Saytımızı qiymətləndirin


 
 

Latviya parlamentində əcaib qanun –Azərbaycanlılar bu ölkəyə icazə ilə girməlidir
Tarix: 22-01-2025 | Saat: 15:44
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Latviya

Azərbaycan vətəndaşları Latviyaya gedərkən səfərlərinin məqsədi ilə bağlı informasiya təqdim etməli və Latviya Dövlət Təhlükəsizlik Xidmətinin icazəsinin almalıdır.

Qarabaginfo.az bildirir ki, bununla bağlı Latviya parlamentinə təqdim olunmuş “Dövlət sərhədi haqqında” qanuna dəyişikliklər də qeyd edilib. Bu dəyişikliklərə əsasən, MDB ölkələrinin vətəndaşları Latviyanın sərhəd zonasına yalnız Latviya Dövlət Təhlükəsizliyi Xidmətinin razılığı ilə daxil ola biləcəklər. Qanun layihəsinin annotasiyasında Azərbaycanın da adı qeyd edilib.

MDB ölkələri vətəndaşlarının Latviyaya giriş şərtlərinin sərtləşdirilməsi ilə bağlı təkliflər baxılmaq üçün bu il yanvarın 16-da Seymin komissiyalarına təqdim edilib. Seymin Milli təhlükəsizlik üzrə komissiyasının rəhbəri Janis Dombrava qanun layihəsinin müzakirəsində vurğulayıb ki, MDB ölkələrinin vətəndaşları üzərində nəzarəti gücləndirmək lazımdır. Qeyd edib ki, həmin dövlətlərin vətəndaşları Latviyaya daxil olmazdan əvvəl özləri haqqında sorğu anketi doldurmalı, səfərin məqsədi, gözlənilən vaxt və qalma yeri, səfərin marşrutu barədə məlumat verməlidir.

“Latviya Seyminin Milli təhlükəsizlik üzrə komissiyasının Azərbaycan vətəndaşlarının da bu ölkəyə gedən zaman səfərlərinin məqsədi ilə bağlı informasiya təqdim edilməsini və Latviya Dövlət Təhlükəsizlik Xidmətinin icazəsinin alınmasını nəzərdə tutan qanunvericiliyə dəyişiklik təklifi qəbuledilməzdir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Apa-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.

Arzu Nağıyevin sözlərinə görə, Latviya Seyminin Milli təhlükəsizlik üzrə komissiyasının rəhbəri müzakirələr zamanı iddia edib ki, həmin dövlətlər Rusiya və Belarus vətəndaşları ilə bağlı heç bir yoxlama aparmır, buna görə də MDB ölkələrinin vətəndaşlarına nəzarəti gücləndirmək lazımdır.

Qanun layihəsinin annotasiyasında da qeyd olunur ki, MDB-yə daxil olan ölkələrin təhlükəsizlik, iqtisadiyyat və mədəniyyət sahəsində Rusiya ilə sıx əlaqələri var. Buna görə də onlar Rusiyanın xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb oluna, gələcəkdə bundan Latviyada təxribat kimi istifadə edilə bilər: “Düşünürəm ki, Azərbaycan vətəndaşlarının xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edilməsi ilə bağlı bu iddialar absurddur. Latviya parlamentində təklif olunan bu düzəlişlər də anlaşılmazdır. MDB məkanında hər bir dövlətin müstəqil vətəndaşları və vətəndaşların hüquqlarını qoruyan Konstitusiyası var”.

Komitə sədri qeyd edib ki, Azərbaycana da çoxsaylı Latviya vətəndaşı səfər edir: “Bu məntiqlə biz də eyni qaydada onları ittiham edə bilərik. Deyə bilərik ki, onlar da Avropa İttifaqına üzv dövlətlərin, yaxud Fransanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirlər və Azərbaycana konkret məqsədlə gəlirlər. Qanuna bu şəkildə düzəlişlər təqdim etmək düzgün deyil. Azərbaycan və Latviya arasında çox müsbət istiqamətdə əlaqələr var. Buna görə də Latviya Seymi və Seymin komissiyalarının rəhbərləri bu kimi məsələlərə daha ciddi yanaşmalıdırlar. Azərbaycan vətəndaşlarının Latviyaya səfərinə nəzarətin sərtləşdirilməsi üçün qanunvericiliyə təklif olunan düzəlişlər qəbuledilməzdir”.



Xəbəri paylaş

24 dəfə oxunub.

Digər xəbərlər