Əfqanıstanın Xost vilayətində Pakistan hərbçilərinin endirdiyi hava zərbəsi nəticəsində ən azı 9 uşaq və 1 qadın həlak olub.
Qarabaginfo.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı “Taliban” hərəkatının nümayəndəsi Zəbihulla Mücahid yayıb.
Məlumatda qeyd olunur ki, zərbə gecə saatlarında yerli sakinlərin evinə endirilib və nəticədə ev tamamilə dağılıb.
Zəbihulla Mücahid həmçinin bildirib ki, Pakistan hərbçiləri qonşu Kunar və Paktika vilayətlərində də reydlər həyata keçirib və həmin ərazilərdə ən azı 4 mülki şəxs yaralanıb. Hadisə, Pakistanın Pişəvər şəhərində baş vermiş terror aktlarından sonra baş verib. Həmin partlayışlarda intiharçı hücumçular 3 hərbçini hədəf almışdı.
Xatırladaq ki, ötən oktyabr ayında Əfqanıstan və Pakistan sərhədində gərginlik artmış, bu zaman Dürand xətti boyunca silahlı toqquşmalar baş vermişdi. Əfqan qüvvələri bir neçə mövqeyi ələ keçirmiş, Pakistan ordusu isə hava zərbələri ilə cavab vermişdi.
Hadisə bölgədə gərginliyi yenidən artırıb və mülki əhali arasında böyük itkilərə səbəb olub.















