Saytımızı qiymətləndirin


 
 

Bu gün Azərbaycan qazı Suriyaya çatır - Kilisdə tarixi hadisə!
Tarix: 02-08-2025 | Saat: 10:33
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

bu-gun-azerbaycan-qazi-suriyaya-catir

Bu gün Türkiyənin Kilis şəhərində tarixi hadisə baş verəcək - ilk dəfə Azərbaycan təbii qazının qardaş ölkənin ərazisi ilə Suriyaya ixracına start veriləcək. Bununla təkcə ölkəmizin enerji ixracında deyil, həm də Yaxın Şərq dövlətləri ilə əməkdaşlığında yeni səhifə açılacaq.

“Mavi yanacağ”ın ixracını şaxələndirən yol

İki ölkə arasında enerji diplomatiyasının əsası bu il aprelin 11-də keçirilmiş Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Suriya dövlət başçısı Əhməd Əl Şaraanın görüşündə qoyulub. İyulun 12-də isə Suriya Prezidenti Azərbaycana səfər edib. Bu zaman iqtisadi, xüsusilə enerji sahəsində tərəfdaşlıq imkanları geniş şəkildə müzakirə olunub. Belə ki, Azərbaycan lideri suriyalı həmkarı ilə görüşdə Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyini vurğulayıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyini qeyd edib. Azərbaycanın Suriyanın enerji sektorunun bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb.

İki ölkə liderlərinin görüşündən sonra İlham Əliyevin tapşırığı ilə Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti, Xarici İşlər Nazirliyinin yüksək səviyyəli təmsilçiləri Suriyada səfərdə olub, ölkənin münaqişədən sonrakı bərpasına Azərbaycanın necə dəstək göstərə biləcəklərini öyrəniblər. Bu məqamda onu da qeyd edək ki, qaz ixracı iki ölkə arasında etimadın göstəricisinə və Azərbaycanın regional fəallığının yeni mərhələsinə çevrilir.

Yeni bazar, yeni strateji xətt

Hazırda Azərbaycan qazı əsasən Gürcüstan, Türkiyə və Avropa İttifaqı ölkələrinə ixrac edilir. İndiyə qədər Azərbaycan 12 ölkəyə “mavi yanacaq” tədarük edib. Yeri gəlmişkən, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2024-cü ildə ölkənin xarici ölkələrə təbii qaz tədarükü 25,77 milyard kubmetr təşkil edib. Bunun 9,81 milyard kubmetri Türkiyənin, 9,8 milyard kubmetri İtaliyanın, 3,27 milyard kubmetri isə Gürcüstanın payına düşüb. Bundan əlavə, Bolqarıstana 1,9 milyard kubmetr, Yunanıstana 927 milyon kubmetr qaz tədarük olunub.

Lakin Azərbaycan qaz tədarükü coğrafiyasında “qoca qitə” ilə kifayətlənmək niyyət deyil. Perspektivli ixrac istiqaməti kimi Yaxın Şərq regionu da nəzərdən keçirilir. Türkiyə vasitəsilə Suriyaya ixrac isə Azərbaycanın təbii qaz tədarükünün coğrafi baxımdan şaxələndirilməsində yeni istiqamət sayılır.

Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir bildirib ki, ölkəsi avqustun 2-dən Azərbaycandan gündəlik 3,4 milyon kubmetr qaz alacaq. Bununla isə Suriyanın enerji sektorunu dəstəkləməyə yönəlmiş birgə əməkdaşlıq çərçivəsində təxminən 900 meqavat elektrik enerjisi istehsal ediləcək. Azərbaycan “mavi yanacağ”ı bu ölkənin elektrik enerjisi istehsalı güclərinin artırılmasında strateji rol oynayacaq. Bu da Suriyanın gələcək iqtisadi bərpasının təminatıdır.

Əlbəttə ki, bu həcmlər Suriyanın enerji infrastrukturunun yenidən qurulmasına, əhalinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasına birbaşa təsir göstərəcək. Son dövrlərdə müxtəlif münaqişələrdən ciddi zərər görmüş Suriya enerji baxımından ciddi çətinliklər yaşayır. Elektrik stansiyalarının bir çoxu fəaliyyət göstərmir, enerji istehsalının həcmi minimum səviyyəyə düşüb. Bu səbəbdən ölkə əhalisi və sənaye müəssisələri lazımi qədər elektrik enerjisi ilə təmin olunmur. Hazırda Suriyanın bəzi regionlarında elektrik enerjisi gün ərzində cəmi 3-4 saat ərzində verilir.

Odur ki, Azərbaycan qazı istiqamətdə problemi aradan qaldırmaqla yanaşı, Suriya üçün həm istehlak, həm də tranzit imkanları yaradır. Belə ki, Suriya ərazisindən keçən, lakin hazırda qismən dağılmış qaz infrastrukturu – məsələn, Suriyanı İordaniya ilə birləşdirən kəmər – bərpa olunacağı halda, Azərbaycan qazının hətta Misirə qədər tədarükü mümkündür.

Azərbaycanın mövqeyi güclənir

Azərbaycanın enerji strategiyası Avropa bazarları ilə yanaşı, Yaxın Şərqə də inteqrasiya olunmaqla fərqli istiqamətləri əhatə edir. Bu siyasət Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi balanslaşdırılmış yanaşmasının tərkib hissəsidir. Azərbaycan Avropa və Mərkəzi Asiyada olduğu kimi, Yaxın Şərqdə də etibarlı tərəfdaş kimi çıxış edir.

Ölkənin qaz ixracı üzrə ümumi strateji məqsədi 2027-ci ilədək illik 20 milyard kubmetrdən çox ixraca nail olmaqdır. BP və digər tərəfdaşlar “Şahdəniz” yatağında əlavə qazma işləri ilə bu məqsədə dəstək verməyə hazırlaşırlar. Bu hədəfə çatmaq üçün həm texniki, həm də siyasi baxımdan yeni bazarların açılması vacib amildir.

Beləliklə, Azərbaycanın Suriyaya qaz ixracı yalnız iqtisadi addım deyil. Bu, həm də regionda siyasi etimadın və sabitliyin dəstəklənməsinə yönəlmiş strateji aktdır. Bakı Suriyanın bərpa və inkişafına töhfə verməklə yanaşı, yeni əməkdaşlıq formatlarının formalaşmasına şərait yaradır.

Bundan başqa, Azərbaycanın elektrik enerjisi istehsal potensialı da yeni ixrac istiqamətləri üçün imkanlar açır. Yaxın gələcəkdə Azərbaycanın Yaxın Şərq ölkələrinə elektrik ixracını reallaşdırması mümkündür.

Bir sözlə, Azərbaycan qazının Suriyaya ixracı ilə Bakı regionda enerji diplomatiyasının güclü iştirakçısı olduğunu bir daha təsdiqləyir. Bu layihə Azərbaycanın regional nüfuzunu artırmaqla yanaşı, Yaxın Şərqdə iqtisadi əməkdaşlıq və sabitliyin möhkəmlənməsinə dəstək verir. Azərbaycan təkcə enerji təchizatçısı deyil, həm də etibarlı tərəfdaş kimi regionda öz yerini möhkəmləndirir.



Xəbəri paylaş

39 dəfə oxunub.

Digər xəbərlər