Astrofiziklər Yer kürəsində baş verən geomaqnit fəallığın gücləndiyini açıqlayıblar.
Qarabaginfo.az xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu (İKİ) və Sibir Bölməsinin Günəş–Yer Fizikası İnstitutu (İSZF) məlumat yayıb.
Bildirilib ki, geomaqnit qasırğasının gücü G2 səviyyəsinə qədər yüksəlib. Bu göstərici orta dərəcəli qasırğa hesab olunur və həm texnoloji sistemlər, həm də insan sağlamlığı üçün müəyyən risklər yarada bilər.
Qeyd edək ki, son 24 saat ərzində bu artıq ikinci geomaqnit fəallığıdır. Birinci qasırğa sentyabrın 29-u axşam qeydə alınıb və o, daha zəif xarakter daşıyıb.
Alimlər hələlik qasırğanın nə vaxt zəifləyəcəyi və yaxın saatlarda intensivliyinin hansı səviyyədə dəyişəcəyinə dair dəqiq proqnoz vermirlər.
Mütəxəssislərin sözlərinə görə, belə hallarda xüsusilə ürək-damar problemləri olan insanlar səhhətlərinə diqqət yetirməli, həmçinin peyk rabitəsi və naviqasiya sistemlərində qısa müddətli nasazlıqlar müşahidə oluna bilər.