Saytımızı qiymətləndirin


 
 

YAP ilə Çin Kommunist Partiyası arasında memorandum imzalanıb
Tarix: 13-11-2024 | Saat: 19:22
Bölmə:Karusel / Siyasət | çapa göndər

YAP ilə Çin Kommunist Partiyası arasında memorandum imzalanıb

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə Çin Xalq Respublikasında səfərdədir.

YAP-dan Qarabaginfo.az-a verilən məlumata görə, səfər çərçivəsində noyabrın 13-də YAP nümayəndə heyəti ilə ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao arasında görüş keçirilib.

Lyu Cyançao Azərbaycan-Çin münasibətlərinin yüksələn xətt üzrə inkişafının təqdirəlayiq olduğunu vurğulayıb. Çinin Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Çinin Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüslərini təqdir etdiyini söyləyən Lyu Cyançao ölkəmizin qlobal iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizədə əhəmiyyətli rolunu və dəyərli töhfələrini xüsusi vurğulayıb. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb və ölkəsinin də bu tədbirdə geniş nümayəndə heyəti ilə yüksək səviyyədə təmsil olunduğunu ifadə edib.

Qarşılıqlı səfərlərin səmərəli fikir və təcrübə mübadiləsi baxımından önəminə diqqəti cəlb edən L.Cyançao dövlətlər və partiyalar arasında hər bir təmasın əməkdaşlığın genişlənməsinə xidmət etdiyini vurğulayıb. O, Çin Kommunist Partiyasının geniş beynəlxalq əlaqələrə malik olduğunu və Yeni Azərbaycan Partiyası ilə münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Çin münasibətlərinin hər iki ölkənin liderlərinin siyasi iradəsi sayəsində dinamik inkişafa malik olduğunu və mühüm perspektivlər vəd etdiyini söyləyib.

O, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulunun tarixi əhəmiyyətə malik olduğunu vurğulayaraq hazırda müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb.

Azərbaycan-Çin münasibətlərinin inkişafında iki ölkənin hakim partiyalarının əməkdaşlıq əlaqələrinin rolundan bəhs edən Tahir Budaqov qeyd edib ki, iki ölkə arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamədə əksini tapan başlıca məsələlərdən biri də partiyalararası əlaqələrin gücləndirilməsidir. O bildirib ki, qarşılıqlı səfərlər partiyalararası münasibətlərin bütün istiqamətlərdə inkişafına təkan verir. Son illərdə hakim partiyalar arasında təmasların artması və dialoqun güclənməsinin önəmini qeyd edən YAP Sədrinin müavini “Sizin də qeyd etdiyiniz kimi, ötən il YAP nümayəndə heyətinin Çinə səfəri çərçivəsində istər Azərbaycan-Çin münasibətləri, istərsə də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında çoxşaxəli əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparıldı. Həmin səfər ikitərəfli əlaqələrin inkişafında mühüm bir amil kimi xüsusi əhəmiyyətə malikdir. Bu işbirliyinin davamı kimi bu gün Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq memorandumunun imzalanması isə əlamətdar hadisə kimi müstəsna önəm daşıyır. Memorandum qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın siyasi və hüquqi əsaslarını möhkəmləndirməklə partiyalar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin edəcək. Əminik ki, birlikdə görəcəyimiz işlər həm partiyalar, həm də ölkələrarası əlaqələrin inkişafına təkan verəcək”,- deyə bildirib.

Sonra Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi olub. Memorandumu YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao imzalayıblar.

Qeyd edək ki, YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinə partiyanın İdarə Heyətinin üzvləri, millət vəkilləri Hikmət Məmmədov, Pərvin Kərimzadə, Elnarə Akimova, Ülviyyə Həmzəyeva, Azər Badamov, YAP Təftiş Komissiyasının sədri, millət vəkili Sevinc Hüseynova, Təftiş Komissiyasının üzvləri, millət vəkilləri Elman Nəsirov, Vüqar İskəndərov, Naqif Həmzəyev, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, YAP Gənclər Birliyinin üzvü, millət vəkili Səbinə Xasayeva, partiyanın Mərkəzi Aparatının şöbə müdirləri və yerli təşkilat sədrləri daxildir.

 



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər