Saytımızı qiymətləndirin


 
 

Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı məhkəmədə general ifadə verib
Tarix: 22-01-2025 | Saat: 17:49
Bölmə:Karusel / Kriminal | çapa göndər

Ceyhun Hüseynov

 

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Həziyev və hərbi hissənin Tibb Xidməti rəisi Aydın Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Qarabaginfo.az xəbər verir ki, yanvarın 22-də Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrliyi ilə keçirilən prosesdə şahid ifadələri dinlənilib.

Əlahiddə Ümumqoşun Ordu komandanının keçmiş müavini, general-mayor Rəhim Cəfərov məhkəmədə şahid kimi ifadə verib.

Qeyd edək ki, ötən məhkəmələrdə müdafiə tərəfi (vəkil Ələkbər Cəfərov tərəfindən) onun məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırıb və bununla bağlı vəsatət təmin edilmişdi.

Əlahiddə Ümumqoşun ordunun sabiq komandanı, general-polkovnik Kərəm Mustafayevin məhkəməyə çağırılması vəsatətini isə məhkəmə təmin etməyib.

Məhkəmə prosesində digər şahidlərin də ifadələri dinlənilib.

Məhkəmə fevralın 7-dək təxirə salınıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu ötən il iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.

Bir neçə gün sonra Günnüt yaşayış məntəqəsi istiqamətində onun nəşi aşkar edilib.

Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə məhkəmə-tibbi, kompleks məhkəmə-ballistik, daktiloskopik və trasoloji ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, şahidlər dindirilib, habelə, iş üzrə əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülərək təxirəsalınmaz zəruri istintaq hərəkətləri icra olunub.

Cinayət işi üzrə hərbi hissə komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub. İş üzrə onunla yanaşı, hərbi hissənin Tibb Xidməti rəisi Quliyev Aydın Yaşar oğlu da ittiham olunur.

Onlara Cinayət Məcəlləsinin 341.2.3-cü (vəzifə səlahiyyətlərini aşma-bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Ceyhun Hüseynov ADA Universitetinin məzunu olub.



Xəbəri paylaş

24 dəfə oxunub.

Digər xəbərlər