Tarix: 28-05-2025 | Saat: 19:12
Bölmə:Karusel / Region | çapa göndər
Gürcüstan və Azərbaycanın eyni vaxtda müstəqillik elan etməsindən yüz ildən çox vaxt keçir.
Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan Parlamentinin Sədri Şalva Papuaşvili Tbilisidə 28 May - Müstəqillik Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.
Spiker bildirib ki, bu hadisə təkcə ölkə üçün deyil, həm də regional əhəmiyyət daşıyırdı: “O vaxt əcdadlarımız sivil dünyanın qabaqcıl xalqlarını təmsil etdiklərini təsdiqlədilər, çünki Gürcüstan parlamentdə mütərəqqi sosial-demokrat çoxluğu seçən ilk ölkə, Azərbaycan isə demokratik idarəçiliyə malik ilk müsəlman ölkəsi idi”.
Papuaşvili qeyd edib ki, Sovet İttifaqının süqutundan sonra hər iki ölkə azadlıq, suverenlik və demokratik idarəetmənin inkişafı uğrunda mübarizə əzmi ilə yeni yola qədəm qoyub.
"O vaxtdan bəri ölkələrimiz arasında ikitərəfli münasibətlər dinamik şəkildə inkişaf edərək möhkəm və hərtərəfli strateji tərəfdaşlığa çevrilib.
Gürcüstan və Azərbaycan arasında dostluq və məhsuldar münasibətlər təkcə coğrafi yaxınlıq ilə bağlı deyil, həm də çağırışlarla dolu müasir dəyişən dünyada yeni və xüsusi əhəmiyyət kəsb edən çoxillik xalqlararası dostluq və əməkdaşlığa əsaslanır.
Mən şadam ki, qanunvericilik orqanlarımız arasında əlaqələr intensiv şəkildə inkişaf edir. Parlamentin ötənilki gündəliyi kifayət qədər gərgin idi. Azərbaycan Respublikasına səmərəli səfərlərimi hər zaman hərarətlə xatırlayıram. Bu il hörmətli həmkarım Sahibə Qafarovanı qonaq etdik. Gürcüstan Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında Əməkdaşlıq Memorandumu imzalamaqla biz parlamentlərarası əlaqələrimizi yeni səviyyəyə qaldırmışıq",- Papuaşvili deyib.
Spiker Cənubi Qafqazın geosiyasl əhəmiyyətinin artdığını vurğulayıb.
"Cənubi Qafqaz regionunun geosiyasi əhəmiyyəti artır. Ölkələrimiz vasitəsilə Avropa ilə Asiyanı birləşdirən Orta Dəhliz təkcə ticarət yolu deyil, bu, bizim birgə səylərlə nəyə nail ola biləcəyimizin simvoludur. Biz əlaqələri və regional sabitliyi təşviq etmək üçün Azərbaycanla birgə işləməyə qəti şəkildə hazır olduğumuzu bildiririk. Biz infrastruktur, diplomatik və insani əlaqələr qurmağa davam edəcəyik - bu, xalqlarımızın və regionumuzun çiçəklənməsinə kömək edəcək. Azərbaycan xalqını bir daha Müstəqillik Günü münasibətilə təbrik edirəm. Ölkənizə sülh, gələcək inkişaf və tərəqqi arzulayıram" - Papuaşvili deyib.
Digər xəbərlər