövlət tibb müəssisəsi fəalliyət göstərir. Onlardan 41-i xəstəxana, 7-si tibb mərkəzi, 10-u dispanser, 5-i Doğum evi, 2-si Körpələr evi, 9-u sanatoriya, qalanları isə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyaları (TTTYS), şəhər və uşaq poliklinikaları, uşaq stomatoloji poliklinikaları, qadın məsləhətxanalarıdır. 

Paytaxtdakı bütün xəstəxanaları və tibb müəssisələrini müasir standartlara cavab verən səviyyədə qurmaq mümkün olubmu?

- Son 10 ildə Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində olan 150 tibb müəssisəsinin təmir və yenidən inşası plana salınıb. İndiyə qədər həmin müəssisələrdən 21-i yenidən inşa edilərək istifadəyə verilib, 79-u isə əsaslı təmir olunub. Digər müəssisələr də plana uyğun olaraq əsaslı təmir və yaxud yenidən inşa ediləcək. Hazırda 3 xəstəxananın ( 7 saylı Uşaq Poliklinikası, 11 saylı Birləşmiş Şəhər Xəstəxanası, 17 saylı Birləşmiş Şəhər Xəstəxanası və 7 nömrəli Vərəm Əleyhinə Dispanser) və bir uşaq poliklinikası binasının inşası davam etdirilir.

Təbii ki, yeni inşa və təmir olunan tibb müəssisələri xidmət sahələrinə uyğun olaraq müasir standartlara cavab verən tibbi cihaz və avadanlıqlarla tam təmin olunub.

- Son illərdə neçə dövlət xəstəxanası publik hüquqi şəxs statusu alıb?

- Paytaxtda 1 dövlət xəstəxanası publik hüquqi şəxs statusunu alıb. Bu da Bakı Sağlamlıq Mərkəzidir.

- Hazırda Bakıda neçə həkim çalışır və bu sahədə kadr çatışmazlığı varmı?

- Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tibb müəssisələrində 7 227 həkim çalışır. Tibbi kadrların elektron registri var, yəni həkimə olan təlabatın ödənilməsi daim diqqət mərkəzindədir. Bu gün stasionar tibb müəssisələrində həkim çatışmazlığı yoxdur, lakin poliklinikalarda həkim-psixiatr, vərəm dispanserlərində isə həkim-fiziatrlara müəyyən tələbat var.

- Bu ilin 9 ayında paytaxtdakı tibb müəssisələrində çalışan neçə həkim nöqsanlara görə işdən çıxarılıb?

- Mən istəməzdim sırf işdən azad olmaları qeyd edim. Çünki nöqsana görə işdən çıxarılanlarla yanaşı, xüsusi xidmətlərinə görə təltif edilənlər də az deyil. Belə ki, bu ilin 9 ayı ərzində 15 həkim müxtəlif səbəblərdən işdən azad edilibsə, 23 həkim müxtəlif mükafat və fəxri adlara layiq görülüb. Məsələn, 5 nəfər “Əməkdar həkim”, 7 nəfər “Tərəqqi” medalı, 1 nəfər “Əməkdar tibb işçisi”, 10 nəfər isə “Səhiyyə əlaçısı” mükafatları ilə təltif edilib.

- Səhhətində narahatlıq hiss edən vətəndaş hansı halda poliklinikaya, hansı halda isə xəstəxanaya müraciət edilməlidir? Çünki insanlar adətən səhhətlərindəki xırda problemlə bağlı belə birbaşa xəstəxanalara gedirlər. Bu, səhiyyə xidmətlərində problem yaradırmı? Yəni belə müraciətlər xəstəxanaların yükünü artırırmı? Bunun qarşısını almaq üçün nə etmək lazımdır?

- Profilaktik baxımından düşünsək, hər bir insan ildə 2 və ya heç olmasa 1 dəfə şikayəti olmadan həkimə müraciət edib müayinə olunmalıdır. Profilaktik müayinənin xəstəliklərin erkən aşkarlanmasında və gələcəkdə müalicə taktikasının seçimində böyük rolu var. Planlı xəstə yalnız qeydiyyatda olduğu poliklinikanın göndərişi ilə tibbi göstəriş olduğu halda stasionar müalicəyə və ya poliklinikada aparılması mümkün olmayan əlavə müayinənin aparılması məqsədilə müayinəyə göndərilir. Təcili xəstələr həm özlərinin müraciəti, həm də təcili yardıma müraciət etməklə hospitalizə olunurlar. TTTYS-nin operativ şöbəsinin profil üzrə xəstəxanalarda olan boş çarpayılar barədə gündəlik məlumatı olur. Bu, ağır xəstənin profil üzrə vaxt itirmədən hospitalizasiya olunması üçündür. Xəstənin xəstəxanada qalma müddəti orta hesabla 7-8 gündür. Yəni, kəskin dövr keçdikdən sonra həyati göstəriş yoxdursa, xəstələrə ambulator qaydada nəzarət təşkil edilir. Məqsəd stasionarın yükünü azaltmaq, ağır xəstələrin hospitalizasiyasında gecikmə hallarının qarşısını almaqdır. Hətta kimsəsiz insanların belə tibbi yardıma ehtiyacı olduqda qrafik üzrə birləşmiş şəhər xəstəxanalarında yerləşdirilir. Lakin "Əhalinin sağlamlığının qorunması haqqında" qanununa əsasən, xəstənin həkimi seçmək hüququ var, ona mane ola bilmərik.

- Əhali mütəmadi şəkildə tibbi müayinələrdən keçirlər. İnsanlarda daha çox hansı xəstəliklər aşkarlanır? 

- Prezident İlham Əliyevin göstərişi ilə 2012-ci ildən etibarən əhali arasında aparılan tibbi profilaktik müayinələr əhalinin sağlamlığının qorunmasına və gənc nəslin sağlam böyüməsinə yönəldilmiş dövlət qayğısıdır. 

Aparılan müayinələr nəticəsində son illər Bakı şəhəri üzrə ambulator-poliklinik müəssisələrə müraciətlər və xəstəliklərin, xüsusilə də qeyri-infeksion xəstəliklərin, aşkarlanma sayı artıb. Bu il aparılan tibbi profilaktik müayinələr zamanı böyük yaş əhalinin 1412522 nəfəri, yəni 86 %-i tibbi müayinədən keçib. Xəstələr arasında əsasən tənəffüs sisteminin xəstəlikləri 16,6 %, qan dövranı sisteminin xəstəlikləri 15.1 %, əsəb sisteminin xəstəlikləri 8.6 % üstünlük təşkil edir.

Eyni zamanda, Bakı şəhərində yaşayan 760231 nəfər uşaq əhalisinin 312998 nəfəri icbari tibbi müayinədən keçib ki, bu da uşaq əhalisinin ümümi sayının 41 %-ni təşkil edir. Aşkar edilən xəstələnmə hadisələrinin sayı 31033 olub, yəni 2017-ci illə müqayisədə 8 %-dən 10 %-dək artıb. Xəstələr arasında əsasən tənəffüs sisteminin xəstəlikləri 19%, göz xəstəlikləri 21%, həzm sisteminin xəstəlikləri 17% üstünlük təşkil edir. 

Bu ilin 9 ayı ərzində məktəbəqədər təhsil müəssisələrində olan 0-5 yaşadək 49828 nəfər uşaqdan 43421 nəfər (87%) icbari tibbi müayinədən keçirilib. Aşkar edilən xəstəliklər arasında əsasən alimentar anemiyalar, yuxarı tənəffüs yollarının xəstəlikləri, stomatoloji və göz xəstəlikləri üstünlük təşkil edir. Onların nəticələri barədə məlumatlar uşaqların Elektron Sağlamlıq Kartı sisteminə yüklənir. 

- Uşaqlar arasında peyvəndlənmə göstəricisi hansı səviyyədədir? Çünki bəzən valideynlər uşağını peyvənd etdirməkdən imtina edirlər. Peyvənd etdirməməyin nə kimi mənfi fəsadları var?

- Bu ilin 9 aylıq hesabatına əsasən yenidoğulmuşlar arasında vaksinasiyadan ( Hepatit B, VƏV poliomielit ) kənarda qalan olmayıb. Lakin 1 yaşadək uşaqların immunizasiyasının orta göstəricisi (poliomilet 73 %, Hib-57 %, pnevmokok və QPM-67%), 2 yaşadək uşaqların immunizasiyasının orta göstəricisi ( poliomilet 57%,GDT-48%, qpm-54%) nisbətən aşağıdır. Mətbuat tibb işçilərinin imunizasiya mövzusunda valideynlər arasında apardığı sanitar maarifləndirmə işinə dəstək verməlidir. Çünki Milli Təqvim Planı məhz təhlükəli infeksion xəstəliklər əleyhinə immunizasiyanı əhatə edir. Uşaqlar bizim gələcəyimizdir. Biz hansı sahədə çalışmağımızdan asılı olmayaraq bütün səylərimizi bu istiqamətə yönəltməliyik.

Vətəndaşların səhiyyə xidmətlərinə dair şikayətləri hansı formada araşdırılır?

- Bütün sahələrdə olduğu kimi, təbii ki, səhiyyə sektorunda da müəyyən problemlər mövcuddur. Bu problemlərin həllini asanlaşdırmaq üçün Səhiyyə Nazirliyində xüsusi Elektron Səhiyyə Xidməti, vətəndaşların telefon müraciətlərini qəbul edən və dərhal onları cavablandıran “Qaynar xətt” fəaliyyət göstərir.

Müraciətlər mütəxəssislərin iştirakı ilə araşdırılaraq yerindəcə müvafiq qaydada həll olunur, ya da vətəndaşların ərizəsi qəbul edilərək sonradan araşdırılır. Müraciətlər əsaslı və əsassız qruplara ayrılır. Təəssüf hissi ilə qeyd etməliyəm ki, əsassız müraciətlər daha çoxdur. Bunlara misal kimi, imtiyazlı qrupa aid dərmanlar sırasında adı olmayan dərmanların tələb olunması, yaxud orqan köçürülməsi əməliyyatına adının siyahıya növbədənkənar daxil edilməsi kimi tələbləri qeyd edə bilərəm. Əsaslı şikayətlər Bakı Şəhər Baş Səhiyyə İdarəsinin Hüquq şöbəsinin və həkim məsləhətçilərin iştirakı ilə ətraflı araşdırılaraq cavablandırılır.

- Bəzən deyirlər ki, Azərbaycanın savadlı həkimləri xaricə köçürlər. Bu fikirlə razısınızmı? Sizin özünüzün müşahidələriniz necədi?

- Xaricə gedənlər də var, lakin bu o demək deyil ki, Azərbaycan savadlı həkim yoxdur. Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyindəki tibb müəssislərində yetərincə savadlı həkimlər fəaliyyət göstərir. Onlar beynəlxalq konfranslarda, simpoziumlarda iştirak edirlər, müxtəlif sahələr üzrə beynəlxalq həkim cəmiyyətlərinin üzvləridir. Onu da qeyd edim ki, bu gün tendensiya xeyli dəyişib. Ölkədəki xəstəxanalara, xüsusən də cərrahi əməliyyatlar üçün müraciət edən xarici vətəndaşların sayı xeyli artıb. Bura orqan köçürülməsindən tutmuş, plastik və estetik cərrahiyyə əməliyyatlarına qədər tibbin müxtəlif sahələri daxildir və siyahı xeyli genişdir.

- Gələcəkdə səhiyyə sahəsində nə kimi yeniliklər olacaq?

- Azərbaycanda İcbari Tibbi Sığortanın tətbiq olunacağı barədə Prezident İlham Əliyevin fərmanı var. Artıq 3 rayonda – Yevlax, Mingəçevir və Ağdaşda pilot layihə həyata keçirilir. Səhiyyə Nazirliyi ilə Tibbi Sığorta Agentliyinin qarşılıqlı əməkdaşlığı nəticəsində müvafiq işlər görülür. Məqsədimiz Azərbaycanın sağlam gələcəyi naminə xalqımıza layiqli tibi xidmət göstərməkdir.



Xəbəri paylaş

681 dəfə oxunub.

Digər xəbərlər