Harvard Universitetinin astrofiziki Avi Ləb (Avi Loeb) növbəti dəfə müzakirələrə səbəb olacaq açıqlama ilə çıxış edib.
Qarabaginfo.az xəbər verir ki, alim Günəş sisteminə daxil olmuş 3I/ATLAS adlı kosmik obyektin kütləsi və ölçülərinin əvvəlki proqnozlardan xeyli böyük ola biləcəyini bildirib.
Onun hesablamalarına görə, 3I/ATLAS-ın nüvəsinin diametri 5 kilometrdən artıq, ümumi kütləsi isə təqribən 33 milyard ton təşkil edir. Bu göstəricilər obyektin daha əvvəl kəşf edilmiş iki ulduzlararası cisim – `Oumuamua (1I) və Borisov kometası (2I) ilə müqayisədə minlərlə dəfə daha böyük olduğunu göstərir.
Ləbin sözlərinə görə, bu obyektin daha dəqiq öyrənilməsi üçün Mars Reconnaissance Orbiter kosmik aparatı istifadə edilə bilər. Kometa yaxın illərdə Marsla nisbətən yaxın məsafədən keçəcək və bu, müşahidə üçün əlverişli imkan yaradacaq.
Xatırladaq ki, Avi Ləb daha əvvəl də cəsarətli hipotezlər irəli sürmüşdü. O, `Oumuamua obyektinin yadplanetlilər tərəfindən yaradılmış süni kosmik gəmi ola biləcəyini iddia etmişdi. Lakin həmin fikir elmi ictimaiyyət arasında geniş dəstək tapmamışdı.
Hazırda isə alim 3I/ATLAS-ın ölçülərinin və tərkibinin öyrənilməsinin astrofizika üçün mühüm nəticələr verə biləcəyini düşünür. Obyektin xüsusiyyətləri barədə dəqiq məlumatların əldə olunması üçün beynəlxalq elmi icma qarşıdan gələn müşahidələrə böyük ümid bəsləyir.