Yaxın Şərqdə gərginlik pik həddə çatıb.
Qarabaginfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın İranın üç nüvə obyektinə zərbə endirməsi bölgədə genişmiqyaslı qarşıdurma təhlükəsini artırıb. Hazırda dünya İranın hansı cavab addımı atacağını gözləyir.
Beynəlxalq analitiklərin fikrincə, Tehranın ən güclü cavab variantlarından biri Hörmüz boğazını bağlamaqdır. Qeyd edək ki, dünya üzrə hər gün ixrac edilən neftin beşdə biri — təxminən 20 milyon barel məhz bu boğazdan keçir.
The Guardian yazır ki, İran dəfələrlə boğazı bağlamaqla hədələsə də, indiyədək bu addımı atmayıb. Lakin ABŞ və İsrailin hücumları fonunda bu dəfə vəziyyət fərqli ola bilər. Belə bir addım dünya enerji bazarına dərhal təsir edərək neft qiymətlərinin sürətlə bahalaşmasına səbəb ola bilər.
Bununla yanaşı, ekspertlər bildirirlər ki, bu, İran üçün də iqtisadi intihar sayıla bilər. Çünki İran özü də neft ixracını bu marşrutla həyata keçirir. Boğazın bağlanması həmçinin Çin kimi əsas neft alıcılarına ciddi zərbə vura və bölgədə yeni müharibə riskini yüksəldə bilər.
ABŞ dövlət katibi Marko Rubio artıq Çini bu məsələdə vasitəçi olmağa çağırıb. O, Fox News-a açıqlamasında bildirib: “Çin bu addımın atılmasına imkan verməməlidir. Əks halda bu, region və dünya üçün fəlakət olacaq”.
İranın Press TV telekanalı isə parlamentin Hörmüz boğazının bağlanması ilə bağlı tədbirləri təsdiqlədiyini, son qərarın isə ölkə rəhbərliyinə aid olduğunu açıqlayıb.
Bundan əvvəl İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Trampın hücum qərarının “əbədi nəticələr doğuracağını” bildirib. Ali dini lider Ayətullah Əli Xamenei isə ABŞ-ı və İsraili “ciddi səhv”də ittiham edərək, onların cavabsız qalmayacağını vurğulayıb.