Vətəndaş Yasin Zamanov Kontakt Home mağazasından kreditlə aldığı mobil telefonla bağlı əlavə cərimə faizlərinin tətbiq edilməsindən narazıdır.
AzPost xəbər verir ki, müştərinin sözlərinə görə, o, 19 may 2025-ci ildə Sumqayıtda yerləşən Kontakt Home mağazasından “İphone 16 (128 GB)” model telefonu kreditlə alıb. Müqavilə şərtlərinə əsasən, müştərinin 6 ay müddətində rəsmi iş yeri olmadığı təqdirdə cərimə faizləri hesablanmamalı idi.
Zamanov bildirir ki, telefonu alarkən onun rəsmi iş yeri olub. Lakin 4 avqust 2025-ci ildə işdən ayrıldığını və işsiz qaldığını rəsmi sənədlərlə mağazaya təqdim edib. Bu zaman cərimə faizləri silinib. Daha sonra, 23 sentyabrda yenidən sənədləri təqdim edən müştəri mağaza əməkdaşlarından eyni sözləri eşidib – “sənədlər göndərildi”.
Lakin şikayətçinin iddiasına görə, 25 sentyabrda yenidən rəsmi işə başlasa da, cərimələr silinməyib və əksinə artmaqda davam edib. Onun sözlərinə görə, mağazaya yaxınlaşanda isə ona belə cavab verilib: “Artıq rəsmi işiniz var, buna görə cərimələr silinməyəcək”.
“Bu, məntiqə sığmır. Mən cəmi 5 gündür rəsmi işə başlamışam, amma üzərimə 200 manata yaxın cərimə yazılıb. Növbəti ayın ödənişini də necə edəcəyim sual altındadır”, – deyə Zamanov bildirib.
Şikayətçi əlavə edib ki, məsələ ilə bağlı “qaynar xətt”ə müraciət etsə də, heç bir köməklik göstərilməyib. Müqavilənin nömrəsi isə 764011 olaraq qeyd edilib.
Kontakt Home-dan isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.Q
Qeyd edək ki, müştəri şikayəti “Facebook” sosial şəbəkəsində paylaşaraq, problemi ictimailəşdirib.