Monitorinqlər göstərir ki, son dövrlər əmək bazarında həm informasiya texnologiyaları ilə bağlı, həm də iqtisadiyyatın daha innovativ sahələri üzrə iqtisadçılara tələbat yaranıb. Bir tərəfdən informasiya texnologiyaları, eləcə də təbii ki, mühəndislik və o cümlədən süni intellekt üzrə mütəxəssislərə olan tələbatın artması müşahidə olunur.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Deputat bildirib ki, ənənəvi olaraq, iqtisadi profildə maliyyəçilərə əmək bazarında tələbatın artması müşahidə olunur.
“Bu isə, təbii ki, iqtisadiyyatın genişlənməsi fonunda baş verir. Eləcə də, təbii ki, tibb və mühəndislik ixtisasları ənənəvi olaraq hər zaman əmək bazarında tələb olunan sahələrdir. Lakin əmək bazarının strukturu hazırda daha innovativ ixtisaslara tələbat yaradır. Xüsusən də informasiya texnologiyaları, süni intellekt, o cümlədən robot texnologiyaları ilə bağlı sahələrə.
Aparılan müşahidələr göstərir ki, hələlik əmək bazarı ilə ali təhsil müəssisələri arasında bu istiqamətdə birbaşa əlaqələr formalaşmayıb. Yəni bu gün əmək bazarı, ali təhsil müəssisələrindən tələb olunan ixtisaslara uyğun kadrların hazırlanmasında müəyyən çətinliklərlə üzləşir”.
“Bu baxımdan təbii ki, xüsusən də ixtisas seçimində, ixtisas planlaşdırmasında əmək bazarındakı dəyişikliklərin nəzərə alınması çox vacibdir. Çünki əmək bazarındakı dəyişikliklər nəzərə alınmadan ixtisasların seçilməsi və hətta ali məktəblərdə ixtisaslar üzrə qəbulun həyata keçirilməsi bir sıra hallarda həmin ixtisaslar üzrə universiteti bitirən gənclərin, məzunların işlə təminatında problemlərlə, çətinliklərlə üzləşməsinə gətirib çıxarır”,- deyə .
Millət vəkilinin sözlərinə görə, əmək bazarının çağırışlarının nəzərə alınması birmənalı şəkildə vacibdir.
“Amma təəssüf ki, hal-hazırda monitorinq və müşahidələr göstərir ki, biz əmək bazarındakı çağırışların ali məktəblərdə ixtisasların müəyyənləşməsində tam olaraq nəzərə alınmasını müşahidə edə bilmirik”,- deyə Vüqar Bayramov fikirlərini tamamlayıb.