Saytımızı qiymətləndirin


 
 

BTQ üzrə yeni əməkdaşlıq sənədi imzalanıb
Tarix: 01-10-2025 | Saat: 17:27
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

BTQ üzrə yeni əməkdaşlıq sənədi imzalanıb

Qazaxıstanın Almatı şəhərində keçirilən Nəqliyyat Həftəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov, “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin baş direktoru və İdarə Heyətinin sədri Ufuk Yalçın “Bakı – Tbilisi – Qars dəmiryol xətti vasitəsilə yükdaşımaların təşkili haqqında” Anlaşma Memorandumu imzalayıblar.

ADY-dən Qarabaginfo.az-A verilən məlumata görə, bu sənədlə tərəflər BTQ marşrutunun digər nəqliyyat dəhlizləri ilə müqayisədə rəqabətqabiliyyətinin artırılmasını, optimallaşdırılmış çatdırılma müddətləri ilə bu marşruta əlavə yük axınlarının cəlb edilməsini, yükdaşımalar üçün dayanıqlı şəraiti və şəffaf qiymətlərin formalaşmasını təmin edən rəqabətədavamlı tariflərin tətbiqini razılaşdırıblar.

BTQ xətti boyunca sabit və proqnozlaşdırıla bilən əməliyyat rejiminin yaradılması, yük sahibləri üçün şərtlərin yaxşılaşdırılması və daşımaların həcminin artırılması hədəf götürülüb, çatdırılma müddətlərinə riayət edilməsinin BTQ marşrutunun yükgöndərənlər üçün cəlbediciliyinin əsas elementi olduğu vurğulanıb.

Razılaşmaya əsasən, Ələt – Böyük Kəsik və Qardabani – Axalkalaki sahələrində çatdırılma müddəti (gömrük və sərhəd prosedurları istisna olmaqla) 24 saatdan çox olmamaqla, Yalama – Böyük Kəsik sahəsində 48 saatdan çox olmamaqla müəyyən edilib. Bu müddət Türkiyədə Qars – Mersin sahəsində 60 saatdan, Qars – İstanbul sahəsində isə 70 saatdan çox olmamaqla müəyyənləşdirilib. Bununla da Ələtdən Mersinə yüklərin 4 gün yarıma çatdırılması mümkün olacaq.



Xəbəri paylaş

30 dəfə oxunub.

Digər xəbərlər