Tarix: 20-07-2022 | Saat: 19:22
Bölmə:Karusel / Gündəm | çapa göndər
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində növbəti Beynəlxalq Kiber Yay Məktəbinin açılış mərasimi olub.
Qarabaginfo.az-ın məlumatına görə, ənənəvi olaraq hər il keçirilən tədbirdə DTX-nin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Təhsil Nazirliyinin rəhbər əməkdaşları, respublikanın aparıcı ali təhsil müəssisələrinin rektorları, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) və digər aidiyyəti təşkilatların nümayəndələri, həmçinin layihə iştirakçısı olan yeniyetmə və gənclər iştirak ediblər.
Açılış mərasimində çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, DTX-nin və Təhsil Nazirliyinin rəhbər əməkdaşları, o cümlədən müvafiq xarici təsisatların nümayəndələri çıxışlar edərək sözügedən tədbirin iştirakçılar üçün əhəmiyyətindən, yay məktəbinin yeniyetmələrin kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, proqramlaşdırma, süni intellekt və s. sahələrdə dünyagörüşlərini artırmalarına geniş imkanlar açmasından, kibercinayətkarlığa qarşı mübarizə üçün gənclərin zəruri savad və vərdişlərə yiyələnmələrinin vacibliyindən bəhs ediblər.
Bu tədbirin digər bir əhəmiyyəti ondan ibarətdir ki, Beynəlxalq Kiber Yay Məktəbinə xarici ölkələrdən olan yeniyetmələrlə yanaşı qəhrəman şəhid övladları da cəlb olunub.
Yerli və xarici mütəxəssislər tərəfindən aparılan yay məktəbinin təşkilində məqsəd kibertəhlükəsizlik üzrə bilik, bacarıq və xüsusi həvəsə sahib yeniyetmələrin müəyyənləşdirilərək ölkə daxilində və xaricində bir araya gətirilməsinə, kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış mütəxəssis kimi yetişmələrinə dəstək verməkdir.
Belə təşəbbüslər bir daha göstərir ki, Azərbaycan dövləti şəhid övladlarına, onların arxada buraxıb getdiyi əzizlərinə sahib çıxır. Nəzərə almaq lazımdır ki, yeniyetmələrin öyrəndikləri bu sahə isə dövlət təhlükəsizliyində ən vacib sahələrdən biridir və hazırda ölkəmizdə və dünyada ən bahalı tədris növlərindən biridir. Məhz qanları, canları bahasına torpaqlarımızın işğaldan azad edilməsinə nail olan şəhidlərimizin övladlarının ən bacarıqlı mütəxəssis kimi yetişdirilməsi Azərbaycan dövlətinin əsas missiyalarından biridir. Belə ki, həmin gənclər bu gün atalarının döyüş meydanında yazdığı tarixi, gələcəkdə öz elmləri və bacarıqları ilə yaşadacaqlar. Bu gün əldə silah vətən torpaqlarını azad edən müzəffər Azərbaycan əsgərinin oğlu-qızı gedikcə dünyada ən təhlükəli problemlərdən biri olan kiber hücumların qarşısını almaq üçün hazırlanır.
Cənubi Qafqazın ən müzəffər ordusuna sahib Azərbaycan, öz Ali Baş Komandanının liderliyi altında kiberhücumları dəf etmək üçün də müdafiə arsenalını genişləndirir. Təbii ki, bunun üçkün ilk növbədə ixtisaslı kadrlar lazımdır ki, qeyd edilən Beynəlxalq Kiber Yay Məktəbi buna bariz nümunədir.
Bu Məktəbdə həm də xaricdən iştirakçıların olması xüsusi əhəmiyyət kəsb edir. Çünki onlar qəhrəman şəhidlərimizin övladları ilə təmasda olaraq onlarının atalarının yazdığı qəhrəmanlıq səlnaməsi ilə tanış olacaqlar.
Digər xəbərlər