Tarix: 17-09-2025 | Saat: 12:04
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər
Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputatlar yüksək vəzifəli məmurların müraciətlərinə cavab verməməsindən şikayətlənib.
Qarabaginfo.az xəbər verir ki, deputat Səyyad Aran deyib ki, xalqla üz-üzə qalan, yaxası əldə olan nə nazir, nə komitə sədri deyil, deputatdır.
Səyyad Aran qeyd edib ki, nazirlər ya telefonu götürmürlər, ya da məktublarına gec cavab verirlər: "Bu, nəticədə bizim camaatla bağlılığımıza, onların suallarına, problemlərinə diqqətlə yanaşmağımıza mane olur. Nazirlərin heç birinin fəaliyyət tempi Prezidentin tempinə uyğun gəlmir. Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən? Yaxşı, sən çox mühüm işlərlə məşğulsan. Deputatın yazdığı məktub xalqın arzusu, istəyi və problemi ilə bağlıdır, cavab verməlisən. Deyirlər ki, işimiz çoxdur. Axı sizin köməkçiniz var. Axşam qayıdıb gələndə sənə zəng edən adamların, o cümlədən deputatların adını görürsən. Bəs bu köməkçilər nə üçündür? Zəng edin görün deputat nə istəyir? Bunu edə bilərsən. Milli Məclisin plenar iclaslarının birində onların adını çəkəcəm. Bizim hamımız xalqa görə nazirik, deputatıq, icra başçısıyıq. Sovet dövründən qalma bivec ənənə var. Məktuba bir ay ərzində cavab verirlər. Qərar qəbul edək ki, Azərbaycanda məktublara 10 gün ərzində cavab versinlər".
Deputat Naqif Həmzəyev də deputatlar tərəfindən nazirliklərə göndərilən məktublara cavab verilməməsi problemini qaldırıb: “Biz vətəndaşlarla görüşlər keçirir, onları qəbul edirik, problemlərini aidiyyəti qurumlara çatdırırıq. Bizə münasibət necədir? “Bu qədər məktub yazmağa nə ehtiyac var, bizi də çətin vəziyyətdə qoyursunuz. Şifahi müraciət edin, problemi həll edək”. Birinci yanaşma budur. Biz şifahi müraciət edirik, heç bir cavab olmur. Məcbur qalıb yenidən yazılı müraciət edirik. Bu bilmirik ki, məktublaşmanı hansı vəziyyətə gətirib çıxaraq ki, problem öz həllini tapsın. Hamıya standart cavablar verilir”.
Digər xəbərlər