Tarix: 02-08-2025 | Saat: 12:48
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Azərbaycan və Türkiyə arasında “swap” razılaşması imzalanıb
SOCAR ilə birlikdə Azərbaycan qazının Türkiyə-Suriya sərhədində təhvil verilməsini nəzərdə tutan “swap” (mübadilə) razılaşmasının imzalandığını bildirən Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar kədərli və sevincli günlərdə daim Türkiyənin yanında olan Azərbaycanın bu layihədə də dəstəyini əsirgəmədiyini qeyd edib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Apa-ya Türkyəyə ezam olunmuş müxbiri xəbər verir.
Azərbaycan qazı Suriyaya gündəlik 6 milyon kubmetr həcmində nəql olunacaq
Azərbaycanın təbii qazının Kilis vasitəsilə Suriyaya ixrac olunacağını söyləyən nazir “Yavuzlu Ölçmə” Stansiyasından gündəlik 6 milyon kubmetr təbii qazın nəql olunacağını bildirib.
Suriyada elektrik stansiyalarının fəaliyyəti bərpa olunacaq
Alparslan Bayraktar Suriyaya qaz ixracı nəticəsində oradakı elektrik stansiyalarının da yaxın zamanda fəaliyyətə başlayacağını deyib: "İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq. Bu təbii qaz vasitəsilə təqribən 1200 meqavatlıq quraşdırılmış güc aktivləşəcək. Bu layihə Suriyada həyatın normallaşmasına çox ciddi töhfə verəcək, insanların həyat səviyyəsini yüksəldəcək və ölkəyə geri qayıdış prosesini sürətləndirəcək".
Boru kəmərinin açılış mərasimi keçirilib
Qeyd edək ki, Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilib. Borunun istifadəyə verilməsi ilə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb.
İllik 1,2 milyard kubmetrlik nəql planlaşdırılır
Xatırladaq ki, SOCAR ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 mlrd. kubmetr təbii qazın Suriyaya göndərilməsi planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.
Digər xəbərlər