Tarix: 14-07-2025 | Saat: 13:00
Bölmə:Karusel / Region | çapa göndər
Azərbaycan ərazi bütövlüyünü bərpa edərək böyük oyunçu olduğunu hər kəsə etiraf etdirdi.
Qarabaginfo.az xəbər verir ki, bunu gürcüstanlı siyasi təhlilçi Gela Vasadze APA-nın Gürcüstan bürosuna Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə görüşünü şərh edərkən deyib.
O bildirib ki, Ermənistan rəhbərliyi beynəlxalq hüquq kontekstində reallıqları tanımaqdan başqa yolu olmadığını anlayıb. Ekspert normallaşma üçün iki ölkənin vasitəçiyə ehtiyacı olmadığını qeyd edib.
“Artıq Cənubi Qafqazda geosiyasi vəziyyət dəyişib. Azərbaycan regionda böyük oyunçu olduğunu hər kəsin etiraf etməsini istəyirdi və 2020-2023-cü illərdə ərazi bütövlüyünü bərpa edərək məqsədinə nail oldu. Azərbaycan bir çox ölkəyə cavabını verdi, onlardan biri Fransa idi. Fransa səfiri bu yaxınlarda Şuşaya səfər etdi və orada hətta müsahibə də verdi. Prezident İlham Əliyev İranla bağlı problemləri də həll etdi və Prezident Pezeşkian Xankəndiyə səfər etdi. Üçüncü məsələ isə regionda ən böyük oyunçu kimi marağı olan Rusiya idi. Bu gün Rusiya ilə münasibətlərdə problem davam edir, ancaq Rusiya Azərbaycana heç nə edə bilməyəcəyini anladı. Bu gün Ermənistan və Paşinyan başa düşür ki, beynəlxalq hüquq kontekstində reallıqları tanımaqdan başqa yol yoxdur. Düşünürəm ki, regionumuzun normallaşması üçün əlimizdə imkan var və Rusiya nə qədər zəifləyərsə, bu imkan bir o qədər artar. Əsrlər boyu Azərbaycan və Ermənistan müxtəlif imperiyaların tərkibində, eləcə də öz dövlətləri çərçivəsində yanaşı yaşayıb. Əsrlər boyu Azərbaycan və Ermənistana heç vaxt vasitəçi lazım olmayıb. Lakin Rusiya vəziyyəti elə qurdu və formalaşdırdı ki, iki ölkəyə məcburən vasitəçi lazım oldu. İndi yenə Qafqaz ölkələri üçün problemlərin həllində heç bir vasitəçinin lazım olmadığı həmin şərait yaranır. Azərbaycanın Ermənistanla və eləcə də Gürcüstanla milli maraqları bir-biri ilə uyğun gəlir və ya bənzəyir. Bu baxımdan bizə vasitəçi lazım deyil. Bütün bunların fonunda biz Rusiyanın aqressivləşdiyini gördük, lakin artıq Rus imperiyası ölüb, bitib. Bu imperiyanın dağılmasından sonra bizi başqa çağırışlar gözləyir. İki ölkə arasında sülhün bərqərar olmasından sonra region nəhayət azad nəfəs ala biləcək”, - Vasadze deyib.
Siyasi ekspert Davit Çixelidze isə qeyd edib ki, Əbu-Dabi görüşünün vasitəçisiz baş tutması Cənubi Qafqaz ölkələrinin müstəqil siyasət yürütdüyünü göstərməsi baxımından mühüm əhəmiyyət daşıyır. Ekspertin sözlərinə görə, sülhün bərqərar olmasından sonra regionda bir çox ciddi lahiyələr reallaşdırıla bilər.
“Heç bir vasitəçi olmadan bu iki ölkə arasında görüşün baş tutması region üçün olduqca müsbət hadisədir. Məlumdur ki, vasitəçinin öz maraqları olur. Azərbaycan və Ermənistan arasında baş tutan görüş sadəcə iki ölkə üçün deyil, bütün Qafqaz üçün çox mühüm hadisə oldu. Görüşün təxminən 4-5 saat davam etməsi isə onu göstərir ki, bu “görüş xətrinə görüş” deyildi, bu görüş hər iki ölkənin artıq sülh istədiyini göstərdi, bu prosesdə artıq ciddi irəliləyiş var. Son dövrlərdə Gürcüstanın, Azərbaycanın, eləcə də Ermənistanın iqtisadiyyatında ciddi artım olduğunu görürük, hazırda bu regionda heç bir müharibə yoxdur və bu baxımdan ölkələrimiz və bütöv regionumuz dünya ölkələri üçün etibarlı tərəfdaş ola bilər. Bu yaxınlarda biz Donald Trampın açıqlamasını gördük, o, Qafqaz regionunda sülhün ABŞ üçün çox mühüm olduğunu və bu regionda ABŞ-ın də olmasının vacibliyi kimi bir açıqlama verdi. Ancaq hər bir halda Qafqaz regionuna aid məsələlər Qafqaz ölkələri tərəfindən həll olunmalıdır, hər hansı üçüncü tərəfin müdaxiləsinə ehtiyac yoxdur. Bu görüşün Azərbaycanın və Ermənistanın Rusiya ilə əlaqələrinin pisləşməsi fonunda baş tutması onu göstərir ki, artıq Qafqaz ölkələri hər hansı digər ölkənin təsiri altında deyil. Hər bir dövlət başqasından asılı olmadan, başqasının təsiri altına düşmədən öz xalqının əmin-amanlığı və inkişafını nəzərə alaraq qərarlar verə bilməli, siyasət yürütməli və addım atmalıdır. Bu gün Ermənistan və Azərbaycanın atdığı bu addımı bu cür qiymətləndirmək olar. Sülhün bərqərar olmasından sonra regionda bir çox ciddi layihələr həyata keçirmək mümkün olacaq. Çin bizim regiona böyük maraq göstərir, bir sıra layihələr həyata keçirməyə çalışır. Ölkələrimiz arasında münaqişələrin qalmaması Çin və digər ölkələrə regionumuzda yeni investisiyalar yönəltməsinə təşviq edəcək və nəticədə regionumuz daha da inkişaf etdirəcək”, - Çixeidze deyib.
Siyasi ekspert Zaal Andcaparidze isə hesab edir ki, Qərb fiziki olaraq iştirak etməsə də, görüşün baş tutmasında vacib rol oynayıb. Ekspert Rusiyanın artıq Azərbaycan və Ermənistan arasında vasitəçiliyə dair ümidlərini itirdiyini, bu ölkələrə təsirinin azaldığını vurğulayıb. Andcaparidze əlavə edib ki, Azərbaycan işğal altındakı ərazilərini qaytararaq regionda müstəqil oyunçuya çevrilib.
“Bu cür görüşlərdə tərəflər bir-birilərinin mövqeyini yoxlayır. Baş tutan görüşün hər hansı vasitəçi olmadan keçirildiyi haqda məlumatlar yayılır, ancaq mən görüşün baş tutmasının arxasında fiziki olaraq iştirak etməsələr də ABŞ və Aİ-dayandığını düşünürəm. Bu Rusiyanı qəzəbləndirən amildir. Lakin artıq Rusiyanın təsiri zəifləyib və Qafqazda bu cür proseslərin təşəbbüsünü artıq ABŞ və Aİ öz üzərinə götürür. Biz bu və buna bənzər görüşlərdə artıq Ermənistanın, Paşinyanın güzəştə getməyə hazır olduğunu, bir sıra məsələlərdə razılaşa biləcəyini gördük. Buna nümunə olaraq Paşinyanın Türkiyəyə səfəri zamanı gördük. Nəticə olaraq sülhə nail olmaq üçün düşünürəm ki, yenə müəyyən müddət lazımdır. Biz artıq Azərbaycanı regionda müstəqil oyunçu kimi görürük, vəziyyət dünənə qədər fərqli idisə, bu gün artıq Qarabağı və işğal olunmuş əraziləri qaytararaq Azərbaycan öz sözünü deyir. Buna misal son günlər Rusiyada, Yekaterinburqda baş verən hadisələr və onun davamında Rusiya-Azərbaycan münasibətindəki hadisələr bunu təsdiq edir. Artıq Rusiya özü belə Azərbaycan və Ermənistan arasında vasitəçi rolu oynaya biləcəyinə dair ümidlərini itirib. Sülhə nail olunsa, Qafqazda illərdir davam edən münaqişə həll olacaq və bu, münaqişəli region statusunun dəyişməsinə təkan verəcək. Əlavə olaraq, Cənubi Qafqaz ölkələri arasında mövcud münaqişənin həll olunması regionun iqtisadi cəhətdən ciddi inkişafını başladacaq, yeni tranzit, nəqliyyat marşrutları açılacaq. Ancaq burada Zəngəzur dəhlizi kimi bir dəhlizin Gürcüstanın alternativi kimi fəaliyyətə başlaması Gürcüstana mənfi təsir edəcək. Ancaq tərəflərin bu məsələdə də razılıq əldə edib bu xırda problemi də aşa biləcəklərini düşünürəm. Yeni dəhlizin nəqliyyat marşrutunun açılması Orta Dəhlizin inkişafına stimul verəcək, bu, Qafqazda Rusiyanın təsirini azaldacaq, bununla düşünürəm ki, Gürcüstandakı mövcud münaqişənin həlli üçün yeni iqtisadi əsaslar da yaradıla bilər, məsələn, Abxaziya istiqamətində dəmir yolunun açılması. Bu bir faktdır ki, münaqişələrin həlli yollarından biri də iqtisadi əməkdaşlıqdır. Belə ki, əgər Rusiya hər hansı bir təxribata cəhd etməsə. Bu gün Rusiyanın xarici siyasətdə sağlam addım atdığını görə bilmirik və nə buna reaksiyanın nə olacağını təxmin etmək çətindir. Bu gün Rusiyanın Ukraynada müharibəyə başı o qədər qarışıb ki, ikinci cəbhədə hər hansı müharibə edə biləcək vəziyyətdə deyir, xüsusilə də Qərbin sanksiyaları fonunda. Unutmayaq ki, Azərbaycanın yanında Türkiyə dayanıb və Rusiya hər hansı təxribata cəhd etsə, uduzan tərəf olacaq”, - Zaal Andcaparidze deyib.
Digər xəbərlər