Saytımızı qiymətləndirin


 
 

Mahirdən yeni hekayə: Domino falı
Tarix: 08-12-2023 | Saat: 17:33
Bölmə:Karusel / Yazar | çapa göndər

Mahirdən yeni hekayə: Domino falı

 

Atam bir andaca bütün güvənimi yerlə bir etdi. Sən demə, o, uşaqlıqdan mifləşdirdiyim qədər güclü və qorxusuz deyilmiş. Sevgim azalmadı, əksinə sarsıldım, yazığım gəldi ona. Arxası üstə uzandığı yataqdan çox vaxt tavandakı məchul boşluğa zillədiyi baxışlarını mənə sarı çevirəndə gözlərində gördüyüm qorxu o qədər güclü idi ki, hava yolu ilə mənim da canıma keçdi, yayın daşı-torpağı tərlədən istisində bədənimi üşütmə tutdu. Yaxınlaşdığını hər gün bir az artıq hiss elətdirən ölümün xofu atamın bütün vücudunu sarıb, dərisi sozalmış üzünü çaşqınlıq qarışıq vahimə bürüyüb. Ətrafındakı ən əzizlərinə - anama, mənə, qardaşlarıma, yeznəmizə, gəlinlərimizə, bacıma, hətta bacımın hələ bu il birinci sinfə gedəcək oğluna imdad diləyirmiş kimi baxır. Elə bil gözləyir hansımızsa yaxınlaşıb əlindən tutaq, onun taleyinin axarını dəyişək, ölümün cəngindən alaq.
Bu baxışlarla tez-tez qarşılaşmaq asan deyil. İmkan düşdükcə uzaqlaşmağa çalışıram. Bundan sonra yanında daha az oturmaq, özümü açıq havaya, həyətdəki divanın üstünə yetirmək üçün çoxlu bəhanələrə ehtiyacım olacaq. Bəhanə də nə qədər istəsən: işdən yazıblar, onu cavablandırmalıyam, xəbərləri izləməliyəm, nə bilim, kimisə qarşılamaq, gedəni yola salmaq lazımdır, nəsə başım ağrıyır... Ya da bircə oyun domino oynayım, gəlirəm...
Əslində, mən atamın qorxularına şahidlik etməkdən qaçıram! Özü də hər şeyi başa düşür, uşaq deyil. Ancaq heç nə olmamış kimi, təmkinlə tavandakı məchul boşluqda sanki itirdiyi nəyisə axtarmağa davam edir. Bax bu səbir, bu təmkin heyranedicidir. Halbuki xəstəliyi ağırlaşmamış, yəni bir neçə ay əvvələ qədər elə bil canlı barıt çəlləyi idi. Şəkər zəhrimar lap əsəbi etmişdi son vaxtlar. Vay o günə sözünün üstünə söz deyən, bir dediyini iki edən ola! Yemək süfrəyə bir az gec gəldisə, qardaşım heç kimə demədən harasa getdisə, hansısa ödəniş vaxtında edilmədisə yəqin özündən asılı olmayaraq bomba kimi partlayırdı. Özü də bütün əsəbini, qəzəbini ailə qurduqları əlli ildə sevgisi bir zərrə də azalmamış anamın üstünə tökürdü. Ancaq qəfil əsəbləşdiyi kimi, tez də sakitləşib peşman olurdu. Ürəyinin təmiz və yumşaq olduğunu yaxşı bildiyimiz üçün hamımız onu başa düşməyə çalışırdıq. Təkcə anam hərdən dözə bilmir, kövrəlib ağlayırdı. Elə onun ağlamağı da sevgidən idi, atamın yersiz qəzəbinə yenik düşüb üstünə qışqırması xətrinə dəyirdi.
İndi bu səbri ya dayana bilsin deyə Allah verib, ya da öz ümidsizliyindən yaranıb. Günlərlə, aylarla arxası üstə uzanıb, dözülməz ağrılar içində çox qorxduğun ölümü gözləmək heç kimə asan gəlməsin...
Tez-tez yanından uzaqlaşmaqla atama qarşı düz etmədyimi bilirəm. Onun yerinə yataqda mən yatmış olsam bir dəqiqə də yanımdan ayrılmaz, ağrılarımı azaltmaq üçün mütləq nəsə edər. O bizi həmişə fədakarcasına sevib, bütün ömrü boyu çalışıb-çabalayıb ki, yaxşı yaşayaq. Qoçaq kişidir mənim atam, hər zəhmətə qatlaşıb, hər əziyyətimizə dözüb. Doğrudur, mən də pis övlad olmamışam valideynlərimə. Yaxşı oxumuşam, orta məktəbdə savadıma, tərbiyəmə görə barmaqla göstərilən şagirdlərdən olmuşam. Sonra da ali məktəbə girdim, ürəkləri açıldı. İş-güc sahibi oldum. Bilirdim ki, mənimlə fəxr edirlər.
Çoxbilmiş suallarımla bezdirməyimi, cəmi bir-iki yaddaqalan nadicliyimi saymasaq heç uşaq vaxtı da çox incitməmişəm onları. Atam hərdən xatırlayır ki, ona çətin suallar verirmişəm. Məsələn, soruşurmuşam niyə suların hamısı bir istiqamətdə axır, heç tərsinə axanı yoxdur? Suala bax də. Guya, özüm indi, bu yaşımda bilirəm bunun səbəbini? Hər halda, suların hamısının həmişə bir səmtə axması ədalətli deyil.
Gecələr növbəylə yanında qalırıq. Narkotik tərkibli ağrıkəsicilərin təsiri keçənə kimi yatır bir az. Təxminən saat ikiyə-üçə qədər. Mən də elə o vaxtlara qədər telefonla oynayıram. Kimsə də “niyə yatmırsan” deyə bilmir, “post”dayam axı. Tərslikdən telefonun ekranındakı görüntülər bulanmağa, göz qapaqlarım yumulmağa başlayanda atam oyanır. İnsafən, çalışır bizi incitməsin. Su istəyir hərdən, bir də özünü çox narahat hiss edəndə təzyiqini, şəkərini ölçürük. Daha dəqiqi, valideynlərimlə yaşayan balaca qardaşım ölçür. Tibbi təhsili olmasa da atamın, anamın üzərində həkimliyi əməlli-başlı öyrənib. Mən də əvvəllər təzyiq ölçürdüm, ancaq başıma gələn bir hadisədən sonra qorxdum, tövbə etdim.
Yataqxanın yarımzirzəmisində ikiotaqlı “ev” alanda kirayədən canım qurtardı deyə sevinmişdim. O vaxtlar yataqxana otağına sahib olmaq məcburi köçkünlərin çoxunun arzusuydu. Qonşuda Rafiq adında arıq, çəlimsiz kişi yaşayırdı. Deyirlər ey, üfürsən yıxılar, bax ondan. Metronun “28 May” stansiyası tərəfdə pinəçi işləyirdi. Kasıbçılıqla dolanırdılar, ayaqqabı təmirindən nə pul qazanmaq olar axı. Qazanc cəhənnəmə, bir dəfə “iş yerinin” yaxınlığında siyasi tələblərlə keçirilən nümayişin qarışıqlığında bunu da basıb döymüşdülər. Mən eşidəndə Rafiqi müxalifətçi ilə səhv salıb dubinkalayan polisin zəkasına heyrət etmişdim. Onun yazıqlıq yağan üzünə baxan kimi bilmək olardı ki, bu insan elə anadan olandan taleyi ilə barışıb və heç nəyə etiraz etmək kimi bir iddiası heç zaman olmayıb.
Bir az da qəribə, mühafizəkar milli adətlərimizə sığmayan ailə idi Rafiqin ailəsi. Özü də, arvadı da əvvəllər evli olub ayrılmışdılar. Ancaq bir də görürdün düşüblər əl-ayağa, şıdırğı hazırlıq gedir. Nədi, nədi, Rafiqin əvvəlki arvadı təzə əri ilə bunlara qonaq gəlir. Ya da arvadın əvvəlki əri sonrakı arvadıyla. Türk qardaşlarımızın deyimiylə, bax belə geniş məzhəbli ailə idi...
Qərəz, bir axşam işdən yorğun-arğın evə gəlib elə təzəcə yeməyə başlamışdım ki, qapı döyüldü, həmin bu qonşularımız tam heyətlə girdilər içəri. Rafiqin əksinə arvadı normadan xeyli artıq kök, daha dəqiqi yupyumru idi. Adama elə gəlirdi hündür bir yerdən yuvarlasan, son nöqtəyə gedib çatana qədər qarşısını heç nə ilə almaq olmaz. Qızı da elə bil anasının sürətçıxarma aparatından keçirilmiş, ölçüləri bir az kiçildilmiş nüsxəsi. Nə isə, qonşular boysırası içəri girəndən sonra arvad ədəb-ərkanla üzrxahlıq edib dedi ki, bəs bağışlayın, narahat edirik, eşitmişik müəllim - məni nəzərdə tuturdu – qan təzyiqini ölçə bilir. Rafiq özün yaxşı hiss etmir, xahiş edirik onun təzyiqini ölçəsiniz. Girəvələyib bu xəbərin evimizdəki mənbəyinə yüngülvari göz ağartsam da, neyləmək olardı, qonşularım ali savadıma güvənib, ümid yeri bilib qapımı döymüşdü. Məcbur aparatı gətizdirdim ki, Rafiqin dərdinə bir əlac edim. Bir cəhd, iki cəhd, üç cəhd. Şeytana lənət, cihaz normal işləyir, ancaq nə məsələdirsə təzyiqi tuta bilmirəm. Əslində, üçüncü cəhd verəcəyim qərarı dəqiqləşdirənə qədər vaxt qazanmaq üçün lazım idi. Təmkinlə, qırx ilin həkimi kimi əvvəlcə təzyiqölçəni yığıb qoydum qabına. Sonra da sakitləşdirici səslə dedim ki, narahat olmayın, bir az yuxarıdı, amma elə qorxulu bir şey yoxdur, uşağı göndərin bir-iki limon alıb gətirsin, suyunu sıxıb içsin, keçəcək. Niyə belə qərar vermişdim? Məntiq elminin imkanlarından yararlanaraq. Fikirləşdim bu kişi kasıb adamdır, həyətdəki mağazaların hamısına borcu var. Borclu insan da çox fikir edir. Bu qədər borca-xərcə, fikrə təzyiq dözməz. Yəni cihaz göstərməsə də məntiqlə Rafiqin təzyiqi yuxarı olmalıdır. Əlli min dəfə “çox sağ ol” deyib, alqış edə-edə çıxıb getdilər. Üstündən heç yarım saat keçməmişdi binanın qarşısında qara-şivən arvadlar kimi çığıra-çığıra bir təcili yardım maşını dayandı. Tezliklə məlum oldu ki, həkim briqadası Rafiqin hayına gəlib. Demə, yazığın təzyiqi ölçü aparatının göstərməkdən imtina etdiyi qədər düşübmüş. Mənim limon suyu məsləhətimdən sonra da təcili yardımlıq olub. O, bu, təzyiq ölçməyə tövbə eləmişəm...
O gün atam yenə özünü narahat hiss edəndə bu əhvalatı bir az bəzəyib, içinə duz-istiot qatıb danışdım. Dedim, istəyirsən bu dəfə də mən ölçüm təzyiqini. Güldü, qayıtdı ki, yox, bala, Rafiq kimi daha çox ehtiyacı olana saxla.
Gecə atamın yanında qalmaq mənə daha rahatdı. Çünki qorxu dolu baxışları qaranlıqda əriyib yoxa çıxır. Əvəzində övlad sevgisindən, bir az da ağrı və onun fikrincə, əziyyət verməyin iztirabından daha da həlimləşmiş, kövrəlmiş səsini dinləmək ana laylası kimi şirin gəlir. Yuxu gətirəcək qədər. Hər halda, sabahı dirigözlü açırıq desək, atama qarşı haqsızlıq olar, imkan düşdükcə yatırıq.
- Yox, yoxxx! İstəmirəm! Qoymayın, məni aparırlar!
Bu ilk deyil, iki gün əvvəl də bir dəfə belə qışqırmışdı yuxuda. Ancaq onda gecə deyildi. Axşamüstü huşa keçmişdi. Onun yatmasını fürsət bilib hərə bir işlə məşğul idi. Mənsə qapının ağzında həmişəki kimi siqaretimi tüsdülədirdim. Tez içəri yüyürdüm. Əllərindən tutub əmin olmağa çalışdım ki, indicə haraya səsləyən atam idi. İndi də eyni şey!
Qorxmuram, ancaq qəribə bir üşərti keçir canımdan. Ya da yox, etiraf edirəm ki, qorxmuşam. Özü də əməlli-başlı. Atam yalan danışmaz! Heç kimi görməyəcəyimi bilsəm də qaranlıqda sağa-sola boylanıram. Yəqin ona görə qeyri-ixtiyari hara deyil, kimin apardığını soruşuram.
- Kim aparır, hara aparır?
- Bilmirəm, tanımadığım iki nəfər qolumdan tutub sürüyür!
Tanımadığını desə də, atam onu aparmaq istəyənləri çoxdandır ki, görür, bizə demir. Qorxum keçdikcə təxmin edirəm onların haradan gəldiyini. O, neçə vaxtdır arxası üstə uzanıb baxışlarını evin tavanındakı məchul boşluğa əbəs yerə dikmirmiş...
Yenə bir bəhanəylə həyətdə, şüşəbəndlə əhatələnmiş geniş artırmadakı divanın üstündə oturmuşam. Tək qalmağa ehtiyacım var. Fikirli-fikirli domino daşlarını stolun üstünə töküb qarışdırmağa başlayıram. Ağ və qara rənglərin kontrastından yaradılmış bu daşlar əllərimin altında eynilə mənim son günlərki gecə və gündüzlərim kimi qarışır. Stolüstü oyunların hamısında iddialıyam. Dost-tanışlar, qohumlar güclü oyunçu kimi tanıyırlar məni. İstər ikinəfərlik, istər dördnəfərlik oyunda. Ancaq indi təkəm, domino isə tək qalanların bir işinə yarayır – fala baxmaq. Düzü, fala inanmasam da hərdən vaxt öldürmək üçün oynamışam bu oyunu, ancaq heç vaxt uda bilməmişəm. Bəlkə heç bu ağ-qara daşları sevənlərin çoxu domino falının nə olduğunu bilmir. Əvvəlcə daşları qarışdırırsan. Sonra bir-bir çevirib eyni rəqəmlər çıxanda ard-arda, fərqli çıxanda sıra ilə düzürsən. Əgər üç dəfəyə əlli bir xal yığa bilsən, demək, ürəyində tutduğun niyyətin həyata keçəcək. Belə. Həm fal, həm oyun.
Atamı hələ xəstələnməmiş tez-tez təkbaşına oturub domino falı oynayan görmüşəm. Bir-iki dəfə nə niyyət tutduğunu soruşdum, cavab vermədi. İndi günah, ya savab, mən də daşları qarışdırmağa başlayıram. Necə deyərlər, fala inanma, falsız da qalma. Bu, bir az da boğulanın saman çöpündən yapışması kimi bir şeydir. Nə istəyirəm? Ürəyimdə bir arzu sızıldayır: atamın ağrıları bitsin, gözlərindəki müdhiş qorxu silinsin...
Dominonun arxası ağ, üzündəki rəqəmləri bildirən “xal”ları qara rəngdədir. Qarışdırdığım daşları çevirməyə başlayıram. Birinci, ikinci, üçüncü, dördüncü, iyirmi səkkizinci... Stolun üstündəki ağ rəng sərgisi yerini qaraya verir. İlk dəfəsində iyirmi bir xal. Normadan dörd xal artıqdır! İkinci cəhd... Yenə iyirmi bir xal. Deyəsən, ilk dəfədir domino falında əlli bir xal yığa biləcəm. İlk dəfədir falım doğru çıxacaq...
 


Xəbəri paylaş

11 361 dəfə oxunub.

Digər xəbərlər
13-09-2024, 14:13 Eşşəklərimiz AZALIB