Tarix: 26-11-2024 | Saat: 17:16
Bölmə:Karusel / Region | çapa göndər
Dünyanın ən nüfuzlu nəşrlərindən biri olan “TIME” jurnalında Azərbaycan haqqında məqalə yayımlanıb.
Qarabaginfo.az xəbər verir ki, “Azərbaycan – Dinamik Transformasiya” adlı məqalədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, korporativ maliyyə institutu “PAŞA BANK”ın baş icraçı direktoru Cavid Quliyev və ölkənin aparıcı İKT şirkəti “Azerconnect Group”un baş direktoru Emil Məsimovun fikirləri yer alıb.
Məqalədə qeyd olunub ki, Xəzər dənizi ətrafında yerləşən karbohidrogenlə zəngin ölkələr üçün önəmli enerji mərkəzi rolunu oynayan Azərbaycan hazırda bərpa olunan enerji üzrə regional mərkəzə çevrilmək istiqamətində önəmli addımlar atır. Bildirilib ki, Xəzər dənizi vasitəsilə Qazaxıstan və Özbəkistanın elektrik şəbəkəsinə qoşulmaqla, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstandan keçəcək “Mərkəzi Asiya – Avropa” yaşıl enerji dəhlizinin yaradılması üzrə danışıqlar aparılır.
Məqalədə Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsinə geniş yer ayrılıb. Bildirilib ki, Gürcüstan, Türkiyə, Qazaxıstan, Türkmənistan ərazilərindən də keçəcək layihə Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsinə töhfə verəcək. Qeyd edək ki, strateji əhəmiyyətə malik bu rəqəmsal dəhliz regionda iqtisadi inkişafa və əməkdaşlığı təkan verəcək, həmçinin rabitənin genişlənməsini stimullaşdıracaq.
Nəşr, həmçinin bərpa olunan enerji sahəsində Azərbaycanda həyata keçirilən layihələrə diqqət çəkib. Qeyd edilib ki, BƏƏ və Səudiyyə Ərəbistanından olan şirkətlərin iştirakı ilə birgə hazırda ölkədə günəş və külək stansiyaları qurulur. Bundan əlavə, kiçik və orta sahibkarıq, telekommunikasiya, bank sektorunun inkişafı, rəqəmsallaşma sahələrində ölkədə görülən işlər barədə məlumat verilib.
“TIME” jurnalında dərc olunan məqalə ilə bu linkə keçid etməklə tanış olmaq olar.
Digər xəbərlər