Saytımızı qiymətləndirin


 
 

50 il ərzində vəhşi heyvanların sayı 73 faiz azalıb- HESABAT
Tarix: 11-10-2024 | Saat: 14:30
Bölmə:Karusel / Dünya | çapa göndər

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) tərtib etdiyi “Living Planet – 2024” hesabatına görə, cəmi 50 il ərzində (1970-2020-ci illər) monitorinq edilən vəhşi təbiət populyasiyalarının təxmini sayı fəlakətli miqyasda – 73 faiz azalıb.

Hesabatda planetimizin müəyyən ərazilərinin bəşəriyyət üçün ciddi təhlükə yaradan təbiət fondunun itirilməsi və iqlim dəyişikliyi səbəbindən təhlükəli uçuruma yaxınlaşdığı bildirilir.

London Zooloji Cəmiyyəti (ZSL) tərəfindən tərtib edilən “Living Planet” indeksi 1970-2020-ci illər arasında 5495 onurğalı heyvan növünün təxminən 35.000 populyasiyasının vəziyyətini izləyir. Ən kəskin azalmalar şirin sularda (85 faiz), sonra quruda (69 faiz) və dənizdə (56 faiz) yaşayan heyvanlarda müşahidə olunub.

Yaşayış yerlərinin itirilməsi və deqradasiyası, ilk növbədə, qlobal qida sisteminin yaratdığı həddən artıq məhsul yığımı bütün dünyada vəhşi təbiət populyasiyaları üçün əsas təhdidlər sırasında yer alır. Bunun ardından invaziv növlər, xəstəliklər və iqlim dəyişikliyi gəlir.

Heyvan hüquqları müdafiəçiləri qeyd edirlər ki, vəhşi təbiət populyasiyalarının əhəmiyyətli dərəcədə azalması ətraf mühitin vəziyyətinə və dayanıqlığına mənfi təsir göstərir, habelə təbiəti fəlakətli uçurum nöqtələrinə – əhəmiyyətli və potensial olaraq geri dönməz dəyişikliklərə səbəb olacaq kritik hədlərə yaxınlaşdırır. Şimali Amerikada şam ağacı meşələrinin qırılması, Amazon tropik meşə massivinin əksər hissəsinin yox olması və mərcan riflərinin kütləvi şəkildə məhv edilməsi kimi regional uçurum nöqtələri qida təhlükəsizliyinə, dolanışıq vasitələrinə və iqtisadiyyata təsir edərək, bilavasitə regiondan çox-çox kənar yerlərdə də ciddi fəsadlar törədə bilər.

Ekspertlərin fikrincə, bu il keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya liderlərinə iqlim çağırışlarının öhdəsindən gəlmək imkanı verəcək. WWF ölkələri qida və enerjinin qlobal istehlakını ədalətli şəkildə azaltmaqla, həm də biomüxtəlifliyin itkisini dayandırmaq və hava emissiyalarını minimuma endirmək üçün iddialı milli təbiət və iqlim planlarını hazırlamağa və həyata keçirməyə çağırır. Fond, həmçinin dövlət və özəl sektor liderlərini təbiəti mühafizə sahəsinə investisiyaları artırmağa, iqlim, ətraf mühit və davamlı inkişafla bağlı siyasətlərini daha yaxşı uyğunlaşdırmağa dəvət edir. Hökumətlər və biznes qurumları biomüxtəlifliyə və iqlimə mənfi təsir göstərən fəaliyyətləri aradan qaldırmaq üçün çevik hərəkət etməli və maliyyə vəsaitini qlobal davamlı inkişaf məqsədləri üzrə fəaliyyətlərə yönəltməlidir(azərtac).



Xəbəri paylaş

72 dəfə oxunub.

Digər xəbərlər