Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 18-də Tehran şəhərinə işgüzar səfəri çərçivəsində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.
Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Məsud Pezeşkiana çatdırdı.
Görüşdə Azərbaycan-İran əlaqələrinin dostluq və mehriban qonşuluq prinsipləri əsasında inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan ilə İran arasında nəqliyyat, energetika və neft-qaz sahələrində həyata keçirilən layihələrin icrası ilə bağlı məsələlər nəzərdən keçirildi.
3-cü Xəzər İqtisadi Forumunun əhəmiyyəti vurğulanaraq Azərbaycanın Xəzər dənizinə sülh, dostluq və əməkdaşlıq dənizi kimi baxdığı bir daha diqqətə çatdırıldı.
Həmçinin regiondakı yeni reallıqlar nəzərə alınaraq aktual məsələlər müzakirə olundu.