Tarix: 23-07-2025 | Saat: 13:10
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
Qarabaginfo.az “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Binab: Azərbaycan ruhunu qoruyan şəhər” yazısını təqdim edir.
Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.
Binab şəhəri Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərindən 119 kilometr aralıda yerləşir. Təxminən 25 kvadrat kilometr əraziyə malik Binab şəhəri Şərqi Azərbaycan əyalətinin cənub-qərbində, Təbriz-Marağa-Kürdüstan və Təbriz-Qərbi Azərbaycan əsas marşrutu üzərində yerləşir. Bu şəhər Səhənd dağının yamacında, Sufiçayın yanında və Urmiya gölünün sahilində yerləşir. Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. Binab şəhəri əslində Binab rayonunun (şəhristan) mərkəzi sayılaraq bu rayonun 29 kəndini öz ətrafında birləşdirir.
2017-ci ilin siyahıyaalınmasına əsasən, Binab şəhərinin əhalisi 87 min nəfərdən çox, Binab rayonunun əhalisi isə 129 795 nəfərə bərabər olub. Azərbaycanın qədim şəhərlərindən olan Binabın əhalisinin böyük əksəriyyəti müsəlman şiədir və Azərbaycan türkcəsində danışır.
Çox münbit torpağa malik olması, Sufiçay kimi dolu çayların yaxınında yerləşməsi və alnının təri ilə çörək qazanmağı özünə şərəf bilən insanların varlığı bu şəhəri Güney Azərbaycanın yaşıl və məhsuldar şəhərlərindən birinə çevirib. Üzüm, alma, badam, qoz və s. Binab bağlarının məhsullarındandır. Bu ərazidə buğda, soğan və sarımsaq da çox əkilir.
Binabın qədim zamanlardan çağdaş dövrə qədər tarixinə qısa nəzər
Azərbaycanımızın bir çox şəhəri kimi Binab şəhəri də çox qədim tarixə arxalanmaqdadır. Bununla belə, Binab şəhərinin qədim tarixi haqqında ciddi və əhatəli tədqiqat aparılmadığı üçün faktlara əsaslanan bir söz demək o qədər də asan deyil. Lakin bu şəhərdə tapılan tarixi əsərlərə və sübutlara əsaslansaq, şəhərin tarixi və sivilizasiyası altı min il əvvələ gedib çıxır. Qara Təpə, Qara Qoşun, Qara Çubuq Təpəsi, Qızlar Qalası, Ağacarı Təpəsi, Siçan Təpəsi, Pus Təpəsi kimi tarixi yerlərdən tapılan artefaktlar, qədim Səvr kəndində qaya memarlığının mövcudluğu, Qoyunlar və Çaxmaqlar mağaraları bu torpaqların tarixdən əvvəlki dövrlərdə məskunlaşdığından xəbər verir. Bu torpaqlarda qədim kurqanların, eramızdan əvvəl I-IV minilliyə aid yeraltı əşyaların olması, müxtəlif dövrlərə, xüsusilə Səfəvilər dövrünə aid məscid və digər qədim abidələrin, Moğol Elxanlığı (1256-1335) dövrü qəbiristanlığının qalıqlarının müxtəlif sülüs, nəsx və kufi yazılarının olması bu rayonun çox qədim bir tarixə malik olmasını göstərir.
Səvr kəndi
Bölgənin çox daha qədim bir tarixə malik olmasını heç bir tarixi abidə Səvr kəndindəki qədim qaya memarlığı kimi sübut edə bilməz. Bunun üçün də bu möhtəşəm tarixi kənd haqqında daha ətraflı danışmaq lazımdır. Türkiyədəki Kapadokya kimi dünyanın bir çox yerində çox qədim tarixə malik qaya memarlığına şahid oluruq. Ancaq dünyanın digər yerlərindən fərqli olaraq, Güney Azərbaycanda qaya arxitekturalı kəndlərin səciyyəvi cəhəti ondan ibarətdir ki, oradakı qaya memarlığına malik kəndlərdə hələ də məskunlaşma var, insanlar yaşayır.
Bu haqda daha əvvəlki yazılarımızın birində (https://apa.az/guney-azerbaycan/kelagayisi-ile-meshur-olan-sakinleri-torpagin-altinda-yasayan-azerbaycan-seheri-arasdirma-791052 ) geniş bilgi vermişik. Əslində Səvr kəndində gözə çarpan qaya memarlığı bir çox cəhətdən Kəndivan kəndindəki qaya memarlığına bənzəməkdədir. Ancaq Səvr kəndi yuxarıdakı yazıda tanıtdırdığımız Hiləvər kəndlərinin də bəzi xüsusiyyətlərinə malikdir. Belə ki, Hiləvər kəndində olduğu kimi, burada da evlər, ümumiyyətlə, yer altında qazılıblar, amma Hiləvər kəndindən fərqli olaraq, Kəndivan kəndindəki kimi burada da əhali yaşamaqdadır. Demək, burada da Hiləvərdən fərqli olaraq, Kəndivan kəndi kimi tarix hələ sona çatmayıb və davam etməkdədir.
Binab şəhərinin 24 kilometrliyində yerləşən tarixi Səvr kəndinin bir neçə min illik yaşı var və Şərqi Azərbaycan əyalətinin tarixi və canlı kəndlərindən biridir. Sakinlərinin evləri ibtidai alətlərdən istifadə etməklə dağın qoynunda qazılıb. Bu kənd Güney Azərbaycanın ən yüksək dağlardan biri sayılan və Təbriz ilə Marağa kimi şəhərləri öz ətəyində tutan Səhənd dağının güney yamaclarında yerləşir, şimaldan Tutaxana turist kəndi, qərbdən isə Əcəbşer şəhərinin kəndləri ilə həmsərhəddir. Kənd təbii yerləşimi baxımından dar dərələri olan dağlıq ərazidə yerləşir. Kəndin bu relyefi nərdivan formasında tikililərin tikilməsinə, qaya memarlığının yaranmasına səbəb olub.
Arxeoloq və tarixçilərin fikrincə, bu kənd təxminən 3000-3500 il əvvələ gedib çıxır və qaya memarlığının şah əsərlərindən sayılır. Əslində bu kənd bir vaxtlar yeraltı kənd olub, lakin zaman keçdikcə sakinləri yerin üstündə evlər tikiblər. Hazırda bu kənddə tərk edilmiş 27 yeraltı ev qalıb və bu evlərdə hələ də yaşamaq mümkündür. Tədqiqatçıların fikrincə, dağlarda və qayalarda evlərin yaradılması düşmənlərdən və ya vəhşi heyvanlardan qorunmaq üçün imiş. Səvrin qayalı kompleksi memarlıq formasına və mağaraya bənzər görünüşünə görə Mitra məbədlərini (burada oxuyun: https://apa.az/guney-azerbaycan/gunese-sitayis-edenlerin-seheri-tufarqan-guney-azerbaycani-tani-900074 ) xatırladır. Mitra məbədləri dağın yamacında oyulmuşdu və içəri girmək üçün kiçik bir girişdən başqa yolları yox idi. Halbuki bu kənddəki evlərin otaqları, taxçaları, dəhlizləri, axurları, xüsusi imkanları var. Bundan əlavə, evlərin arxitekturası elədir ki, hər evdən qonşu evə kommunikasiya yolu çəkilib, insanlar fövqəladə hallarda, məsələn, düşmən hücumu zamanı və ya digər ailələrlə ünsiyyətdə olsunlar. Bu evlərin bəziləri yerin altında iki və ya üç mərtəbəlidir.
Şeyx Übeydullah Şəmzininin hücumlarına qarşı Binab əhalisinin qürurlu müqaviməti
Tarix boyu həmişə düşmənlər Azərbaycanın dəyərli torpaqlarını ələ keçirməyə çalışıblar. Çağdaş tarixdə bir dəfə cilular (ermənilər və asurilər), iki dəfə isə kürdlər Azərbaycan ərazisini zəbt edərək bu torpaqlarda öz hökumətlərini qurmağa çalışıblar. Amma bu xəyalpərəst işğalçıların üçü də Güney Azərbaycan türk xalqının sarsılmaz iradəsinə təslim olmaq məcburiyyətində qalıb. Ciluların (ermənilər və asurilər) Azərbaycanda etdikləri cinayətlər və sonunda Güney Azərbaycan Türklərinin sarsılmaz iradəsinin qarşısında təslim olmaları haqda daha öncə bu layihə çərçivəsində bir yazı paylaşmışıq: (Burada oxuyun: https://apa.az/guney-azerbaycan/andranikin-qosunlarinin-xoy-urmiya-ve-salmasda-toretdiyi-vehsilik-ciloluq-faciesi-792350 ).
1880-ci ildə Şeyx Übeydullah Azərbaycan ərazisini ələ keçirmək məqsədi ilə üsyan qaldırdı. İlk başda Savucbulaq (Mahabad) və Qoşaçay (Miyandoab) şəhərlərini ələ keçirdi. Şeyx Übeydullahın əsgərləri Qoşaçay şəhərinin demək olar bütün sakinlərini öldürərək müasir tarixin ən amansız qətliamlarından birini törətdilər. Daha sonra bu şəhərin əhalisinin bütün mal və əşyalarını qarət edərək şəhəri tamamilə yandırdılar. Bu hadisələrdən sonra Şeyx Übeydullahın ordusu bir tərəfdən Urmu (Urmiya) və digər tərəfdən Təbrizi ələ keçirmək üçün ikiyə ayrıldılar. Ancaq onları həm Urmu şəhərində, həm də hələ Təbrizə çatmadan yol üstündə Binab şəhərində Azərbaycan Türklərinin qəzəbi gözləyirdi. Şeyx Übeydullahın ordusu bir tərəfdən Urmu şəhərində, digər tərəfdən də Binab şəhərində Güney Azərbaycan Türklərinin sarsılmaz iradəsi qarşısında diz çökdü və tarixdə Qoşaçay şəhərində etdikləri cinayətlərdən başqa onlardan heç bir iz qalmadı.
Hələ də Azərbaycanı və Azərbaycanlı olduğunu qoruyan Binab şəhəri
Bu şəhərin əhalisi Şeyx Übeydullahın qan tökən və cinayətkar dəstələrinə qarşı atalarının cəsarətli müqavimətinin qürurlu xatirəsini unutmayıb. Həmin gün onlar təkcə öz şəhərlərini deyil, Təbrizi də işğal təhlükəsindən xilas etdilər. Bu gün o qəhrəman ataların əsl övladları Azərbaycanın tarixini, dilini, mədəniyyətini, torpağını ürəkdən qoruyurlar. Mərkəzi hökumətləri tərəfindən Güney Azərbaycan Türklərinin dilini, tarixini, mədəniyyətini məhv edib onları farslaşdırmaq məqsədi ilə həyata keçirilən assimilyasiya siyasətlərinin yüz ildən artıq davam etməsinə baxmayaraq, bu şəhərdə Azərbaycan tarixi, dili, mədəniyyəti hələ də yaşamaqdadır.
Daha əvvəlki yazılarımızda da qeyd etdiyimiz kimi, Azərbaycan rəqsi və musiqisi, azərbaycanlı həvəskarların çıxışları, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamatı, ilin son çərşənbə axşamı dəbləri, Novruz bayramı dəbləri, sayaçılar, təkəmçilər, çillə gecəsi, Koroğlu dastanı kimi adətlər, dəblər və ənənələr bir şəhərdə yaşadıqca, demək ki, Azərbaycan hələ də o şəhərdə yaşayır. Günümüzdə Güney Azərbaycan türkləri, xüsusilə gənc nəsil, hökumətin bütün maneə və sərtliklərinə baxmayaraq, Azərbaycanlılığını, türklüyünü, mədəniyyətini, tarixini və dilini qoruyub saxlamağa qərarlı görünür. Mərkəzi hökumətin mədəni, iqtisadi və siyasi təzyiqlərinə qarşı qəti iradə ilə dayanan, Azərbaycanın maddi və mənəvi varlıqlarını qorumağa cəhd göstərən yeni nəsil, Güney Azərbaycana parlaq bir gələcək vəd edir. Azərbaycan mədəniyyətini silməyə çalışan dövlət qurumları ilə müqayisədə onların imkanları çox az və məhduddur, lakin onların sarsılmaz iradəsi vardır. Elə həmin iradənin nəticəsində bir zamanlar Şeyx Übeydullahın qan tökən və qəddar adamlarına qalib gəliblər və bu gün öz kimliklərini və maddi-mənəvi varlıqlarını qorumaya çalışırlar. Yüz ildən artıq sürən dövlət dəstəkli assimilyasiya siyasətlərinə baxmayaraq, bu gün bu şəhərdə dilimiz, tariximiz, mədəniyyətimiz yaşamaqda və hətta çiçəklənməkdədir. Bunu biz bu şəhərin əhalisinin gündəlik həyatında, danışdıqları dildə, qeyd etdikləri bayramlarda və şənliklərdə, toy və yaslarında, hətta açdıqları süfrələrdə və toxuduqları xalçalarda görə bilərik. Bunu biz xüsusilə yeni nəslin Ana dilinə və Azərbaycan mədəniyyətinə verdiyi yüksək dəyərdə görürük. Demək Binab sadəcə tarixdə deyil, günümüzdə də bir Azərbaycan şəhəridir./Apa
Digər xəbərlər