Saytımızı qiymətləndirin


 
 

Deputat: Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı qərəz və hikkədən irəli gəlir
Tarix: 25-10-2024 | Saat: 10:31
Bölmə:Karusel / Siyasət | çapa göndər

Müşfiq Cəfərov

“Avropa Parlamentinin oktyabrın 24-də qəbul etdiyi “Azərbaycanda vəziyyət, insan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər” adlı qətnaməsi Azərbaycana qarşı növbəti haqsızlıqdır”.

Qarabaginfo.az xəbər verir ki, bunu Apa-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

Deputat deyib ki, Avropa Parlamentinin bu siyasəti təkcə Azərbaycanla kifayətlənmir: "Avropa Parlamenti xüsusilə İslam və türk dövlətlərini bu tip qətnamələrlə hədəf alır. Amma soyqırımına məruz qalan, erməni işğalı nəticəsində öz ərazisinin 20%-ə qədərini itirən, bir milyondan çox qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycana 30 ildə heç bir ciddi maliyyə yardımı ayrılmadı, onun haqq səsinə BMT xaric heç bir beynəlxalq təşkilat, eləcə də Avropa Parlamenti səs vermədi. İşğalçı, təcavüzkar Ermənistana isə həm dünən, həm də bu gün ciddi maliyyə və hərbi yardımlar göstərilir, onunla siyasi-mənəvi həmrəylik nümayiş olunur. Bu faktın özü Avropa Parlamentinin, Qərb dövlətlərinin ikili standartlarından, ədalətsiz yanaşmasından xəbər verir.

Qeyd etdiyim kimi, Avropa Parlamentinin bu qətnamələri dövlətimizi hədəf almaqla kifayətlənmir, hansısa dövləti öz maraqlarına cavab verən siyasətə razı sala bilmədikdə, bu yollara əl atılır".

Müşfiq Cəfərov qeyd edib ki, Avropa Parlamentində Gürcüstanla bağlı da 3 oxşar qətnamə qəbul edilib: "Bununla bağlı Gürcüstan Baş naziri dəfələrlə danışıb. Biz zaman-zaman Avropa Parlamentinin qardaş Türkiyə ilə bağlı da qərəzli münasibətinə şahid olmuşuq. Bu, hər şeydən öncə Qərbin qlobal siyasətdə qərəzli, ədalətsiz münasibətindən xəbər verir. Buna bir çox nümunələr göstərə bilərik.

Avropa Parlamentinin Azərbaycanla bağlı məlum qətnaməsi göstərir ki, Qərbdə ölkəmizin uğurlarını həzm edə bilməyən kifayət qədər qüvvə var və onlar bu yolla ölkəmizə süni maneələr yaratmağa çalışırlar. Bu baxımdan, Avropa Parlamentinin sözügedən qətnaməsinin qərəz və hikkədən irəli gəldiyi birmənalıdır.

Lakin Avropa Parlamenti bilməlidir ki, 30 il ərzində Ermənistan və onun havadarlarının işğal siyasəti ilə barışmayan, sonda öz sözünü qətiyyətlə deyən, ərazi bütövlüyünü, suverenliyini bərpa edən Azərbaycanı bu cür əsassız, pafoslu qətnamələrlə qorxutmaq, onu geri çəkilməyə vadar etmək mümkün deyil. Heç bir sanksiya Azərbaycanı öz mili maraqlarını qorumaqdan, öz ərazi bütövlüyünün, suverenliyinin keşiyində dayanmaqdan geri addım atmağa vadar edə bilməz. Heç bir təhdid dövlətimizi öz haqlı mübarizəsindən döndərə bilməyəcək".



Xəbəri paylaş

23 dəfə oxunub.

Digər xəbərlər