Tarix: 27-11-2024 | Saat: 13:54
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər
“Özünüməşğulluq proqramı çərçivəsində təqdim edilən hər bir aktiv vətəndaş tərəfindən şəxsən qəbul edilərkən videoçəkiliş aparılır və proqrama qəbul edilən həmin şəxsin elektron kabinetinə yerləşdirilir. Vətəndaşa həmin aktivlə bağlı bütün sertifikat və müvafiq yoxlama, qiymətləndirmə aktları təqdim olunur. Bu, önəmli bir məsələdir. Əgər bu kənd təsərrüfatı aktividirsə, deməli Qida Təhlükəsizliyi Agentliyinin, baytarlıq sertifikatları, yoxlama, sağlamlıq arayışları orda olur. Əgər bunlar avadanlıqdırsa, istehsal, mənşə, mənbə sertifikatları orda olur”.
Qarabaginfo.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, vətəndaş aktivi bu sertifikatlarla birlikdə şəxsən videoçəkilişlə qəbul edir, hər hansı etirazı olmadığını bildirir və təqdim olunan aktları imzalayır: “Bu videoçəkilişlərin hamısı nazirliyin elektron səhifəsində açıq şəkildə qoyulur. Sizə müraciət edən şəxslərin ad-soyadından və FİN nömrəsi ilə elə qəbul zamanı təqdimat prosesinə baxa bilərsiniz. Mən vətəndaş qəbullarında da belə edirəm. Vətəndaşın müraciəti zamanı əgər özünüməşğulluq aktivləri ilə bağlı iradı varsa, kompüterdə açıb baxırıq və vətəndaşla birgə analiz edirik. Əlavə olaraq, imzalanmış müqavilə çərçivəsində qeyd olunub ki, bir ay ərzində aktivlərin keyfiyyətində vətəndaşın günahı olmadan baş verən hər hansı pozuntuya görə də zəmanət verilir, 30 gün müddətində dəyişdirilir. Lakin vətəndaş 6 ay sonra gəlib deyəcəksə ki, verilən aktiv indi işləmir, əlbəttə ki, zəmanət müddəti keçdiyinə görə dəyişdirilmir”.
Qeyd edək ki, ötən gün parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara bəzi hallarda xəstə heyvanların verildiyini bildirib.
Digər xəbərlər