Saytımızı qiymətləndirin


 
 

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə işin ibtidai istintaqa qaytarılması istənilib
Tarix: 07-10-2024 | Saat: 13:36
Bölmə:Karusel / Kriminal | çapa göndər

Perinatal Mərkəzdə 7 körpənin öldüyü yanğınla bağlı məhkəmədə işin ibtidai istintaqa qaytarılması istənilib

“Respublika Perinatal Mərkəzi” PHŞ-də 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Qarabaginfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə öncə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra tərəflərin vəsatətləri dinlənilib.

Zərərçəkən tərəfin vəkili Adəm Məmmədov sənədlərlə, iş materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib: “Bu, son dərəcə ağır işdir. Mən 4 oktyabrda müqavilə bağlamışam. İşlə tanış olmamışam. Materiallar olduqca çoxdur. Məhkəmədən işlə tanış olmağım üçün vaxt istəyirəm”.

Dövlət ittihamçısı Orxan Səmədov bu vəsastətin təmin olunmaması üçün məhkəməyə müraciət edib. Məhkəmə yerində müşavirə edərək vəsatəti təmin etməyib.

Adəm Məmmədov işin ibtidai istintaqa geri qaytarılması barədə də vəsatət verib. Müdafiə tərəfinin vəkilləri də onunla həmfikir olublar.

Prokuror bu vəsastətin baxılmamış saxlanmasını istəyib.

Vəkil Muxtar Mustafayev eyni vəsatətlə çıxış edərək bildirib ki, zərərçəkən tərəflə razıdır: “Cinayət işinə xitam verilməlidir. İş ibtidai istintaqa qaytarılmalıdır. Yenidən araşdırılmalıdır”.

Müdafiə tərəfinin vəkili vəsatətlə çıxış edərək qeyd edib ki, cinayət işində zərərçəkən şəxs kimi tanınan Aynurə Əhmədova, Elçin Nəcəfov, Vaqif Hacıyev, Gülbahar Zülfüqarovanın yüngül xəsarət aldıqları qeyd olunub: “Bu hal nəinki cinayət, heç inzibati məsuliyyət daşımır. Onlar zərərçəkən kimi tanınmamalıdır”.

Qeyd olunan zərərçəkənlərdən ikisi bu işdə zərərçəkən şəxs kimi tanınmaqdan imtina edib, 2 şəxs isə qərarı məhkəmənin mülahizəsinə buraxıb.

Prokuror məhkəmədən vəsatətin təmin olunmamasını istəyib.

Təqsirləndirilən Elnur Əhmədlinin vəkili Fərid Həsənov vəsatətlə çıxış edərək bildirib ki, müdafiə etdiyi şəxsin imzası saxtalaşdırılıb: “Müdafiə etdiyim şəxs təqsirləndirilən şəxs kimi ifadə üçün yanvarda bir dəfə çağırılıb. Ondan sonra may ayında mənimlə gedib. Orada onun imzası saxtalaşdırılıb. Bu, açıq-aydındır. O, ifadəsində “özümü təqsirli bilirəm” deyib. Bu cümlə ayrıca sənəd kimi imzalı təqdim olunub. Həmin sənəd sübutlar siyahısından çıxarılmalıdır”.

Dövlət ittihamçısı məhkəmədən vəsatətin baxılmamış saxlanmasını istəyib.

Mehariban Abasquliyevanın qardaşı, məhkəmədə onun nümayəndəsi kimi çıxış edən hüquqşünas Çingiz Bəşirov məhkəmədən təqsirləndirilən şəxs barəsində çıxarılan qərarın dəyişdirilməsini xahiş edib.

Prokuror bu vəsatətin də təmin olunmamasını istəyib.

Daha sonra məhkəmə müşavirəyə gedib. Məhkəmə vəsatətlərin təmin olunmaması barədə qərar çıxarıb.

Məhkəmənin baxış iclası oktyabrın 21-nə təyin olunub.

Qeyd edək ki, bu il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında yanğın baş verib.
Yanğınla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci il tarixdə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Xatırladaq ki, cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.



Xəbəri paylaş

70 dəfə oxunub.

Digər xəbərlər